Qonaq Kitabı
CÜMƏ SÖHBƏTİ

 

(Felyeton “İrşad” qəzetinin 7 aprel 1906-cı il tarixli 84-cü nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

"Novruz bahar oldu,

Cahan tazə-tər oldu.

Rəf oldu ələmlər..."

 

Bu sözləri deməyə bizim hələ ixtiyarımız yoxdur. Doğrudur, "novruz" bahar" oldu. Lakin cahan tazə-tər olmayıbdır və nə də ələmlərimiz rəf olubdur... Bu günədək qış paltarından çıxmaq olmur, ağaclar çiçəkləmir, bülbüllər oxumur. Həmişəki yel, toz "ovqatımızı təlx edir". Şimal tərəfdən gələn qara buludlar günün qabağını tutub, qəmimizi dəxi də artırır.... Böylə baharmı olar?.. Bir "quru" bağdan savayı baharın nişanəsini heç bir yerdə görmürüz: oranı da ancaq yaşıl ot zinətləndirir. Özgə bir şey yox. Səhv etdim, əfəndi! Doğrudur, ağaclar hələ zinət tapmayıblar. Lakin onlara zinət verən "madonnaları", "kavalerləri" unutmaqmı olar? Bunlar bahar quşlarıdırlar... Baharı gətirən bunlardırlar. Kimdir ağaclara baxan? İnanmırsınız, bağda gəzənlərə diqqət ediniz. Çox az adam görərsiniz ki, başını qaldırıb ağaclara baxsın... Bağa daxil olan dəm gözlər "civildəyir". Bilmir hansı ağacın altında oturan "zinətə" baxsın... "Zinət!" Nə gözəl, nə zərif sözdür! Böylə də fikir etməyiniz ki, "zinət" bir insan üçün lazımdır! Xeyr, əfəndim! Heyvanlar da özlərinə zinət verirlər. Məsələn, pişik çox zinət sevən heyvandır, lakin heyvanın zinətilə insanın zinətində təfavüt var. Pişik günəşdə oturub qabaq ayaqları ilə üzünə və bədəninə tumar edir, pırtlamış tüklərinə seyqəl edir. İnsan isə daraq ilə başının tüklərini düzəldir, pişik tüklərini tüpürcək ilə yaş edir, insan isə ağır, qiymətli "Adikalon", "Landış", "Siren" kimi ətirlər ilə başını yaşlayır, əllərini, döşünü, boynunu, aya... Əfv ediniz əfəndim, istəyirdim ayaqlarını da deyəm... Yaxşı ki, səhvimi tez başa düşdüm. Xeyr, ayaqlarını ətir ilə sürtməyirlər, lakin haman ətirlərdən vannanın içinə töküb çimirlər! Bunda səhvim yoxdur, zənn edirəm.

Əcəba!

Təəccüb etməyiniz, əfəndim! Mənə inanmırsınız isə bizim zəngin cavanlarımızdan sorunuz, onlar “madonlardan” təlim alıblar. Bu əhvalatlara xəbərdardırlar. Hətta bir vannaya nə qədər “Landış” ətri lazımdır və filan “madam”, ya “barişnə” hanki ətri və necələrini sevir – bunlar hamısı zəngin cavanlarımıza məlumdur. Böylə şeyləri bilməyən “madonların” nəzərində obrazovannı hesab olunmaz; bu elmi yaxşı təhsil etməyənə vəhşi, nadan deyirlər…

Əvət əfəndim! Böylədir. Lakin səhv etməyiniz, əfəndim. Fikir edirsiniz ki, bu “madonların” bədənləri bir “qeyri” iyi” verir. Ondan ötrü ki, “Adikalon”da çimirlər. Yox, əfəndim! Böylə fikir etsəniz böyük xəta etmiş olrasınız. Bu da “zinətdir”! Zinət?

