Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (10)

 

(Felyeton “Həyat” qəzetinin 13 avqust 1906-cı il tarixli 184-cü nömrəsində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Məndən sorsalar: Bakıda ən yaxşı şey nədir? Mən hazır-cavab bir adam olmasam da, deyərəm ki: Bakıda ən yaxşı şey aydınlıq gecələrdir! Həqiqət, bu vaxtadək Bakıda aydınlıq gecələrə diqqət etməyibsiniz isə, yainki bir para adamın istilahilə "müştəri gözü ilə" baxmırsınız isə, dürüst diqqət ediniz, bir də "müştəri gözü ilə" baxınız: nə gözəl, nə lətif, nə qədər əzəmətli gecələr görərsiniz. Nə qədər ali hissiyyat oyandıran bir mehtab müşahidə edərsiniz. İndi əsil vaxtdır. Ay getdikcə böyüyür, getdikcə gözəlləşir; böyüdükcə, hilal bir bədrə təhəvvül etdikcə, hissiyyat artırır. Bunu da əlavə edəlim ki, Bakıda Kaspi dəryası olmasa idi, qəmərin də bir o qədər hüsnü, lətafəti olmaz idi! Bu axşam həqiqət, dərya kənarına çıxınız: ya Naberejnidən dəryaya, dəryada duran, ya gələn, ya gedən paroxodlara, ya xeyr, balaca lodkalara - "əcəl çömçələrinə" bir dürüst diqqət ediniz. Pulunuz varsa, faytona minib Bayıla gediniz, ətrafı oradan seyr və tamaşa ediniz, ya xeyr, Lovis paroxoduna bir neçə şahı verib dənizə çıxınız, görünüz ətraf nə gözəl mənzərə əxz edir. Şübhəsiz, sizə də bəzi hissiyyati-aliyədən nəsibələr olacaqdır. Bu vaxtadək məhəbbət nə olmağını bilmirdiniz, hiss etmirdiniz isə, indi biləcəksiniz, hiss edəcəksiniz.

"Məhəbbət" sözünü işlətdiyim üçün, Xuda eşqinə, başınızda qeyri bir fikir olmasın. Sonra deyərsiniz ki, mən sizi guya "eşq və məhəbbətə" dəvət edirəm, zənn edərsiniz ki, mən sizin bəlayi-eşqə giriftar olmanızı və şüurunuzu itirib məcnun surətinə düşmənizi istəyirəm. Xeyr, hissiyyatınız bir az da çox olursa, qorxuram ki, özünüzü dəryaya belə atarsınız. Yox, əfəndim, mən belə işlərə dəvət etmirəm, bir də elə bir halın vaxtı keçibdir, haman halət, yəni məhəbbətə mübtəla olub dəryaya düşmək, ya tapança ilə öz-özünü vurmaq, ya karbolka içib zəhərlənmək halətlərinin cümləsi ancaq bahar fəsli olar.

