Qonaq Kitabı
Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir

 

Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir,

Həm ənbiyalər üstə ulu padşahdır.

 

Tərif edüb sifatini, şirim dedi xuda,

Bu doğru sözə insü məlayik güvahdir.

 

Həm bəhrü kanü kuhi-vilayətdir ol Əli,

Düşmən anın qatında qamu bərgi-kahdir.

 

Olmaz qənim Qənbərinə bəbrü əjdəha.

Çün həmdəmi ol şahi-cəhanın ilahdir.

 

Hər kim anı sevirsə, Yəziddən nə fikri var?

Çün qullarına xövfü xətərdən pənahdir.

 

Ol mədəni-vilayət anın asitanidir

Kim, eşigində insü mələk dadxahdir.

 

Gər bürcü-ərşin üstə mələk anı sevməsə,

Harut tək məqami anın qəri-cahdir.

 

Bürcində övliyalarin ol, filməsəl, tamam

Kövkəb içində nisbəti xurşidü mahdir.

 

Məhşər günündə lütfin umar dəstgir ola,

Miskin Xətayiyi-xəstəyə kim, pürgünahdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info