Bəli, zinət! Hər nə olmuş-olsa, zinətsiz işimiz yola getməyir; qocalarımız zinətə məşğul olanda cavanlarımız hay-hay olacaqlar, bir şey ki, insanı göyçək göstərir, niyə etməsin? Bir şey ki, "madonlara" xoş gəlir, nə səbəbə haman şeydə tərəqqi etməsin? Məsələn, "madonlara" "tans" xoş gəlirsə, gərəkdir "tans"da tərəqqi etsinlər: "Katasiya" da lazımsa, dəniz kənarında gərəkdir hər gün bu işə məşğul olsunlar.... Xülasə, "Tərəqqi!", "tərəqqi!" lazımdır. Afərin, zəngin cavanlarımıza! Böylə şeylərdə böyük tərəqqi ediblər. Gülməyiniz, əfəndim! Həqiqət bu da "tərəqqidir". Kənd cavanları ilə şəhər cavanlarına təfavüt qoysanız mənim sözlərimi təsdiq edərsiniz. Lakin hər yerin bir tərəqqi yolu var: kasıb şəhərlərdə cavanlarımız elmdə, fənndə, sənətdə tərəqqi edərlər, dövlətli şəhərlərdə böylə şeylərdə tərəqqi etmək vacibatdandır.... Doğru sözümdür: hərgah bu yolda tərəqqi etməsəniz "obrazovannı" cavanların dəstəsinə daxil ola bilməzsiniz... Çarəniz nədir? "Şəhərdə gördün gözüqıpıq, sən də ol gözüqıpıq". Yainki "Zaman sənə uymasa, sən zamana uyginən!" Həqiqət böylədir! Hər işimiz "uydurma" gərək olsun. Məsələn, adınızı ədib qoyubsunuz: əlinizə qələm götürməmişdən müqəddəm qarelərinizi nəzərə gətiriniz, görünüz oxuyanınız kim olacaqdır? Məlumatlı, mədəniyyətli şəxslərdir, yainki "Molla Nəsrəddin müridləri"; hər halda, sözlərinizi, fikrinizi "uydurunuz"; Molla Nəsrəddin müridləri üçün sadə, mədəniyyətli üçün fəsih lisanda yazınız. Açıq söyləmək: millət elmdə tərəqqi tapıbsa, fəsahət bəlağətlə yazınız, tərəqqi etməyibsə ha, böylə boş şeylərdən, "zinətdən" söyləyiniz.... Şükür Allaha, fəsih lisanda yazanlarımız az deyil. Bunlara irad yoxdur. Məzkurlar alimdirlər, "elm" yolunda canlarını çürüdüblər: sadə dildə yazmaq bunlar üçün çətin məsələdir. Eybi yoxdur, əfəndilər, yazınız, lakin türk dilini bilmərrə kənar etməyiniz. Çünki yeni ədiblərimizin əksəri "uydurur", yəni sizin kimi fəsih lisanda yazmaq istəyirlər; siz türk dilinə yavıq olduqca oların da fars və ərəb sözlərinə məhəbbətləri o qədər artmaz. Artmayanda "Molla Nəsrəddin müridləri" əqlə və ruha lazım olan yemdən məhrum olamazlar. Bunu da ədiblərimizə eyib tutmayırız, nə etmək? Ədəbiyyat dilimiz türk, ərəb və fars dillərindən mürəkkəb bir lisandır. Heç çarəmiz yoxdur, dilimiz "loru"dur, kasıbdır. Yamaq lazımdır, "zinət" gərəkdir deyirlər. Sözümüz yoxdur, əfəndim! Razılıq verib dilimizin qüsurlarını "dəftərin bir kənarına yazarız". Lakin "Qospodin predsedatelin mineniyası komissiya naznaçit eləməkdir". Biz "isbalşim udovolstviyom, soqlasiya zayavit eliyoruz" kimi ləhcələri hankı dəftərin kənarına yazmaq mümkündür? İmdi bu yerdədəmi türk sözlərini unudubsunuz? Ya ruscamı elminiz artıq düşübdür? Ya rusca bilməyinizimi göstərmək istəyirsiniz? Yainki türk dilinə "zinət"mi verirsiniz? Anlamayırız və anlaya da bilmiriz! Ərəb-fars sözlərini işlətməyə hər cəhətdən ixtiyarımız var, fəqət bu tövr rus sözlərini işlətməyə heç cəhətdən ixtiyarımız yoxdur. Ondan savayı, rus razı olmaz ki, onun sözlərini qolsuz, qılçsız qoyub "şaltay-baltay" söyləyəsiniz. Böyləmi? Böylə isə türk balası heç vaxt razı olmaz ki, ana dilinə xəyanət etsin.

