Qonaq Kitabı
CÜMƏ SÖHBƏTİ (3)

 

(Felyeton “İrşad” qəzetinin 28 iyul 1906-cı il tarixli 100-cü nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Yoldaşlıqda gər olmuya ittifaq

Əmrlər yeriməz, olunar nifaq...

Düz gətirməz əhli-nifaq işləri

Ağrıyar başları, sınar dişləri...

 

Bu sözlər məşhur "Balıq, ördək və xərçəng" əhvalatının müqəddiməsidir. Uşaq vəqti bu əhvalatı bizə dərs verən böylə bir nəsihət verirdi: balıq, ördək və xərçəng arabaya qoşulub çəkmək istədilərsə də, lakin çəkə bilməyirdilər, ondan ötrü ki, bir cinsdə deyildilər. Demək ki, bunlar bir cinsdə olsaydılar, yəni xasiyyətləri, zatları bir olsa idi, qoşulduqları arabanı bir yerə aparıb çıxardardılar. Yəni, ittifaq bir cinsdə, bir zatda olan canlı şeylərin aralarında ola bilər... Balıq, ördək, xərçəng bir xasiyyətdə deyildilər isə də, hərəkətlərindən ittifaq görünür idi. Arabaya qoşulmaqları ona dəlalət edir. Bununla belə, "başları ağrıyıb dişləri sındı", arabanı yerindən tərpədə bilmədilər: balıq su olan tərəfə, ördək havaya və xərçəng geriyə zor edirdilər...

Bəli, əsil mətləb budur: ittifaq bir cinsdə, bir xasiyyətdə olan canlı şeylər edə bilərlər və ittifaq olan yerdə nifaq olmaz... Müəllimimiz böylə bir nəsihət edərdi, biz müəllimimizi sevərdik. İndi getdikcə məhəbbətimiz dəxi də gərəkdir artsın. Nə səbəbə artmasın? İnsanın qədrini bir öləndə bilərlər, bir də qeyrilərilə təfavüt qoyanda.

Məsələn, bizim müəllimimiz həmişə söylərdi: "Uşaqlar, cidd-cəhd ediniz, ibtidai kəndi dininizi, dilinizi öyrəniniz, siz dininizi, ana dilinizi bilməsəniz, millətinizə yavuq olub onun dərdini anlamayacaqsınız. Anlamayan surətdə onun dərdinə əlac edə bilməyəcəksiniz. Əlac etməyən surətdə nəyə lazımsınız? Lazım olmayan surətdə millət deyəcək: oxutmaq fəna işdir. Uşaqlarımız oxuyurlar, lakin bundan nə hasil? Öz mənfəəti üçün oxuyub axırda mənim dilimi, dinimi bəyənməməkdən isə oxumasa məsləhətdir... Böylə olsa millətinizə böyük xəyanət etmiş olursunuz... Bu nəsihətləri müəllimimiz söyləyir idi, insafən iş də görür idi. İndi "bu sözlərin əvəzinə" söyləyirlər: "Uşaqlar! Ana dilinizi unutmayacaqsınız, unutsanız da zərər yoxdur. Ana dilinin cibinizə xeyri yoxdur. "Xarici" dillərə səy ediniz. Çörək onlardadır... Mənim məsləhətimə əməl etməsəniz "yarımçılıq" cərgəsinə daxil olarsınız..." "Axmaq" şagirdlərdən biri çox da millətdən dəm vuranda müəllim qeyzlənib deyir: "Ah, nə çox millət, millət, söyləyib boğazınızı yırtırsınız? Millət mənim cibimdə.... Xa, xa, xa!!!" İyirmi il bundan müqəddəm bizə deyirdilər: - Oxuyunuz, uşaqlar! Millət sizi gözləyir... İndi iyirmi ildən sonra deyirlər: - Millət mənim cibimdə... Böylə iki bir-birinə bərəks əqidələr! Böylə bir-birinə zidd millət müəllimləri! Hankını dost tutmaq? Hankısına uşaqları tapşırmaq? Hankısı "hörmətə" layiq?

