Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (9)

 

(Felyeton “Həyat” qəzetinin 11 avqust 1906-cı il tarixli 178-ci nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Bu gün məşhur rus şairlərindən Krılovun "Abirin və gilab" ünvanında olan hekayəsi xatirimə gəlibdir. Çox pürməna bir hekayədir! Qulaq veriniz:

"Bir gün iki yoldaş yol ilə keçirlər və öz işləri haqqında söhbət edirlər. Birdən dərvazanın altından bir böyük it "öö", … "öö" edib bunlara hürdü. Bunun səsinə bir neçə it hürməyə başladı. Bir az keçmişdi əlliyə qədər it cəm oldu. Yoldaşların biri istədi bir daş götürüb bunlara atsın. O biri yoldaşı buna mane olub dedi: "Qardaşım, dur, dur, sən səhvdəsən, bir daşla sən itlərin səsini kəsməyəcəksən, bəlkə daha ziyadə hirsləndirib hürməyinə bais olacaqsan. Yaxşısı budur ki, öz yolumuz ilə gedək. Mən bunların xasiyyətinə yaxşı bələdəm". Həqiqət, bunlar on addım qədər irəli keçəndən sonra itlər yavaş-yavaş səslərini kəsdi. Bir azdan sonra səsləri heç çıxmadı.

Bu hekayədən sonra cənab Krılov qissədən hissə nə olduğunu söyləyir: ürəkləri büğz və fəsadla dolu olan həsud adamlar hər nəyi görsələr mütləq ona irad tutub hürmək istərlər. Sən isə öz yolunla get, bunların "öö", "öö"-sünə qulaq vermə, hürərlər, hürərlər, axırda səslərini kəsərlər.

Tarixi-ədəbiyyatdan belə məlum olur ki, bu hekayədə Krılov kəndi halını yazıbdır. Bunun gözəl və mənzum hekayələrinə vaxtında həsəd aparan çox imiş. "Krılov yazmaq bacarmayır, ya pis yazır, ya yazdığı hekayələrdən insana mənfəət yoxdur" - deyib həsud münəqqidlər hürərlərmiş, havlarmışlar, halbuki Krılovun yüz iyirmi il bundan müqəddəm nəzm ilə yazdığı hekayələr, misallar, indi də məktəblərdə oxunur, əzbərlənir, hər kəsi müstəfid edir. Rusca bir oxuyan tapmazsınız ki, İvan Andreyeviç Krılovu tanımasın.

"Krılov baba" hamı mütəmməddin millətlərdə məşhurdur.

Buna "baba" qocalığına görə demirlər, bəlkə dünya görmüş bir nəsihətçi olduğuna görə deyirlər.

Bəli, Krılov baba zikr olunan hekayədə öz halını qələmə gətirsə də, bizə də bir böyük dərsi-ibrət vermiş olur. "İt hürər karvan keçər, yel qayadan nə aparar" türk məsəli kimi bizə deyir: ağılları paslanmış, gözləri korlaşmış, ürəkləri büğz və həsədlə dolmuş, qabiliyyətsiz, morafəhm adamların "öö... öö"-sünə, qeylü-qalına heç bir vaxt qulaq verməmək, onların taqsırlarından keçmək. Hürərlər, qoy hürsünlər, sən başını aşağı salıb öz işinin dalınca get. Hövləyə-hövləyə axırda yorularlar, səslərini kəsərlər, vicdanları varsa, bir az qızararlar, dillərini açmağa daha utanarlar... Vicdanları varsa! Vicdanları yoxsa, qızarmasalarda axırda yorulub pis hərəkətlərindən əl çəkərlər.

Hər halda, bu adamları ağılları paslanmış, gözləri ümməyə düçar olmuş, əllərindən "öö... öö"-dən başqa bir şey gəlməyən acizlərdən hesab ediriz. Çünki bu biçarələr bir şeyə irad tutanda xəbər alsanız nə tövr etmək yaxşıdır, nə tövr yazmaq, ya nə tövr dolanmaq, ya nə tövr söyləmək, bunlar həmişə cavab verirlər: "Biz belə istəyiriz, kefimiz belə istəyir".

Nə səbəbə? Dəliliniz nədir? - suallarına bunlardan cavab gözləməyiniz. Gözləməyən surətdə, bunlar ilə nə söhbət etmək? Qoyunuz yorulanadək hürsünlər!.. Hürsünlər. Amma bu hürənlər də özlərini camaat üzvü hesab edirlər. Binaəleyh bunların yaman sifətlərini aşkara çıxarmaq lazımdır. Kərratilə yazmaq, fəna hərəkətlərini, ağılsız, fikirsiz sözlərini üzlərinə çırpmaq vacibdir. Camaata gərək bildirmək ki, sənin aranda belə bir ağılları gözlərində, tərbiyədən məhrum üzvlər var: ona andırmaq ki, belə adamlar ilə nə tövr rəftar etmək.

