Qonaq Kitabı
QONAQLIQ

Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü. Hökumətin sütunu kimdir?

- Əlbəttə, bəylər! - Ev sahibi dedi. - Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik.

Tacir dedi:

- Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik.

Alim dedi:

- Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.

Ruhani dedi:

- Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumətin sütunu.

Zabit dedi:

- Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə, döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökumətin sütunu biz əsgərlərik.

Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:

- O qoca kəndlini hakim seçək, nə desə, ona razı olaq.

Hamısı bu təklifə razı oldular. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. Kəndli dedi:

- Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yasaya bilməz.

Bunu deyib cəld işinə getdi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info