Mənimmi təsəvvürümü gözləyirsiniz?! Gözləməyiniz, əfəndim! Söyləsək, yenə də "ətir" məsələsində mahir "diqqətçilərim" köhnə hamamdan dəm vuracaqlar... Yenə də "divarın quyruğu var" deyən iftiraçılar məqalələr "düzəldəcəklər". Yox, əfəndim! Biz kəndi təsəvvürümüzü söyləməyəcəyiz, vəqta ki, bizim sözlərimiz bir neçə qareyə ağır gəlir. Kəndi sözlərimizi açıq, aşkara çıxarmaq vacibmi olubdur? Axırda bu iz bir payəyə çatar ki, "mərc" ilə məqalə yazmağı adət edərlər... Xeyr, əfəndim, fikir ediniz, hankı müəllim millət işinə yararsa, özünüz söyləyiniz. Biz isə ancaq bunu deyə biləriz ki, ikinci müəllimin ürəyi "açıqdır", "saf" adamdır, ürəyindəki dilindədir. Bundan savayı, çox məlumatlı, "bütün" adamdır, "yarımçılıq" deyil! Dəlilmi istəyirsiniz? Buyurunuz, əfəndim! Təsdiq etsəniz də, etməsəniz də biz anladığımız düyünü açacayız, bəli, məzkur müəllim məlumatlı gərəkdir ola, yəni millətin işlərinə xəbərdardır: çox gözəl anlayıbdır!.. Dürüst diqqət ediniz: bir millət ki, başına dəydiyi toppuzu anlamıya, bir millət ki, öz əli ilə özünə quyu qaza, bir millət ki, yaxşı ilə yamana fərq qoymaya, bir millət ki, aşkar "bəlanı" özündən rəf etməyə qadir olmaya ... bir millət ki, bir-birindən təfriqə düşüb bir-birinin əqlindən, ruhundan, dərdindən xəbər tutmadı... Bu millət barəsində nə demək olar? Hərgah millətin hümməti, həmiyyəti, ittifaqı olsaydı, yəqin ki, onu "cibə" qoymazdılar, yəqin ki, onun lisan müəllimləri "ah, ana dilindən nə mənfəət" sözlərini fikirlərindən keçirtsələr isə də, açıq deyə bilməzdilər. Kara nə söyləyirsən, söylə! Kora nə göstərirsən, göstər! Lalın barəsində nə yazırsan, yaz! Kimdir cavab verən? Kimdir həqq ilə ağızları bağlayan? Kimdir? Buyurunuz! İndiyədək rus qəzetələri biçarə Spiridonovanın barəsində proteslər ilə doludur; kişilər, övrətlər, oğlanlar, qızlar qəzetələrdə göz yaşı ilə yazılmış məktublar dərc edib binəva qızı axır nəfəsdə cəlladların əlindən xilas etmək istəyirdilər... Bu ittifaq, ittihad Avropanı da hərəkətə gətirdi... Siz nə etdiniz? Tutalım siz siyasi məsələdə "Dardanel" yuxusuna mübtəla olubsunuz... Tutalım "Bəndərə gələn dava gəmilərinə" ümid bağlayıbsınız... Tutalım "ac quzğunlara" rəhm etdiniz... Orenburq nə oldu? Hankınız bir məktub yazıb kəndi qəminizi izah etdiniz? Hankınız baykot məsələsini anlayıb səs-səsə verdiniz?

Yox, əfəndim! Yox! Tamamdır! Qəzetəni vəqt keçirməkdən ötrü oxuyursunuz isə oxumayınız, ol vəqti pul qazanmağa işləyiniz...

