Qonaq Kitabı
YUXU

Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.

- Gedim, onlardan harada olduğumu soruşum, - deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.

- Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?.. Bu fikirdə ikən gözümə bir gün bəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə baxdıqda bu yazını seçdim. "Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin yolu buradır".

Yazının altında belə bir üçbucaq çəkilmişdi: i r ş a d. Onun hər guşəsindən qızıl qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir qədər getdikdən sonra bir meydana çıxdım. Buradan yetmiş iki yol ayrılırdı. Bunların hansı məni işıqlığa çıxarar - fikrində ikən yol başında, dirək üzərində barmaq şəkli "İ" hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində "R" hərfi yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə "Ş", sonra "A" və axırda "D" hərfləri göstərişi ilə qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə yazılmış hərflər mürəkkəb olub, "İrşad" ləfzi yazılmışdı. Qapını açdıqda günəş pəncərədən gözlərimə düşüb məni oyatdı.

Küçədən:

- "İrşad", "İrşad", təzə qəzet, - sədası gəlirdi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info