Bunların hərəkətlərini örtüb-basdırmaqmı, yainki açıq-aşkara elanmı etmək, tainki camaat bilib özlərini və uşaqlarını bu bədbəxtlərin yaman sifətlərindən xilas etsinlər. "Hürənlərin" bir qismi var ki, onları diqqətsiz qoymaq olmaz!.. Yəqin ediniz ki, bu qism "hürənləri" diqqətsiz qoysa idik, indi Rusiyada qrinqmutlar, pixnolar, kruşivanlar və əmsalı çoxdan vətəni "alt-üst" edib öz məqsudlarına çatmışdılar. Çoxdan hürriyyət bayrağını darmadağın dağıdıb biçarə kəndlini yenə də yüz illərlə ayaqyalın, başaçıq, yarı buğda, yarı arpa qara çörəyə möhtac qoymuşdular. Bunların gizblərini, iftiralarını, böhtanlarını hər saatda, hər dəqiqədə üzlərinə vurmasaydılar, biçarə yəhudi milləti indi rus torpağından yox olmuşdu. Biçarə müsəlmanlar, ermənilər indiyədək bir-birinin qanını içə-içə Qafqazı səhrayi-Kəbirə çevirmişdilər. Hər iki millətin yurdlarında bayquşlar uluyacaq idi!.. Kazanlılar, başqırdlar və qeyri müsəlmanlar çoxdan missionerlərə yem olmuşdular...

Əşxasi-müzürrun böyük bəla olmaqlarını camaata vaxtında məlum etsə idilər, yəqin ki, yapon-rus davasında milyonlarca canlar tələf olmaz idi!..

Bəli, bunlar "hürürdülər, uluyurdular", camaatı uçuruma dəvət edirdilər... Lakin çirkin məqsədlərinə çatmadılar, vətənini, millətini, camaatını sevənlər ittifaq və ittihad edib bunların müqabilinə çıxdılar, uçurumu aşkar göstərib, qeyri bir yol göstərdilər. Nicat yolunu: hürriyyət, müsavat, ədalət nə olmağını və nə tövr hərəkət edib qaranlıqdan işığa çıxmağın təlim-tərbiyəsini vaxtında verdilər... Verib də bütün vətəni yüz milyon nüfusu tövrbətövr bəlalardan xilas etdilər, yüz illərlə paslanmış ağır zəncirləri dağıtdılar...

Xeyr, əfəndim, bir zamanlar qudurmuşların "öö...öö"-sü böyük bir bəla olmuş idi. Hürənlərin sözlərinə, fikirlərinə, hərəkətlərinə diqqət etməmək olmazdı. Olmazdı deyiriz, ondan ötrü ki, bu qudurmuş qurdların sözlərinə qulaq asan var idi. Onlara aldanan, onların "öö... öö"-sünü, ulamasını zümzümə və nəğmə hesab edənlər var idi, qaranı ağ, ağı qara yerinə işlədən az deyil idi və deyildir də!...

Bəli, hürmək də var, hürmək də. Açıq söyləməli: hurənlərin "öö...öö"-sündən, hərəkətindən ümumi camaat işinə bir zərər gəlirsə, onların ağızlarını bir növ ilə, ya heç olmazsa bir üsul ilə yummaq, bağlamaq lazımdır. Hər halda, bunlara qulaq asılmalıdır! Adamın dalınca, ya xeyr, özünə çox şey deyərlər, xüsusən indi ki, azadəlik verilibdir, nə istəyirsən söylə, kimə irad tutursan tut, kim-kimədir!

Məsələn, bundan müqəddəm bağda iki arvad bir yerdə oturanda söhbətləri bu idi: bu arvadın libası çox uzundur, o qızın paltarının rəngi şlyapasına yaraşmır, filan xanım gəzəndə boynunu əyir... Nə bilim, daha nə tövr iradlar. Lakin bu sözləri bir-birinə "pıçı-pıçı" edib yavaşcadan söyləyirdilər. İndi xeyr, azadəlik verilməyə görə, görürsünüz öz iradlarını, diqqətlərini açıq-aşkara söyləyirlər.