Xəyanət?

Bəli, xəyanət! Bir dəfə yox, yüz dəfə yox, min dəfə! "Şaltay-baltay" söyləməyinizi yazacayız, bağıracayız, hər halda, müsəlman balalarına xəyanət etməyinizə razı olmayacayız, istiqbalda bunların halını nəzərə almırsınız ya? Eləmi? Əfv ediniz, əfəndi! Onları da özünüzə oxşatmaq istəyirsiniz isə biz mane olacayız, olmasaq millətə xəyanət etmiş oluruz.

Biz deməyiriz rusca danışmayınız! Xeyr, əfəndim! Hərgah mətləbinizi təmiz ana dilində söyləyə bilmirsiniz, söhbət etdiyiniz adam rusca anlayırsa, nə eybi var, təmiz rusca söyləyiniz. Nəinki "şaltay-baltay" edib, asan türk kəlmələrinin yerində rus sözləri işlədəsiniz.

Yox, əfəndim! Məclislərdə döşünüzə vurub "Pojaluystə" demək ilə milləti qabağa aparmayacaqsınız: millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir. Lakin biz deməyiriz, əfəndilər, tərcümə edən kimi "samovara" özündən qaynayan adı qoyasınız. İndi anladınız nə söyləmək istəyiriz?

Bəli, əfəndim! Hamı sözü tərcümə etmək mümkün deyil. Bəlkə tərcümə etsəniz mənası dəyişirilər. Ona görə tərcümə məsələsində böyük ehtiyat lazımdır. Məsələn: "hürriyyət" bəxşiş edən sözlərə diqqət edib hamısını tərcümə etməmək. "Sosial-demokrat-ictimaiyyun amiyyun!", "Sosial revolyusioner-ictimaiyyun inqilabiyyun". Pəh! Pəh! Nə gözəl tərcümə ediblər! Böylə tərcümələrə sözümüz yoxdur: "İctimaiyyun" kəlməsi "sosial" sözünü dürüst andırmasa da, bizim böylə tərcüməyə sözümüz yoxdur. Lakin "provakator", "xuliqan" sözlərini tərcümə etməkdənsə etməmək məsləhətdir.

"Provakator!", "Xuliqan!" Pəh! Nə gözəl, nə dəyərli sözlərdir! "Pojaluysta" sözü ilə türk dilinə "zinət" verməkdənsə, bu sözlərlə zinətləndirmək yaxşıdır. Amandır, mütərcim əfəndilər, bu sözlərə "zinət" verməyiniz!

"Provokator" - "araqarışdıran", "xuliqan" - "yaxşını pis qələmə verən" mənasına tərcümə etsəniz "provokatorlar", "xuliqanlar" yəqin ki, mütərcimlərdən şikayət edərlər, böylə "gözəl" sifətlərdən onları məhrum etmək insafdan kənardır, zənn ediriz. Əcəba! Hürriyyəti pisləyən "xuliqanlar", iki milləti bir-birilə yağı edən "provokatorlar" yüz min zəhmət, məşəqqətlə özləri üçün "gözəl" sifətlər əxz ediblər. İndi siz lüğət zoruna bu kəlmələri tərcümə edib, sifətlərinə bir qeyri rəng istəyirsinizmi? Yoxsa məlumatlı olmağınızı göstərmək istəyirsiniz? Böyləmi? Böylə isə, buyurunuz, əfəndim: "baykot" sözünü tərcümə ediniz, gücünüzü, məlumatlı olmağınızı göstəriniz, əfəndim! "Baykot" kəlməsin tərcümə etsəniz "baykota" layiq olan adamların "ismi-şəriflərini" qara taxtanın üstündən pozarıq, inanmayırsınız ya? İnanız, əfəmdim! İstəyirsiniz teleqram pulunu mən qabaqca verim. Mərcimi uduzsam özünüz mənim xərcimə Orenburq müsəlmanlarına tel vurunuz, tainki "məşhur" əfəndimizin "ismi-şərifini" qara taxtadan xilas etsinlər.... Yox, əfəndim, əbəs yerə başımızı ağrıtmayınız, "baykot" sözünü tərcümə etmək istəyirsiniz isə ibtida "Qasım", "Tiflis", "Moskva", "Maşa", "Saşa" sözlərini tərcümə ediniz.

