Qonaq Kitabı
Mənəm bir tən, vəleykin can anındır

 

Mənəm bir tən, vəleykin can anındır,

Ki, hər kim can qıyar, canan anındır.

 

Təbibimdir mənim, ruhum, rəvanım,

Zəifəm, xəstəyəm, dərman anındır.

 

Eşigində onun mən bir gədayəm,

Nə kim lütf eyləsə, ehsan anındır.

 

Səadət bürcinin dilxahi oldur,

Yer ilə gögü həm Keyvan anındır.

 

Ləbin yanında xəttin Xızra bənzər,

Kənari-çeşmeyi-heyvan anındır.

 

Səri-zülfü ləbi-ləlini gördüm,

Təmami Türkü Hindistan anındır.

 

Səni sevmən deyənlər kafər oldu,

Yüzüni kim sevər, iman anındır.

 

Məgər məşşatə zülfin şanə qılmış,

Bu gələn nikhəti-reyhan anındır.

 

Xətavü Misr ilən Çinü Xorasan,

İraqü Fərs, həm Kirman anındır.

 

Başın top edə gör canan yolunda,

Çalınsın top çün çövkan anındır.

 

Xətayi, can fəda şol yarə qıl kim,

Cəhanü cümlə cismü can anındır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info