Xeyr, əfəndim, mən belə yola dəvət etmirəm və edən də deyiləm. Mənə nə düşübdür özgənin qanına səbəb olam. Və bir də belə şeyə dəvət etmək olmaz. Demək olmaz ki, ey filan, gəl məhəbbət bağla, aşiq və divanə ol, Məcnun ol düş çöllərə. Belə işlər dəvət ilə olmaz, hər kəsin öz həyatına bağlı bir keyfiyyətdir. "Göz gördü, könül sevdi" iştə, o qədər, yoxsa dəvət, təşviq ilə bir şey çıxmaz. Mən ancaq sizin məhəbbətinizə asimandakı mahi nail etmək istəyirəm. Mən ancaq demək istəyirəm: gündüz məşəqqətdən qurtarandan sonra bir az rahat olmaq istəsəniz, Bakıda təmiz hava çəkib cisminizə, ruhunuza, ağlınıza bir növ asudəlik, rahatlıq verə bilərsiniz... Həqiqət hal, çox çətindir: səhərdən axşamadək "çırt-çırt" bir hesabdır, davam edir; bəli, filan xozeyin bu qədər mazut istəyibdir, putu filan qəpikdən, edər min neçə manat, ya xeyr, filan ağanın vekselinin günü tamamdır, gərəkdir prosent alına, ya dəyişdirilə, ya filanın vekselini protest etmək, yəni evini yıxmaq... Bəli, çotki əlinizdə çırt-çırt işləyir. Bir çotki "çırtlasa" yenə yaxşıdır, yoxsa, dəftərləri oxumaqdan, yazmaqdan, "gözünüzün qarası gedər". Onsuz da burada göz ağrısı çoxdur, "gözlər zəifdir", əlildir, bir az da çox işləsəniz göz həkimlərini Bakıdan qaçırarsınız. Belə çətin, "göz qarası" aparan zəhmətlərdən sonra hansı "insaflı" adam cürət edib sizə deyə bilər: a filan, hərdənbir qəzetəyə də bax. Xeyr, bu sizin haqqınızda böyük zülmdür. İnsana göz bir kərə verilir. Gözün də zəifləşəndən sonra nəyə lazımsan? Saqqal deyil ki, həna, ya rəng qoyub həmişə cavan görünəsən, zarafat etmək olmaz, bu gözdür, əfəndim. Həmçinin ağıla, ruha da çox zəhmət vermək olmaz. Səhərdən axşamadək oturub fikir edirsiniz: nə tövr etmək ki, bir milyon iki milyon olsun, ya mağazanı böyütmək, ya xeyr, birmərtəbə evi iki-üç mərtəbə qaldırmaq. Belə fikirləri edib ağlınızı çox işlədirsiniz, sonra "çox dərin" fikirlərdən başınız ağrıyar, "başınıza hava gələr". Arximed də hamamda oturub fikir edirdi, nə səbəbə insan suya girəndə yüngül olur... Axırda bu məsələni həll edə bilib səbəbini tapdı, tapdığı üçün sevindiyindən çılpaq-çılpaq hamamdan küçəyə çıxıb qaçmağa başladı. "Evrika, evrika", yəni tapdım, tapdım, deyə-deyə küçədə qaçırdı. Bu surətdə biçarə Arximed özünü "biabır" etdi. Çox adam dedi ki, kişi dəli olubdur. Ancaq "bir biabırçılıq" etdi ki, indi də adı bütün üləmanın dilində hörmətlə yad olunur. Dünyada məşhur olubdur... Mən qorxuram siz də çox fikir edib axırda adınız cənab Vittenin finans dəftərinə keçə, sonra Rusiyaya borc pul lazım olanda sizi çəkələr meydana və deyələr: indi bizə öyrət nə tövr bir milyonu iki milyon eləyirdiniz, yainki bir mərtəbə evi birdən-birə üç mərtəbə qaldırırdınız...

Hər halda ehtiyatlı olmaq, çox da ağlınıza zor verməmək faydadan xali deyildir. Ondan savayı, səhərdən axşamadək belə işlərin barəsində fikir edirsiniz, bu yolda zehninizi yorursunuz, çalışırsınız, çabalayırsınız, məqsudunuza çatmayanda qanınız xarab olur, ruhunuz da inciyir. Bir gün belə, iki gün belə, iki gün, iki ay, bir il, on il, ömrümüz olduqca belə halətdə olmaq mümkün deyil. Buna bədən, zehin, ruh tab gətirməz; axırda çox xarabçılıq olar. Yəni, nə ola bilər? Hərgah bir şeydən söhbət olursa, siz fikir edirsiniz, görəsən, bundan pul çıxarmaq olarmı? Gözünüz, doğru, "qaraya" baxdıqca zəifləşəcəkdir, lakin "nerədə və nerədən" pul çıxarmaq künclərini gözsüz də görəcəksiniz. Asanlıqla pul qazanmaq olursa, ruhunuz da rahat olacaqdır, rahat olursa, ümumi dərd-qəmlər sizə əziyyət verməyəcəkdir. Ümum millətə bir şey olursa, sizin halınıza təfavüt olmayacaqdır. Siz pul ilə, pul sizinlə olub böyük "səadətə" yetişəcəksiniz, böyük rahatlıqda bulunacaqsınız, yəni millət, din, dövlət və vətən dərd çəkməyən surətdə qanınız da çox xarab olmayacaqdır. "Çox xarab" deyib də halınıza nisbətən nəzər yetiririz. Çünki bir para adamlar var ki, həm çörək fikrini çəkib qanları xarab olur, həm də millət, vətən, dövlət, din yolunda fikir edə-edə qanlarını xarab edirlər. Onlar, deməli, iki yolda narahat olarkən, siz bircə yolda rahatlıq bilmirsiniz, onlara nisbətən, əlbəttə, siz çox xoşbəxtsiniz.

