Qonaq Kitabı
Ta xəyali-arizin gəldi gözümə xab tək

 

Ta xəyali-arizin gəldi gözümə xab tək,

Gecələr hər dəm gözümə görünür məhtab tək.

 

İxtiyar ilən mənim düşməz bu canım eşqinə,

Neyləyim, çəkdi xəyali-zülfiniz qüllab tək.

 

Gər namazım fövt ola, zahid, mana tən etmə kim,

Yar qaşıdır mana məsciddəki mehrab tək.

 

Ol zamandan bərlü kim, çeşmim yüzüni görmədi,

Yaş gözümdən cari oldu dəmbədəm seylab tək.

 

Yarə gər aləm nəzər qılsa, Xətayi, qəm yemə,

Baxmaq olmaz yüzinə xurşidi-aləmtab tək.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info