"Kim kimi öldürdü" əhvalatlarını bilmək istəyirsiniz isə istəməyiniz, sizə də sirayət edər. Ümumi millət işlərini bilməkdən ötrü oxuyursunuz isə diqqətlə oxuyunuz: hər mətləbə, hər kəlməyə, hər nöqtəyə xüsusən çoxca nöqtələrə diqqət ediniz, vaxtınız var isə sətirlərin arasına da bir nəzər yetiriniz, oxuduğunuz məqaləni təkrar ediniz, yoldaşınızdan sorunuz, bəhs ediniz, hamısından artıq fikrinizi cəmən söyləyiniz, ittifaq, ittihad ediniz! Yoxsa dininiz, diliniz, ixtiyarınız məzkur arabaya yüklü olub, özünüz balıq, ördək, xərçəng olsanız, arabanız bir yana çıxmayacaqdır. Biri suya gedər, biri havaya uçar, biri də geridə qalar... Yükünüz isə tarmar olar... Tarmar oldusa, axırınız nə olmağını anlamayırsınızmı? Anlayırsınız isə niyə bu sözləri oxuyub da, başınızı boş yerə yırğalayırsınız? "Bunlar cəfəngiyatdır, bunlar adam aldatmadır, bunlardan bir şey çıxmaz, Allah özü yar olsun" deyirsiniz, sonra qəlyanı xoruldadıb sakit olursunuz.... Pulunuzmu yoxdur? İş görənlərinizmi yoxdur? Nə vaxt bunları cəm edib bunlar ilə ittifaq etdiniz? Ya edib də axırda nifaq gördünüz? İttifaq! Nifaq! Biri-birinə zidd, biri-birini puç edən sözlər! Ay çıxanda gün gizlənən kimi, gün çıxanda ay gizlənən kimi, ittifaq işləyəndə nifaqın nə işi? Fəqət nə etmək? Bu barədə biz "xoşbəxt" hesab olunuruz, çünki bizim "günümüz" çıxanda"ayımız" da doğur...

Əcəba!

Bəli, əfəndim, çox təəccüblüdür! İttifaq nifaqı puç edərkən bizdə bir-birini "doğuzdurur". Yüz illər ilə ruhanilərimiz bağlayan ittifaq iki qardaşın arasına nifaq salmadımı? Müftəxor vəzirlər həmişə ittifaq edib islam məmləkətlərini puç etmədilərmi? İndi etməyirlərmi?

Ah, tutalım, bu səhvlər mazidə cəhalətdən olmuş, hal-halzırda "törənən" "ittifaqlara" sözünüz nədir? Buyurunuz, əfəndim! Biz bir-bir söyləyiriz, lakin unutmamaqdan ötəri siz dəftərə yazınız, ürəyiniz daşdan isə hümmətiniz, həmiyyətiniz, qeyrətiniz hələ oyanmayıbsa və oyanmağa ümidiniz yox isə zildə yazdığımız "ittifaq azarına" dair nüsxələri tez-tez oxuyunuz, bəlkə şəfa tapdınız, indi şəfa tapmasanız da bəlkə qulaqlarınız doldu, "qulaqlarınız dolarkən bəlkə diliniz öyrəşdi, diliniz öyrəşərkən bəlkə uşaqlarınızın yanında tez-tez təkrar etdiniz, tainki gələcəkdə bunlar da sizin kimi "xoşbəxt", "millətpərəst", "hürriyyətpərəst" olmayalar...

İndi yazınız, əfəndim: "ittifaq" azarları bunlardır:

Birinci. Zənginlərimizə dair azar: bunlar ittifaq ediblər ki, əlsiz-ayaqsızlara pul verməsinlər, sahibsiz naxoşlarımıza azarxana tikilməsin, sahibsiz qoca övrətlərimiz, kişilərimiz ömürlərinin axırında rahatlıq görməsinlər, bu hamı müftəxorlar köməksiz qalıb o dünyaya köçməkləri məsləhətdir. Bunlardan "mənfəət" görünməyir... Əbəs yerə havanı korlayırlar...

Bu azara dair nüsxə: evdən kantora gedəndə gözünüzə qara eynək taxınız, ətrafa baxmayınız... Ürəyiniz yumşaq olub qorxursunuz isə ittifaqı pozasınız, kantora fayton ilə gediniz...

Kantora daxil olandan sonra kantor nökəri gələnə "ağa yoxdur" deyib canınızı "şeytanın" vəsvəsəsindən qurtarar... Lakin bunlar yeni bir azara da düçar olublar: yetim, oxuyan uşaqlara kömək olunmasın, bu "gözəl" ittifaqdır! İnsafdan kənar işdir: kəndi uşağımı oxutmuram, qeyrisininmi oxumağına pul verəcəyəm?