Mən isə istəyirəm siz lap xoşbəxt olasınız, gündüzlər xarab olan qanın yerinə təzə qan gəlsin, yəni xarablaşmış qanınız təzələnsin. Bu da nə ilə olar? Təmiz hava ilə, sizə hər saatda, hər dəqiqədə yoldaş fikirlərdən bir az xilas olmaqla.

Bu fikirlərdən isə o vaxt xilas olmaq olar ki, gözünüz bir qeyri şey görə, ağlınız bir qeyri yolda işləyə, o da ancaq bu aydınlıq gecələrdə mümkündür. Gündüz Bakıda günün istisindən gəzmək mümkün deyil, ondan savayı, gündüz boş yerə necə gəzmək olar ki, sənin yoldaşların bir milyonu iki milyon düzəltmək fikrindədirlər, sən durasan veyil-veyil gəzməyə, xeyr, belə iş olmaz. Buna heç kəs razı olmaz. Biz bir-birimizi qabaqlamaq, bir-birimizdən irəli getmək istəyiriz. Bu iddia ilə gündüz gəzməkmi olar, xeyr, bu başa gələn iş deyil, ondan savayı, Bakının istisindən gündüz gəzməkmi olar? Bunların hamısını mən bilirəm, ona görə sizə də məsləhət görmürəm. İndi əsil gəzmək vaxtı axşamlardır. Heç kəs alış-veriş etmir. Sən də rahatsan, bilirsən ki, səndən artıq qazana bilməyəcəkdir...

Ondan savayı, işıq, sərin, "gecə quşları" torlu paltarlarda "şux-şux" yanınızdan ötüb keçirlər, ağzınız açıla qalır. Haman bu halətdə bulunarkən sizin ağlınız "qeyri" bir yerdə işləyir. Lakin pul məsələsi yenə meydana pırtlayır, ya xeyr, bağda gəzərkən görürsünüz iki aşiq-məşuq ağacın altında oturub yavaş-yavaş söhbət edirlər, hərdənbir aya baxıb "ah! vah! oh!" edirlər.... Bunları görüb yenə pul məsələsi meydana pırtlayır... Qeyri bir halətdə bulunursunuz, yenə də qanınız xarab olur...

Mən gəzmək üçün bunu da sizə məsləhət görmürəm. Hamıdan rahat, "qorxusuz" bu aydınlıq gecələrdə dəryadır. Dəryaya çıxınız, gərdişin comərdliyini görərsiniz, gündüz çəkdiyiniz məşəqqətdən rahat olarsınız, gözünüz bir ayda, bir də suda olub daha pul məsələsi meydana gəlməyəcəkdir. Çünki nə ayı və nə dəniz suyunu pul ilə almaq mümkün deyil... Ola bilsin ki, burada da "bir neçə adamın" fikrindən pul məsələsi keçə, məsələn, paroxod da seyrə çıxıbdır, Nargin cəzirəsinə gedir. Birdən fikrinə düşür: nə yaxşı olardı ki, mənim də bir paroxodum olaydı. Durur hesab çəkməyə: gündə paroxod yüz nəfər adam Narginə aparıb-gətirsə, adambaşı altı şahıdan gündə dörd dəfə ... yanında "çırt-çırt" olmamağa görə hesab tuta bilmir,"övqatı təlx olur". Bircə tez kənara yetişəydik deyib gözü evdə olur ki, paroxoddan düşüb tez evə getsin, çotkini əlinə alıb hesabı tamam etsin. Paroxod böyük nəf gətirirsə, sabahdan onun fikrində olsun.

Yox, əfəndim, belə adamları biz nəzərimizdə tutmuruz, bunlar azarlıdırlar, sill, fikir azarına mübtəladırlar.

