Qonaq Kitabı
TÜRK DİLİNDƏ YENİ JURNAL

 

(“Türk dilində yeni jurnal” məqaləsi “İrşad” qəzetinin 9 mart 1906-cı il tarixli 64-cü nömrəsində 4-cü səhifədə “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Bakı müəllimlərinə Əliskəndər bəy Cəfərova və Məhəmmədhəsən bəy Əfəndiyevə təzə türk dilində iki həftəlik "Dəbistan" adında jurnal nəşr etməyə izin verilibdir. Bu jurnal məktəblərdə oxuyan müsəlman balaları üçün olub, ayda bir dəfə validələr üçün də nəzərdən keçirib gələcəkdə müsəlman müəlliınlərinə böyük nəf gətirməyinə şübhə etmiriz. Belə jurnalların çox olmağını qəlbdən istəyiriz.

Həqiqət hal bir millətin mədəniyyət cəhətincə halından bəhs edəndə haman millətin balalarının tərbiyəsinə nəzər etmək gərəkdir. Müsəlman uşaqlarının tərbiyəsi çox yaman halda olmağı kərrat ilə qəzetələrimizdə yazılıbdır. Lakin nə etməli? Uşaqların ibtidai tərbiyəsi anaların öhdəsində olub, analarımızdan dəxi lazım olan tərbiyəni gözləyə bilməriz. Çünki hal-hazırda biçarə analarımız ev işlərindən başqa bir şey bilməyirlər. Uşaqları döymək, söymək gücü ilə yaman hərəkətlərdən saxlayıb kifayət edirlər.

Döymək, söymək ilə uşağın ətrafını düzəltmək olmaz. Bədənə lazım olan kimi ağla və ruha yem lazımdır. Mədəniyyəti, məlumatı olmayan ana uşağı ağlına və ruhuna nə tövr sığal verə bilər? Hal-hazırda bu bir böyük məsələdir ki, hamı işlərimizi çətinləşdirir. Hay din islam zəifləşir! Hay millət nadanlıqda qalıb çürüyür deyib bağırmaqla bir şey olmaz... Tərbiyə, mədəniyyət və tərəqqi yolu təbii olmaq üçün bu məsələyə artıq diqqət etməlidir. (...).

Məktəblərin çox olmağı gələcəkdə millətin böyük xoşbəxtliyınə səbəb olacaqdır. Bu barədə sözlər, təsəvvürlər yüz kərə təkrar olunubsa, biz yüz birinci dəfə təkrar ediriz və edəcəyiz. Ümid ediriz ki, təzə jurnalın idarəsi validələrə məxsus aylıq "Əlavə" də bu məsələyə artıq diqqət etsin. İki həftəlik jurnal "Dəbistan" məktəblərdə oxuyan uşaqlarımız üçün olub, onların ağıllarına və ruhlarına lazım olan yem verməyinə şübhəmiz yoxdur. Bu vaxtadək kitabsızlıqdan uşaqlarımız zərərli, əqidəni pozan kitablar oxuyub naəlac qalmışdılar. "Dəbistan" isə bu tövr kitabların aradan götürülməyinə səbəb olub zəmanəmizə lazım olan məlumatlar verməyini gözləyiriz. Bəli, oxuyanlarmızda qeyrət görünür, hər kəs öz qüvvəsinə görə işləyir. İşləyin qeyrətli qardaşlar, işləyin. Qoy millətin afərin səsi ürək verib qeyrətinizi dəxi də artırsın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info