Qonaq Kitabı
CÜMƏ SÖHBƏTİ (2)

 

(Felyeton “İrşad” qəzetinin 21 aprel 1906-cı il tarixli 95-ci nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Məhəbbət bir bəladır kim, giriftar olmayan bilməz! İndi əsil məhəbbət fəslidir! Nerəyə baxırsınız məhəbbət iyisi gəlir. İndi cürət ilə demək olar ki, "cahan tazə-tər oldu". Bir ay bundan müqəddəm kişilər kürkdə, qalın paltoda, boyunlarını kirpi kimi büzmüş, papaqları gözlərinin üstə, əlləri ciblərində, turş üzlü, evdən çıxanda birbaş tələsmiş işlərinə gedirdilər, hətta salam da verəndə salamınızı almayırdılar, papaqlarını götürməyirdilər. Bu nə söz? Əcəb edirdilər! Soyuqda başmı açmaq olar? Səsmi çıxartmaq olar? İstəyirsiniz başınıza soyuq dəysin, sonra çərən-pərən söyləyəsiniz, yainki ciyərinizi soyuq alsın, sonra Samaraya gedəsiniz, yox, əfəndim, yox! Bu bir pis adətmiş, ələlxüsus şimal yeli əsəndə.... Bəli, dəsgah ondadır: kimi üzünə dəsmal salır, kimi gözlərinə torlu çeşmək taxır, kimi üzünü əlləri ilə tutur, kimi çuxasının ətəyi ilə, di buyurunuz, indi dostunuzu tanıyınız. Arvadlarımızın halı dəxi pis. Hankı övrətlərin? Müsəlmanmı? Xeyr, əfəndim!.. Bu biçarələrin barəsində nə söyləmək. Bunlarda heç bir təğyir görünməyir, məhəbbət həmçinin. Biz "məhəbbətə" mübtəla olmuş, ya məhəbbət arayan adamları nəzərimizdə tuturuz. Bizim biçarə övrətlərimiz həmişə bir "qayda", üzləri örtülü öz işlərinə gedirlər... Bizim işimiz "madonlar" ilə, "barışnalar" ilədir, "təğyir" bunlardadır!

Qışda gördüyünüz "barışnanı" yazda tanımayırsınız. Bu qədər təğyiri-libas! Bu qədər xoşsifətlik! Nə deyim! Həqiqət, qışda bunların halları çox çətindi.... Qalın paltar bunları pis göstərir: qış paltosu dizəcən, "ayaqları" böyük qaloşda, üzləri çox vaxt vual ilə örtülmüş, əlləri "fırtılıq mitkaçığında"... (Barışnalar məni əfv etsinlər! Burunlarını silib yaylıqlarını gizlədən şeyi rusca unutmuşam. Ona görə özümdən ad tapdım). Yazıqlar soyuqdan donlarını da çəkə bilmirlər ki, parça yubkalarını göstərsinlər. Dəxi bəs nə qaldı? Yazıq kavaler nəyə məhəbbət bağlasın? Məhəbbət üzə olar - üz vualda, ayağa olar - ayaqlar böyük qaloşlarda, əllərə olar - əllər fırtılıq mitkaçığında, yubkaya olar, o da görünməyir. Nə qaldı? Nəyə məhəbbət bağlamaq? Bir əxlaq-ətvar qaldı. Bu məsələni heç həll etməmək. Bir də kimdir belə şeyləri axtaran? Göz görməsə, könül sevməz, "əxlaq-ətvarı" çox da yaxşı olsun, gözümüz ki, görməyir... Xeyr, bu fikirlər "filosoflara" layiqdir... Onlar gözəl "ruh", gözəl "əqidə" arayırlar. O zamanlar getdi! İndi insanın əqli, qəlbi gözlərindədir. Hankı "filosof" olmuş olsa, indi yaz fəsli bizim "madonları" görsə, ruh yox ki, ruhun babasını da unudacaqdır. Həqiqət, bir fikir veriniz: bu balaca, zərif, dabanı iki verşok yerdən qalxmış ayaqlara! Ondan bir az yuxarı rəngbərəng, "şıq-şıq" yubkalara! Gözəl gərdənə! Şümşad əllərə! Nazik bellərə! Tərlan boylara! Gözəl sifətlərə! Bunların hamısı bir yana, təzə çıxan tənzif donlar bir yana! "Madonun" üzü bizim 60 yaşında Yetər xalanın üzündən də pis olsa, yubkaları, döşləri, qolları göstərən dondan geyindi, bəsdir! Xeyr, bu bir