Qonaq Kitabı
ƏZİZ VƏ MÖHTƏRƏM YOLDAŞ CAHANGİR ZEYNALOV

 

(“Əziz və möhtərəm yoldaş Cahangir Zeynalov” adlı məktub “Bürühani-tərəqqi” (Həştərxan) qəzetinin 1910-cu il 10 dekabr tarixli 125-ci nömrəsinin 3-cü səhifəsində “Nəriman” təxəllüsü ilə dərc edilmişdir). 

 

Sizin 25 illik yubileyinizə dair dəvətnamə bilməm nə səbəbə mənə gec çatmış. Vaxtında çatmış olsa da, nə edə bilərdim? Aramızda böyük dərya, Qafqaz dağları və ixtiyarsızlıq... Fəqət bu gündə istərdim sizi təbrik edənlərdən olub öz hissiyyatımı söyləyəydim. Bir yerdə bir səhnənin üstə keçən günləri yada salıb, heç olmazsa, beş dəqiqə, on dəqiqə, bir saat ikimizə məlum səhnəni gəzəydik. Həmin səhnənin hər bir küncü, hər bir divarı, balaca-balaca taxtadan bölünmüş otaqları bizi nə bir gözəl halətə gətirərdi!

25 il bündan müqəddəm halımızı nəzərə gətirib fikrimizlə bu uzun məşəqqətli, tikan ilə səpilmiş yolu seyr etmək ruhumuzun təzələnməyinə, əqlimizin qüvvətlənməyinə, hissiyyatımızın tərənnümə gəlməyinə səbəb olardı desəm, səhv etməmişəm. Böyləmi? Ah, nə gözəl vaxtlar! Nə ali, müqəddəs fikirlər, məqsədlər! Belə bir halətdə olmaq mənim üçün mümkün olmadı. Fəqət fikrim haman səhnədə seyr edirkən sizi "Hacı Qara" rolunda nəzərimə gətirdim. Ah... Nə gözəl mənzərə! Teatr dolu. Siz "Hacı Qara" rolunda səhnənin üstə, camaat əl vurur, afərin söyləyir. Siz isə məğrurluq ilə camaata baxıb öz Özünüzə deyirsiniz: "Haman bu rolda 25 il bundan müqəddəm mənə "oyunbaz" deyirdilər. Mənə həqir nəzərlərlə baxardılar. İndi isə afərin deyirlər, təbrik edirlər..."

Əziz, möhtərəm yoldaş! 25 il milli teatra qulluq etmək böyük xidmətdir. Ələlxüsus sizin xidmətiniz. Çünki siz artist namini qəbul edən vaxt bakılılar artistə "oyunbaz" deyib həqir nəzərlərlə baxırdılar. "Gəlmələr" milli teatırın tərəqqisinə çalışarkən, Bakı cavanlarını özlərinə yoldaş etmək, onları (cavanları), belə bir gözəl işdən məhrum edirdi. Siz isə teatrın xalqa nəfşini anlayıb camaatın nəzərində həqir olan bir işə şüur etdiniz! Bu fikir ilə ki, vaxt olar, camaat səhvini anlar. Bu gün mənə həqir nəzərlə baxan camaat, mənə "oyunbaz", kəndirbaz söyləyənlər, məni bu səhnənin üstə alqışlayırlar, təşəkkürlər edirlər..."

Həqiqət, 25 ildən sonra da belə oldu. Sizi alqışladılar, təbrik etdilər. 25 il ərzində çəkdiyimiz zəhməti millət unutmadı və haman zəhmətin meyvəsini anlayıb teatra həqir nəzərini dəyişdi. Artist "oyunbaz" deyil, bəlkə böyüklər üçün nəsihətçi olmağını düşündü...

Əzizim! Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində yazılan təvarixdə sizin isminiz söylənəcək. Söylənib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər! Artistdən "oyunbaz" namını götürmək üçün nə uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər:

Ümid edirəm bu yubiley günündə camaatın sizə alqışları gələcəkdə milli teatra dair dəyanətinizin qüvvətlənməyinə, qeyrətinizin artmağına və məsləkinizin üstə davam etməyə səbəb ola.

Teatr tərəqqisinə çalışmalı. Çünki "...Millətini sevən şəxs milli teatrını da gərək sevsin"...

Afərinlər olsun sizə, əziz, möhtərəm yoldaş!..

Nəriman

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info