Nüsxə: bunlar yanınıza gələndə deyiniz: "Yox, atam, mənim "qeyrətim" qəbul etməz ki, pulumu bu yolda xərc edim, çünki sən də qurtarandan sonra filankəs kimi namaz qılmayacaqsan, oruc tutmayacaqsan, səndən millətə nə mənfəət?

İkinci. Cavanlarımıza dair azar: Rusiyada aclıq olmağına görə bunlar ittifaq ediblər ki, Rusiyadan gələn "övrətlərə" kömək etsinlər...

Nüsxə: qəstin sahiblərilə dost olmaq.

Üçüncü. Müəllimlərimizə dair azar: ana dilinin həqqində ittifaq ediblər: uşaqlar kəndi dillərini "gözəl" bilmirlər; insan da öz dilində yazanda və ya söyləyəndə qələt buraxarmı, böylə olan surətdə sərf-nəhv lazım deyil.

Nüsxə: sərf-nəhv kitablarını gizlədiniz. Qeyrilər lazım görsələr "yoxdur" deyiniz, hankı kitabdan oxudaq?

Dördüncü. Cümə günü dükanlarını açan xozeyinlərə dair azar: "İttifaq" namə qayırıb dükanbadükan gəzirlər, qol qoydururlar ki, cümə günü dükanlarını açsınlar.

Nüsxə: qaradovoy "aşnalarınıza" pul veriniz, bağlı dükanları zor ilə açsınlar...

Beşinci. İnjinerlərimizə dair azar: bunlar böyük ittifaq ediblər ki, fəhlələri "qurdlardan" mühafizat etsinlər.

Nüsxə: xozeyinlərimizə deyiniz. Tələbələr, studentlər ictimaiyyun, inqilabiyyun firqəsindəndirlər...

Altıncı. Yazanlarımıza dair azar: ərəb-fars kəlmələrini nerədən olsa arayıb tapmaq, ana dilini "dövlətləndirmək".

Nüsxə: "Molla Nəsrəddin"in 3-cü nömrəsində Axund Mirzə Əbülqasımın mövizəsini təkrar ediniz.

Yeddinci. Həkimlərə dair azar varsa da, özləri yaxşı bilirlər...

Hələ fikrimizə gələn "ittifaqlar" bunlardır. Lakin dürüst diqqət ediniz. Bu ittifaqlar axırda nifaq doğulmağına səbəb olacaqdır. Bu ittifaqların puç olmağına şəkk yoxdur...

Durnovo ilə Vittenin ittifaqı puç olanda bunlara nə var? "Bu cənablar"ın ittifaqı bütün Rusiyada vəqtində nifaq salıb həqq yolunu arayan hürriyyətpərəstləri axırda bir yerə cəm etdi. Bunlar gördülər ki, hamısı ümumi bir dərdə mübtəladırlar... Dərdin əlacını həqiqi ittifaqda gördülər.... İttifaq edib də nə oldu? Dövlət dumasına sol firqədən əjdahalar seçildilər. Vitte bunları görüb "yorulmuşam, mənə rahətlik lazımdır" dedi...

İndi siz nə fikirdəsiniz? Etdiyiniz "ittifaqlar" çoxmu dövran edəcəkdir? Məgər vədə etdiyimiz qara taxtalar boşmu qalacaqdır? Ya ki, "baykotlamaq" felinin failimi olmayacaqdır? Yoxca fikir edirsiniz ki, bizim ağzımız yenə də otuz il bağlanacaqdır? Siz də öz bildiyinizi edəcəksiniz. Yox, əfəndim, çox səhvsiniz! Getdi sizin "rahətlik" vəqtiniz! İndi bahar gəlmiş ... zimistan qələmləri sınmış ... siz "ittifaqçılar" yükünüzü yolun ortasında qoyursunuz isə, indi adam tapılar ki, haman yükü bir yana çəkib çıxartsın...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info