ayrı dəstgahdır! Qeyri bir aləmdir! "Filosof" yox ki, "filosofun" babası da küçədə bunlara baxmamış keçə bilməyəcəkdir. Şairlər belə fikir edirlər, guya bahar fəslində məhəbbəti gətirən güldür, çiçəkdir, lalədir, bənövşədir, bülbüldür. Xeyr, məhəbbəti gətirən bu tövr paltarlardır! İnanmayırsınız, zəhmət qəbul edib bu gün buyurunuz bağa – Bülbüllərə tamaşa ediniz! Mən söylədiyim sözlərdə yalan görsəniz, bundan sonra felyetonumu oxumayınız. Qeyri bağlarda bülbül ağaclarda gəzərkən, bizim bağda "bülbül" yerdə gəzir. Bülbüllərin əvəzinə sərçələr cibildəşirlər... Elə də gərək olsun, sərçə nəyə lazım... Əti dadsız olur.... Bülbül gül koluna aşiq olanda, sərçə tut ağacına aşiq olur!.. Pəh-pəh! "Heç dəxli var?" İnsanınkı sərçələrlə tutarmı? Xeyr, əfəndim! Sərçələr "bülbüllərin" əvəzində yerdə gəzsəydi, bağımızda məhəbbət əlaməti görünməzdi. İndi bir nəzər yetiriniz dəniz kənarına... Bir yandan dəryanın ləpəsi tratuarı yaş edib "madonların" iyirmi manatlıq tuflilərini bir saatda xarab edirdi. Həmçinin uzun donlar bir batman palçıqla evə gedirdi. Ondan savayı paroxodların səsi, hisi, tüstüsü?.. Bəli, bu qaydasız işlər bir tərəfdən, o biri tərəfdən də "kataysa" edənlərin tozu ol zaman "məhəbbət" görünürsə də, bahardan sonra "Samaraya gedənlərin" ədədi də çox-çox olurdu. İndi, xeyr! İndi bir özgə aləmdir! Paroxodlar bir verstlikdə durur, gəzənlərlə onların aralarında bir yekə bağ, bostan, gülzar, laləzar! Bütün dəniz kənarını tutubdur! Xeyr, indi bir qeyri dəstgahdır! Əsil məhəbbət yeri! Əsil təmiz hava çəkməli yer! Əsil gəzməli yer! Tratuar - səki başdan-başa qırlanıb gündə sulanır, mərmər kimi işıldayır. Həmçinin küçənin ortası, "bir dərəcə" də toz yoxdur! Haradan olsun? Faytonlarımız hamı rezinin, "madonlar" gödək donlarda, küçələr gündə sulanmaqda! Nerədən toz gəlsin! Qədim vaxtlar "şəhər atalarımız" camaatı sevməyirdilər, "məhəbbət bəlasına" düçar olmamışdılar. İndi xeyr! Hürriyyət zamanıdır, necə olar ki, məhəbbət olmasın? İndi hər kəsin "məhəbbəti" olmuş olsa, açıq-aşkara söyləyə bilər. Qədim vaxt şəhər kassasına çox da zəhmət vermək olmazdı. Dövlətdən xof eləyirdilər. İndi şəhərlə dövlətin "məhəbbətləri" artıq dərəcədədir. Nə istəyirsən elə, lakin "iş" olsun. Bəli, hər şey pulun, məhəbbətin başındadır! Pul ki, məhəbbət ki oldu, şəhər də abad olar.... On il bundan müqəddəm kimin əqlinə gələrdi ki, o tövr "naberejnini" Batum bulvarına oxşatsın! Hələ deyirlər bu yavuqda bizim bulvarda muzik də çalacaqlar. Ay nə olardı? Biçarə pasaj maqazinçilərinin canları qurtarardı! Nə etmək, əfəndim? Bir qeyri yerimiz yoxdur. Nerədə bəs "məhəbbət" aramaq? Nerədə "gözəlləşmək?" Nerədə məhəbbətini izhar etmək?.. Bundan yaxşı yer yoxdur. Səki dar, adam çox. Bəli, səkinin darlığı şərtdəndir. Haman küçə, haman mağazalar! Nə əcəb, rubəruda olan səkinin üstə gəzməyirlər? Ondan da enli! Xeyr, əfəndim, yaxşı tapıblar... Gözəl fikirdir... Nə qədər insan bir-birinə yavuq olsa, o qədər "məhəbbət", mehribançılıq artar. Mağaza sahibləri arşın böyüklüyündə elan yazıb yapışdırırlar: "Təvəqqe ediriz mağazanın qabağını