Bu sözlər ismi-xasdır, nasıl tərcümə etmək? Eləmi? "Baykot" həmçinin ismi-xasdır, əfəndim! Anladınız? Lakin bu "xoşbəxt şəxs" kim olubsa, bilmirsiniz, zənn edirəm. Mən söylərəm: İrlandiya dövlətində cənab Lord İranın böyük mülklərinə baxıcı Çarlz Baykot olub, cəmi ixtiyarat onun əlində imiş. Cənab Baykot lordun mülklərini icarəyə verib icarədarlar ilə çox yaman rəftar edərmiş. İcarədarlar cənab “Baykot”un zülmlərinə, əziyyətlərinə xeyli vəqt davam edib ah və nalə edərlərmiş. Lakin bunların barəsində olan zülm bir payəyə çatdı ki, kənar şəhərlərdə də cənab Baykota lənət edirdilər. Axirüləmr İrlandiya camaatı icarədarlara olunan zülmləri qəbul etməyib lənətnamə düzəltdi ki, “Baykot” ilə heç kəsin əlaqəsi olmasın. Böylə də həqiqət oldu: böyük, kiçik, hamı əlaqəsini “baykot”dan bilmərrə üzdü. Hətta iş bir yerə çatdı ki, aclarından ölən fəhlələrə Baykot birə-on artıq pul verirsə də, fəhlələr ölməyə razı olub “baykot”a işləməyirdilər. “Baykot” cənabları tək-tənha qalıb, İrlandiyadan qeyri dövlətə qaçdı....

İndi bir dürüst diqqət ediniz. Millətin qeyrətinə, hümmətinə, ittifaqına, ittihadına!

Bəli, "Baykot" cənablarını" baykot etdilər, yəni onu topsuz, tüfəngsiz camaat öz arasından rədd etdi. Ruslar "baykot" sözündən fel düzəldiblər. Biz də "baykotlamaq" desək, nə eybi var? İndi lisanımız yeni fel artmaq ilə qüvvətləndi. Fəqət təzə kəlmənin yadda qalmağı üçün gərəkdir çox təkrar etmək, bu məqsədlə biz də təkrar ediriz:

1) Hürriyyətə düşmən olanlar "baykot"a layiqdirlər;

2) Axundlar, əfəndilər məvaciblərinin artmağına səbəb və yaxud Anna, Stanislav nişanlarını almaq üçün Quranın ayələrinə təğyir versələr, onları baykotlamaq lazım gəlir;

3) Öz mənfəətini nəzərdə tutub millətə xəyanət edən şəxsi baykotlayınız;

4) İttifaq və ittihadi-islama bərəks olanları "cənab Baykot" adı ilə çağırınız;

5) Mədəniyyətə düşmən olan müsəlmanları baykotlayınız;

6) Fəhlələri heyvan dərəcəsində tutub dərdlərinə diqqət etməyən adamları baykotlamasanız dərdinizə çarə olmaz;

7) Mümkünü olub, millətin hər cəhətdən tərəqqisinə çalışmayanları və çalışanlara mane olanları baykotlayınız;

8) Ana dilinə "şaltay-baltay" ilə zinət verənləri baykotlamasanız da, bu adətdən daşındırınız.

 

Hələ bizim təsəvvürümüzə, baykota layiq olanlar bunlardır. Siz yenə də bilirsiniz isə idarəyə məlum ediniz. Çox razı olarıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info