Əlac etmək çox çətindir, vaxtı keçirmişik, belə adamlardan bəhs etmək "həvəngin dəstini boş həvəngə vurmaq" kimidir. Biz istəyiriz asan azarları özümüzdən rəf edək, biz istəyiriz iyirmi dörd saatın ərzində heç olmasa, bir, ya iki saat bu adamlar gərdiş ilə olub yavaş-yavaş dünya, insan nə olmağını bəlkə düşünələr, bəlkə bu dünyanın vəfasız olmağını anlayıb vicdanlarını çox da pulun ixtiyarına vermiyələr. Yavaş-yavaş tərbiyə tapıb "puldan" savayı bir qeyri şeylərə də baxmağı öyrənələr, adət tutalar, bəlkə aya, ulduza, insanı müəyyən fikrə salan dəryanın üzünə baxıb ürəklərini daş edən, ağıllarını paslandıran, gözəl hissiyyatını mürur ilə fəna edən şeylərdən yavaş-yavaş əl çəkə, heç olmazsa, on iki saat pula baxanda, bir-iki saat da ətrafında olan şeylərə baxa, özgələrin sözlərini eşidələr, ah və nalə edənlərin imdadına çatmasalar da, ürəkləri bəlkə bir az yumşala, zehinləri açıla, fikirləri təzələnə. Yavaş-yavaş himmət, millət, lisan və ədəbiyyati-milliyyə, camaat, insaniyyət, vətən, din, əfkar və hissiyyati-milliyyə nə olmağını bəlkə düşünələr, bunların tərəqqisinə özləri çalışmasalar da qeyri çalışanlara da mane olmayalar... Bizim əsil məqsudumuz budur! Aya, ulduza, göyə, yerə, hamı gərdişə diqqət ediniz deyib də, fikrimizdə bunu tuturuz. Bu yola o adamları dəvət ediriz ki, hələ fikir azarı onların beynində köhnəlməyibdir, müzmənləşməyibdir, binaənəleyh müalicə etmək olar. (...).

Necə ki, qəməri pul ilə almaq olmaz, elə də onları düzəltmək mümkün deyil. Xeyr, belə adamlara söz demək, məqalə yazmaq, qəzetələrdə bağırıb-çığırmaq bir nəf gətirməz. Bunları gərdişə, zəmanəyə, daha dürüstü, zəmanənin təqazəsinə tapşırmalıdır. Zəmanə özü bəlkə bunların ürəklərini yumşaldıb fikirlərini dəyişdirə...

Budur, üç aydır ki, qəzetələrdə elan olunur, məqalələr yazılır: ay camaat, avqustun 15-də Bakıya müəllimlər cəmi Qafqazdan yığılıb mühüm məsələlər həll edəcəklər: balalarımıza nə yol ilə tərbiyə versək xoşbəxt olarlar? Hansı qayda-qanun ilə hərəkət etsək elmlərin yolunu onlar üçün asan etmək olar? Nə tövr lisani-millini, tarixi və ədəbiyyati-millini, əfkar və hissiyyati-aliyyəni uşaqlara təlim etmək?.. Belə məsələlərin araya gəlməyini cəmi Qafqaz bilirdi. Bu məsələləri mühüm bilənlər yüz, beş yüz verstlikdən gəliblər, pul xərc ediblər. Gəlməyə mümkünləri olmayanlar gündə təbrik teleqramları göndərirlər. Lakin ... lakin bizim camaat bir şahı konyaka verib Şamaxı yoluna bir nəzər qılmır, istəmir bilsin nə var, nə olubdur? Niyə yığılıblar?

Doğrusu, millətimiz, camaatımız hələ xabi-qəflətdədir, deyən natiqlərin sözlərini təsdiq edib bu sözlərin altında iki əlimiz ilə qol qoyuruz. Özgə bir əlacımız yoxdur, bunları gərəkdir zəmanəyə tapşırmaq. Aya, ulduza baxdırmaq, bəlkə bu sayaq tərbiyə vermək ki, "puldan", "zavoddan", "paroxoddan", "imarətlərdən" savayı da "ay", "ulduz", "gün", "dağ", "əbr", "guhi-atəşfəşan", "bəhri-zəxar", "əbri-şərəbar" da var! Rəd və bərq də var, qara buludlardan rəhmət yağışı yerinə qəzəb ildırımları yağmaq, çaxmaq da var, bir kərə bu ildırımlar çaxmağa başlarsa, puldan da, imarətlərdən də, zavodlardan da bir əsər qalmaz, hamısı əldən çıxar!.... Dünyadan, əhvali-aləmdən, bəşərin hər növ dərd və ehtiyacından xəbərdar olmaq lazımdır, vəssəlam!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info