kəsməsinlər". Ay yazıqlar! Siz müştəri fikrindəsiniz, lakin gəzənlərin fikirlərindən xəbərdar deyilsiniz! Belədir, əfəndilər! "Məhəbbət bir bəladır kim, giriftar olmayan bilməz!" Dünyanın işi belədir, bir-birimizdən xəbər tutmayırız, bir-birimizin dərdini bilmək istəyiriz. Odur, erməni kilsəsinin yavuqluğunda olan müsəlman mağazalarının sahibləri - bir neçə əttar, Quba meydanında olan müsəlman qardaşlarının əhvalından xəbər tutmurlar. Belə şeymi olar? Bu günlərdə Quba meydanında olan dükançılardan biri bizə xəbər göndərib deyir: Allah oxuyanların atalarına rəhmət eləsin! Allah analarını həzrət Fatiməyə bağışlasın! Allah onlara tul ömür əta eləsin! Allah onların kölgəsini bizim üstümüzdən əskik etməsin!! Mən, deyir, bu günədək bala məhəbbəti nə olmağını bilməyirdim. İndi yavaş-yavaş anlayıram... Bundan müqəddəm gecədən səhər namazımı qılıb dükana gedirdim, tamam gün dükanda qalıb, axşam saat 11-də evə gəlirdim. Mənim dörd yaşında bir oğlum var, həftədə bir dəfə də ayıq görməyirdim; dükana gedəndə yatmış olurdu, dükandan gələndə həmçinin... Nə isə, fikrim dükan işlərində olub oğluma diqqət etməyirdim. İndi neçə cümədir dükanı bağlayıb evdə otururam. Əvvəlinci cümə oturub çay içirdim, oğlum yuxudan oyanıb anasını çağırdı. Anası işə məşğul idi. Səsinə mən getdim. Yanında əyləşib başladım oğlumu sevməyə, oğlum isə mənə acıqlı baxıb dedi: - "Mən anamı istəyirəm, səni istəmirəm". Dedim: "Oğlum, anan işə məşğuldur, gəl mənim yanıma". Bunu demişdim, uşaq bir nalə çəkdi ki, yavaş durub otaqdan çıxdım və anasını göndərdim. Anası gedən kimi oğlum səsini kəsdi. Oynaya-oynaya durub üzünü yudu, sonra bizimlə bərabər çay içməyə başladı. Mən bununla söhbət edirdim, mənim sözlərimə qulaq verməyib anasilə gəlib danışırdı. Doğrusu, mənim buna həsədim tutdu. Nə olan şeydir, oğlum məndən niyə qaçsın? Niyə mənimlə söhbət etməsin? Bu fikirlə bazara gedib bir az yemiş aldım, evə gəldim, yemişi oğlumun qabağına tökdüm. Oğlum gülə-gülə gəldi yanıma, başladı yemişi bir-bir dənləməyə. Qurtarandan sonra qucağıma götürdüm, gördüm gəlir. Naharadək oğlumla oynamışam, nahardan sonra oğlumu geyindirib apardım, konkaya minib dəniz kənarına getdik... Oğlum şadlığından bilməyirdi nə etsin. Onun şadlığını görüb özüm də şad olurdum. Sonra evə gəldik, oğlum anasının üstə düşüb başladı gördüyü şeylərdən nəql etməyə. Nə gözəl halətdir. Mən özüm ola ki, oğlum kimi nəql edə bilməzdim. Sözünü qurtarıb oğlum yanıma gəldi. Boynumdan qucaqlayıb üzümdən öpdü. "Yenə də gedəcəyiz?" - deyib sual etdi. "Əlbəttə, oğlum", - deyib cavab verdim. İndi neçə cümədir oğlumun məhəbbəti mənə, mənim məhəbbətim oğluma artmaqdadır... Həqiqət, nə gözəl halət! Nə gözəl məhəbbətdir. Bundan sonra desələr cümə günü yüz manat nəfim olacaqdır, yenə də dükanı açmayacağam. Bu məhəbbəti yüz manata satmaqmı olar? Oğlum günləri sanıyır, nə vaxt cümə olacaqdır. Mən də gözləyirəm nə vaxt balam məni qucaqlayıb üzümdən öpəcəkdir. Nə vaxt səhərdən axşamadək evimdə oturub ev işlərinə diqqət edəcəyəm və özüm dəxi dünyanın məşəqqətindən heç olmasa həftədə bir dəfə rahat olacağam...

