Qonaq Kitabı
BU GÜN

 

(“Bu gün” “Həyat” qəzetinin 15 avqust 1906-cı il tarixli 181-ci nömrəsinin 1-2-ci səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Bu gün saat onda müəllimlərin ictimai açılır. Bu gün bir yövmi-mübarəkdir! Bakı böylə məclisi əvvəlinci dəfə görür.

Bu gün Qafqazda cəmi müsəlman balalarının dərdlərinə dəva aranmağa başlanacaqdır. Bu gün insanın lisani-madərzadi, ana dili nə olmağı məlum olacaqdır.

Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qələbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan edibdir. Bir dil ki sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında o dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun möhtac olduğunu məvadi o dində tələb eləyibsən...

Bir dil ki ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman dil, diyari-qürbətə, biganələr içinə düşəndə ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsabın təhəyyüc edir; beynin, fikrin, xəyalın işləməyə başlayır, bir anan, qohum-əqrəban, dost-aşnan, rəfəqan budur, durublar, guya səninlə haman dildə söhbət edirlər; bir az keçmiş uşaqlığın, oynadığın, durub-oturduğun, düşüb-qalxdığın yerlər bir-bir yadına gəlir, ürəyin daha ziyadə zərabətə başlayır. Bu heyndə haman dildə bir "şikəstə" deyərlər... Məsələn oxuyalar ki:

 

Bu nəğmələri kimsə eşitməz rüfəqadən,

Kim çarə bulub eyləsin alamımı təskin,

Ah, oldu pərakəndə o cəmiyyəti-əhbab,

Heyat ki, övdət edəməz ol dəmi-şirin.

Bir məclisi-biganəyə mən nəğməzən oldum.

Qəmgin oluram eyləsələr də məni təhsin,

Sevdiklərimi zalım ölüm eylədi qurban,

Baqilərini dərbədər indi yedi-hicran.

Bir xeyli zamandan bəri nisyanda qalanlar,

Bir silsilə şəklində gəlir xatirə təkrar! və i.a.

 

Böylə oxunduqca, tərənnüm edildikcə nə kimi bir hiss duyarsınız? Nə kimi həzin əfkar və təxəyyülata qapılarsınız?! Xeyr, əfəndim? Qəriblik görməyibsən, illər ilə ana dilınə həsrət qalıb, o dildə bir nəğmə, bir cümlə eşitməyibsən, bu həzin, fəqət müqəddəs hissdə bulunan madərzad təşnəgisindən xəbəriniz yoxdur!

Böylə təbii gözəl hissiyyatda bulunmayıbsan!..

Xeyr, haman qərib vilayətdə bir musiqi milli havalardan bir şey çalır. Sən cəmi vücudunla, cəmi ruhunla qulaq asırsan, həm qəmgin, həm də şad olursan. Həqiqət, nə halda bulunmağını dürüst anlamırsan. Ancaq musiqiçilərə istəyirsən deyəsən: çalınız əfəndim, çalınız! Çünki bu çaldığınız ahəng mənim qəlbimin, ruhumun ən dərin guşələrindən xəbər verir!..

Elmi-musiqiyə heç aşna da olmasan, yenə belə bir halətdə bulunacaqsan. Niyə? Ondan ötrü ki, həmin ahəng və zümzümədə validən deyən laylaların havasını sevirsən, onun məhəbbətini hiss edirsən. Onu görmürsən, lakin bir növ  səsini eşidirsən. Yainki eşitdiyin əlhan və əsvatı anayın sədasına oxşadırsan!

Həqiqət, nə gözəl bir halət, nə səfalı bir saat!.. İndi desək mürur ilə təbii olan bu gözəl hissiyyatı məhv etmək istəyirdilər, təəccübmü edəcəksiniz?.. Məgər görmürdün? Anlamırdın? Yeni gözəl romanlardan hankısını öz dilinə tərcümə etdin, hankısını oxudun? Uşaqlarımız təhzibi-əxlaq və adaba dair hansı bir hekayələri öz dillərində oxudular? Qafqazda milli şairləri: Zakiri, Vaqifi, Vidadini yaxşımı tanıyırsan? Keçən ilədək hankı bir dərdini ana dilində yazıb-oxuyubsan? Bunlar nəinki olmayıbdır, hətta axır vaxt şəriətini ana dilindən iraq salmaq "istəyirdilər", bəli "istəyirdilər" və özümüzdən "bir neçə adam", "istəyənlər" əl çalırdılar və hala da çalanlar əskik olmayıbdır.

Qoy qalsınlar! Lakin haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətində məknun olan hissiyyati-aliyeyi nabud edəməyəcəklər!.. Analarımızın laylalarını qulaqlarımızdan çixarmayacaqlar, illər ilə bilüzum bir şey kimi ayaq altına atdıqları o gövhəri qiymətdən saqid edəməyəcəklər. Ana dilimiz hər halda qüvvəl tapacaqdır, yeni füzulilər, vaqiflər, zakirlər, vidadilər, seyid əzimlər meydana gələcəklər. Tolstoy, Turgenev, Qoqol, Viktor Hüqo, Zolya, Bayron, Şekspir, Şiller, Gete kimilər olmağını bilməyə öz lisanımız vasitə olacaqdır. Bəli, bugünkü müəllimlər ictimai bundan ötrüdür. Müəllimlər bütün yaralarımıza çarəsiz olacaqlar, bizi aləm və iztirablardan xilas edəcəklər.

Xilas etməyə çarə və dərman tapacaqlar, tapıb da balalarımıza yeni üsuli-tədris ilə ana dilimizi, ana dilimizlə ehkami-şəriəti oxudacaqlar, hissiyyati-mütəhhəreyi-milliyyəmizi artıracaqlar, əqaidəmizi təsfiyə edib, ona cilə və qüvvət verəcəklər.

İndi bir sual: nə əcəb bu vaxtadək böylə fikirlərə düşmürdük? Yoxsa ana dilimizi əhəmiyyətsiz, fəqir bir dil hesab edib etina etmirdik? Yox, əfəndim; firəng dili Avropada nə məqamı haiz isə, bizim də ana dilimiz Asiyada o məqamı haizdir.

Lakin biz özümüz qədrini bilməyib guşeyi-nisyanə atıb ehmal etmişdik, bəli, "ehmal etmişdik" söyləyirəm, hürriyyət olmasa idi, dilimiz bu halətdən xilas olmayacaq idi, əsarətdən qurtulmayacaq idi. Yaşasın hürriyyət! Açılsın kor gözlər, ta görsünlər ki, bugünkü ictimai hürriyyətin səbəbinə yığılıbdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info