Qonaq Kitabı
Mənim ol sevgi yarım gəldi, xoşdur

 

Mənim ol sevgi yarım gəldi, xoşdur.

Əlimə ol nigarım gəldi, xoşdur.

 

Əlindən ixtiyarın getsə, getsin,

Əlimə ixtiyarım gəldi, xoşdur.

 

Sən ol səhradə çün quli-biyaban,

Çəməndə gülüzarım gəldi, xoşdur.

 

Öl imdi qış günü sərma əlindən,

Mənim tazə baharım gəldi, xoşdur.

 

Sən ey Seyyid Əli zülmat içində

Bu rövşən ruzigarım gəldi, xoşdur.

 

Xətayi, şükr qıl Allaha daim,

Gedən səbrü qərarım gəldi, xoşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info