Mənim rəfiqlərimdən biri rast gəlib deyir: "Bu nə gözəl adətdir. Keçən cümə çay vaxtı oturub türk qəzetəsi oxuyurdum. 8 yaşında oğlum gəlib yanıma deyir: "Avazdan oxuyunuz, mən də eşidim". "Bakı xəbərləri"ndən mən də bir neçə əhvalat oxudum. Oxuyub qurtarandan sonra mənə çox qəribə, təəccüblü suallar verib cavab istəyirdi: Mən ki, oğlumda bu fərasəti bilməyirdim. Cümə olmasaydı, indi ola bilsin ki, hələ yenə də bilməyəydim. Xeyr, indi anlamışam ki, uşaq ilə atanın söhbəti lazımdır... Uşağın əqilli sözləri ataya ləzzət verərmiş...".

İndi cümə günü dükanlarını açan müsəlman qardaşlar yuxarıda zikr olunan qardaşlarımızın dərdlərindən xəbərdar olsaydılar, onların fərzəndlərinə olan məhəbbətini və fərzəndlərin  atalarına olan mehribançılığını hiss etsəydilər, yəqin ki, dükanlarını, mağazalarını cümə günü bağlardılar. Həqiqət, bir fikir ediniz, uşağın atasına uşaqlıqdan bir fərzəndin atasına olan məhəbbəti olmasa, ata oğluna lazım olan şeyləri vaxtında təlim verməsə və vaxtında onun fərasətinə görə iş görməsə, böyüyəndə böylə oğuldan nə gözləməli? Uşağın cibini pulla doldurub onun məhəbbətini gözləmək böyük səhvdir. Uşağın məhəbbəti pula artır, nəinki atasına. Uşağın ruhuna, əqlinə yem vermək, onun bu cəhətdən dərdini bilib vaxtında əlac etmək! Və illa pulun zoruna məhəbbət bağlamış fərzənd "Molla Nəsrəddin" jurnalını dustaq edən qaradovoya bənzər. Bilirsinizmi, qaradovoy "Molla Nəsrəddin"i nə səbəbə dustaq etmişdi? Aşkardır ki! Biçarənin məhəbbəti medaladır. Aparıb pristava veribdir ki, pristav buna afərin desin, yazıb yuxarıya bunun üçün medal gəlsin! Lakin "Molla Nəsrəddin" qaradovoya və onun ağasına medal yerinə istehza bəxşiş etdi... Ümid ediriz bu əhvalat jurnalda dərc oluna. Afərin belə diqqətçilərə! Afərin belə qanun hamilərinə, bu hələ heç! Bir qeyri qaradovoy ağasına bundan da yaxşı məhəbbət göstərmək istəyirmiş: bir dəvəçi iki baş qənd alıb dəvənin üstə aparırmış. Küçədə cənab "qaradovoy" dəvəçini tutub deyir: "Gedək bu saat polisəyə. Bu qənd "kandrabatdır". Dəvəçi hərçi yalvarır, olmayır. Axırda deyir: "Gedək aldığım mağazadan sual edək". Ağa qaradovoy "poşol çort" deyib, biçarəni polisəyə sürüyür. Axırda bir rusca bilən rast gəlib ağa qaradovoydan əhvalatı soruşur. Qaradovoy: - "Kandrabatdır, polisəyə aparıram" deyib cavab verib. Rusca bilən ağa qaradovoya deyir ki, qənd tamojnadan alınır, "kandrabat" olsa orada özləri tutub saxlarlar və lazım olan tənbehi edərlər. Ağa qaradovoy "izvini tak" deyib, biçarəni buraxdı. Biçarə qaradovoyun "məhəbbəti" qulluğa, medala nə payədə artıq düşübsə, dəvəni paroxod hesab edibdir! Bir zaman bir para müsəlmanlar qazaqlara da böyük "məhəbbət" salmışdılar... İndi haman qazaqlar Cəbrayıl uyezdində əqlə gəlməyən zülmləri müsəlmanların başlarına gətirirlər, övrətlərə, qızlara sataşırlar... Bu günlərdə müsəlmanlar cənab Durnova teleqram göndərib kömək istəyiblər. Durnov isə işi canişinə həvalə edib cavab veribdir ki, belə məsələlərlə onu narahat etməsinlər...

İndi bunun cavabı nədir? Məgər Cəbrayıl əhli namestnikin Qafqazda böyük olmağını bilməyirdilər? Çox yaxşı bilirdilər, fəqət başlarını itirmiş Cəbrayıl əhli görünür fikir ediblər ki, cənab Durnovun rəhmi çoxdur, "məhəbbəti" müsəlmanlara artacaqdır. Əfsus! Əfsus! Yenədəmi Durnovun, Vittenin ətəklərindən yapışırsınız? Yenədəmi bilə-bilə, eşidə-eşidə, görə-görə gözünüzü kor, qulağınızı kar, dilinizi lal edirsiniz?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info