“Azadəlik” verilməyə görə heç kəs də incimir, dilgir olmur, eşidən “azadəliyin” səbəbinə irad edənləri bağışlayır… Lakin insaf ilə işə baxsaq, doğru “azadəliyin” səbəbinə indi iradı, diqqəti ucadan söyləyirlər. Amma iradedicilərin ədədi nə isə azalıbdır. Əvvəllər arvadlar, qızlar demək olur ki, çox yarısı belə işlərlə məşğul idilər, indi isə belələri çox azdır. Həqiqət sözümdür. İnanmırsınızsa, buyurunuz bağa, qızlar, arvadlar oturan yerdə oturunuz, qulaq asınız, görərsiniz belə cəfəngiyat ilə məşğul olan az olacaqdır. Bu da azadəliyin səbəbinə; indi xanımlardan, qızlardan "bu gün filan teleqramı oxudunuzmu? Filan yerdə böyük iğtişaş var, eşitdinizmi? Filan vəzir istefa verir, hürriyyətin filan mücahidi-məşhuru həbs olunubdur". Belə söhbətlər eşidərsiniz. Nə isə, indi söhbətlərin zəmini dəyişibdir. Ağıllar, zehinlər qeyri yerdə, qeyri məsələlərdə işləyir, irad söhbəti eşidəndə də bir məqalənin, ya bir nişanın pis, yaxşı yazılmağı barəsində eşidirsiniz, ya xeyr, filan firqənin əqidəsi yaxşıdır, ya pisdir, filan firqə səhv edir, ya düz yol ilə gedir.

Həqiqət, dürüst diqqət etsəniz, görərsiniz ki, zəmanə təğyir tapıbdır. Adamlar təhəvvül edibdir, bəli, adamlar bir növ təhəvvül edibdir ki, indi bir "parə kişilərimiz də" irad tutmağa ayaq qoyublar, Allaha şükür, "azadəlik" bizə də sirayət etdi. Bundan əvvəl "bir para cavanlarımız" arvadlara irad tuturdular, onların hərəkətlərinə, paltarlarına baxıb diqqətlərini söyləyirdilər. İndi "azadəlik" verilməyinə görə kişilərə də irad tuturlar.

Məsələn, bu günlərdə "bir para cavanlar" bağda bir böyük ittihad və ittifaq edib gələnin-gedənin üst-başına, ağzına, burnuna, bığına, saqqalına baxırmışlar.... Axırda ittifaqlarını göstərmək üçün oxumuş müsəlmanlardan birinə götürüb bu məzmunda bir kağız yazırlar: "Filan, təvəqqe ediriz, saqqalınızı erməni saqqalına oxşatmayasınız". Ha, ha, ha!

Gülürsünüz! Əfəndim, gülməyiniz, əfəndim! Doğru sözümdür, yoxsa inanmayırsınız, kağızı alan mənim üstümə gəlmişdi, şikayət edirdi. Deyir, görürsünüzmü, bizim "bir para cavanlar" nə ilə məşğul olurlar. Bundan sonra gəl "bunlar" üçün işlə, qanını xarab et... Hətta yazanların adları da məlumdur. Camaat "ağıllı", "kamallı", vaxtın təqazasına görə söhbət edən belələrini bilmək istəsə, qəzetəsiz elan etmək olar, çünki layiq görməyiriz "belə cavanlar kompaniyasının firmasına ləkə vurulsun". Ondan savayı, bu "firma" onsuz da məşhur imiş. Mən ancaq bilməyirmişəm. İndi mən də bildim. Bu "firmanın" üzvlərindən russki-tatarski şkolalarında oxuyublar, rusca oxuyublar. Ola bilməz ki, Krılov babanın hekayələrini oxumamış olsunlar.

Ey bədbəxt millət! Dərdimiz, qəmimiz azalmaqdansa, gün-gündən çoxalır; fəryadımız kəsilməkdənsə, gün-gündən ucalır; gözümüz açılmaqdansa, gün-gündən örtülür. Ağlımız seyqəl tapmaqdansa, gün-gündən paslanır...

Belə iradları bundan müqəddəm mollalardan, qocalardan eşidirdik, indi "cavanlardan" eşidirik. Afərin, gələcək millət balalarının atalarına! Afərin, etdiyiniz "ittifaqa".

Siz filan oxumuşa saqqal barəsində nəsihət veribsiniz, lakin mən də sizə nəsihət verməsəm də ürəyimdə olanı deyəcəyəm: - Zavallı cavanlar! Bir adamın saqqalı barəsində ittifaq etməkdənsə, Şişə kəndlərində acından, susuzluqdan, dərmansız, köməksiz, yurdları viran, uşaqları yetim qalmış din qardaşlarınızın barəsində ittifaq edib hərəniz bircə manat göndərə idiniz... Onda bilərdik ki, dini-islamı saqqal ilə tanımayıbsınız... Bu yolda iradınız diqqətə alınardı, bu yolda sözləriniz eşidilərdi... Fəqət bu hərəkətinizdə Krılov baba sizə cavab verər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info