Qonaq Kitabı
HƏRDƏNBİR (4)

 

(Balaca felyeton “Həyat” qəzetinin 25 avqust 1906-cı il tarixli 190-cı nömrəsində 3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Öz ruznaməmdən 

 

Bu mühərrirlər qəribə adamlardır! Bunların qəribə söhbətləri olur! Allah göstərməsin, iki biri-birinə zidd əqidəli mühərririn bəhsini! Bunlar bir yerə düşüb söhbət edərlərsə, gərək qulaqlarını tutasan. İkisi də bir əqidədə, bir təsəvvürdə həməfkar olurlarsa, söhbətləri çox xamuşluq ilə keçir. Bağırmaq, çığırmaq olmur, hirslənirlər, biri-birinə öz hissiyyatlarını söyləyirlər, gülüşürlər. "Kimin məqaləsi kimə nə tövr əsər etdi? Kim nə tövr anladı?" Söhbətləri böylə etidal ilə olduğundan günləri bir az asudə keçir. Bəzən bunlar səfayi-xatirə ilə bir kitab, ya bir məqalə oxuyub hərə öz təsəvvürünü söyləyir...

Lakin əsil tamaşa, iki bir-birinə müxalif rəyli mühərrir söhbət edəndədir!  Çığırmaqlarından əlavə, bir də eşidirsiniz stullar qırılır, qəzetələr cırılır. Çay içirlərsə, stəkanlar sınır, qədəhlər qırılır. Xülasə, daha nə deyim! Nələr, nələr olmur? Həmin məclisdə olsanız yenə yaxşıdır, heç olmasa, bir söz də siz deyərsiniz, on kərə onlar bağıranda, bir kərə də siz bağırarsınız...

Yoxsa, ayrı bir otaqda oturub çığır-bağırtını eşidəsən, bəhs edənlərin üzlərini görməyəsən, adlarını bilməyəsən, gözlərini o yan-buyana gəzdirib ancaq qulaqlarını şiş edəsən, söyləməyə də haqqın, ixtiyarın olmaya! Ondan savayı, bir oxuyub-yazmaq da imkan xaricində ola!.. Xülasə, yaman halətdir!

Böylə bir halətdə mən çox vaxt bulunuram. Mən olduğum otağın qonşuluğunda bir mühərrir olur, bunun yanına öz yoldaşlarından biri gələndə söylədiyim vəchlə təhəmmülfərsə bir qalü-məqaldır, başlayır... Bu günlərdə axşam oturub qəzetəyə göz gəzdirirdim. Nəzərimə biçarə Spiridonovanın kağızı düşdü, kərrat ilə oxuyurdum. Gözlərimdən bilaixtiyar yaşlar axırdı... Öz-özümə fikir edirdim: ey biçarə məzlumə, bu zəif, qüvvətsiz bədən ilə nə oldu ki, axırda bu qədər ağır zəncir ayaqlarına, əllərinə vururdun? Sənin "tayların" gəlinliyə hazırlanıb saraylarda güzəran keçirtmək istəyirlər, pərqu balışlarda, yumşaq döşəklərdə nazpərvərdə olaraq, gündə rəngbərəng xörəklər yeyib üstündən lətif-lətif şərbətlər içmək fikrindədirlər. Bunların ən böyük arzuları budur ki, şirin bir yuxuya doyandan sonra kənizin biri ayaqlarını geyindirsin, biri paltarını tutsun, biri də tualetinə kömək etsin, başını darasın, saçını hörsün. Sənin tay-tuşların özlərini bu günlərə bəsləyirlər.

Sən yazıqsan, məzluməsən. Zəifə, nə günlər çəkirsən! Qaranlıq, quru, nəmli yerlərdə uzanıb iyimiş bozbaş verəndə yeyirsən, verməyəndə qalırsan ac, ənva mikroblarla dolu, ilıq, bulanıq bir su da sənin şərbətin olmuşdur. Nə oldu? Nə səbəbə bu günləri özünə qəbul etdin? Sən bir zəifə qız ola-ola nerədən bu rəşidlik, bu mərdlik səndə bulundu? Bu günlərdən qorxmadın? İştə qüvvətli oğlanlarda, ürəkli kişilərdə bu qədər cürət tapılmaz ikən nə əcəb sən bu işi dəröhdə etdin? Bu fikirləri mən zehnimdən keçirirkən qonşum mühərririn qapısı açıldı. "Mən əqidəmi hər halda pula satmayacağam" sözləri ilə otağına yoldaşı bulunan digər biri daxil oldu. Səsindən həmişə dava ilə gurultu ilə mübahisə edən bir advokata oxşatdım, oxşadıb da söhbətin aqibətini gözlədim.

Qonşu mühərrir: - Yenə nə üz veribdir? Çox ağzı atəşli gəlibsən.

Qonaq advokat: - Canım, mən advokatlığı tərk edəcəyəm. Üç kişi gəlib yanıma ki, bizim oğlanı hər nə tövr olsa Sibirə getməkdən xilas edəsən!.. Beş min manat pul veririz! Dedim, oğlanın qatil olduğu mənə yəqindir. Mən necə gedim məhkəmədə onu yalandan müdafiə edim? Mən nə beş min manatı istərəm və nə də bir yalanı müdafiə edərəm!

Qonşu mühərrir: - A canım, sənə nə?!.. O oğlan qatildir, ya deyildir, sən pulunu al, cibinə qoy. Altı-yeddi baş külfət sahibisən, borca batmısan, bu beş min manatı almasan hamı uşaqların acından qırılacaq.

Qonaq advokat: - Qoy acından qırılsın!

Qonşu mühərrir: - Keçənlərdə məhkəmədə danışdığın sözlər elə şeylər idi ki, sənin özünü də tutub axırda nəf və həbs edərlər. Övlad və əyalına yazığın gəlmirmi?

Bu sözlərin üstündə advokatın lap acığı tutub çığırmağa, bağırmağa başladı, dedi ki, sizin cürətsizliyinizin səbəbi mənə aşkardır. Siz Duma bağlandı deyə, eylə bilirsiniz ki, hürriyyət, məşrutiyyət məğlub olacaqdır. Bu zənndə bulunduğunuz üçün qalib kimi görünən tərəfə tamah etməyə başlayırsınız. Xeyr, xeyr, bunlar boş xəyaldır.

Mən əqidəmi pula satmayacağam. Qoy nə olur-olsun, qızım, oğlum, o balaca balalarım aclıq çəksinlər, qoy mən məramıma yetişməyim... Ancaq tutduğum yoldan, etdiyim fikirdən əl çəkməyəcəyəm. Elə bu günlərdə açıq meydana çıxıb öz rəyimi söyləyəcəyəm, bağıracağam. Eşidən eşitsin, eşitmək istəməyən qulaqlarını bərk-bərk tutsun...

Mən bunu anlamışam ki, hürriyyət olmayınca bizim millət ayılmayacaqdır. Mən açıq-aşkara deyirəm: hürriyyətə zidd olan millətinə, vətəninə ziddir. Bunu deyib qapını bərk çırpıb getdi. Qonşu mühərrirdən daha səs çıxmadı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info