Qonaq Kitabı
YALNIZ ƏLDƏN SƏS ÇIXMAZ

 

(“Yalnız əldən səs çıxmaz” məqaləsi “İrşad” qəzetinin 16 fevral 1906-cı il tarixli 48-ci nömrəsində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Qəzetəmizin 46-cı nömrəsində 25 nəfər zərgərin tərəflərindən yazılmış məktubu nəzərdən keçirdiz. Haman məktubun barəsində bir neçə söz demək istəriz, fəqət müqəddimə üçün bir balaca hekayə söyləriz: bir qoca kişi ömrünün axırını yavuqlaşmış görüb oğlanlarını yanına çağırdı. Onlara bir dəstə nazik çubuq ağacları bir yerə bağlı verib dedi: "Görüm sizdən kim bu bağlı çubuqları qıra biləcəkdir". Oğlanları bir-bir güclərini sınadılarsa, heç biri dəstəni qıra bilmədi və qoca kişi çubuqları açıb dedi: "İndi gücünüzü sınayınız!" Oğlanları nazik çubuqları çox asanlıqla qırıb dedilər: "Bu çox asan işdir!".

Qoca gülə-gülə oğlanlarına deyir: "Əzizlərim! Siz də bu çubuqlar kimi hərgah bir yerdə olsanız, yəni sizin aranızda ittifaq olsa, heç kəs sizə güc gətirib sizi puç edə bilməz. Vaxta ki, aranızda nifaq oldu, vaxta ki, bir-birinizdən ayrıldınız, sizin puç olmağınıza çox ehtimal var, necə ki, bu yerə tökülən çubuqlar...”

İndi siz də əzizlərim - 25 zərgər qardaşlar! Bu hekayəyə dürüst diqqət ediniz. Hal-hazırda hamı sənətkarlar, qəsbkarlar cidd-cəhd edirlər cəmiyyətlər düzəltsinlər, tainki bunların başları bir yerə bağlı olsun. Məgər siz sənətkarların dərdi azdırmı? Hərgah sizdən biriniz ümum dərdinizi dövlətə və ya cəmiyyətə söyləsə, onun sözünün qüvvəti olmayacaqdır. Vaxta ki, dərdiniz cəmiyyət tərəfindən söyləndi, nəinki cəmiyyətlər, hətta hökumətin də borcudur sizin sözlərinizə diqqət edib tələbinizi yerinə yetirsin.

Hökumət və ya cəmiyyət bir nəfərin bərəksinə gedə bilər. Amma cəmiyyətin yox... Məsələn: bu gün istəyirsiniz günlük zəhmətinizin qiymətini və yainki qayırdığınız əşyaların qiymətlərini artırasınız və ya xeyr camaat işinə qarışasınız, ol vaxt cəmiyyətimiz olmasa sözünüzə nə dövlət, nə Duma və nə camaat qulaq asar. Vaxta ki, tələbiniz təsdiq olunmuş cəmiyyət tərəfindən söyləndi, yəqin məqsudunuza çatarsınız, çatmasanız da dərdiniz və tələbiniz hər bir cəhətdən diqqətə alınacaqdır. Cəmiyyətinizin necə ki, yazırsınız kassası olacaqdır. Bu kassanın mənfəəti nədir? Belə fərz ediniz ki, sabah sizin yoldaşlardan biri kasıb oldu və ya xeyr, naxoşladı, haman yoldaşlarınız tövrbətövr səbəblərə görə qara günündən ötrü pul yığmayıbdır, evində beş-altı baş külfət ac qalıb. Bu biçarə nə tövr zindəganlıq etsin? Sizin insafınız, qeyrətiniz rəva gorürmü dünənkı yoldaşınız və ya onun övrəti əlinə kisə alıb qapı-qapı gəzsin? Elə ittifaqlar azdırmı? Qardaşlarım! Rüzgara ümid bağlamaq olmaz! Qara gün hamı üçün var. Bundan savayı kassanın pulu sizə qeyri işlərdə də lazım olacaqdır.

Tutalım siz, zərgərlər, hamınız zənginsiniz və hamınız qara gün üçün tədarük edibsiniz, lazım bilirsinizmi ayda yığdığınız puldan bir qədər ayırıb bir müsəlman yetimi oxudasınız. Biz insanız: öz qarnımızdan savayı əlsiz-ayaqsız, kasıb din qardaşlarımız var, kömək lazımdır!.. Siz zəngin qardaşlardan kömək olmasa, kimdən olacaqdır? Quru sözlər ilə millət tərəqqi tapmaz, əməl lazımdır, qeyrət gərəkdir olsun.

Xülasə, cəmiyyətiniz olsa, həm dünya və həm axirət işlərinizə mənfəət olacaqdır. Ancaq cəmiyyət qərar edəndə məxsusiyyətlik olmasın; qeyri cəmiyyətlərin proqrammalarını götürüb onlara binaən özünüz üçün proqramma düzəldiniz. Ümid ediriz ki, 25 zərgər qardaşlarımız bu xeyir işdə bizimlə həməfkar olub cəmiyyət qərar etməyə ciddü-cəhd etsinlər... "Yalnız əldən səs çıxmaz" sözlərini unutmayıb birləşməyə çalışsınlar ki, cəm fərddən güclüdür!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info