Qonaq Kitabı
Eşqin, ey dilbər, könül təxtində şah olmuşdurur

 

Eşqin, ey dilbər, könül təxtində şah olmuşdurur.

Surətin can mülkinə xurşidü mah olmuşdurur.

 

Eşqini könlümdə mən dəxi neçük pünhan edim?

Ruyi-zərdim, əşki-sürxim çün güvah olmuşdurur.

 

Müddəilərdən dəxi, cana, nə fikrim var mənim,

Bəndəyə çün sən kimi sultan pənah olmuşdurur.

 

Bağçada hüsnin gülünü bülbüli-şeyda görüb,

Axdı yaşı danə-danə, bənzi kah olmuşdurur.

 

Hüsnini hər kim ki, gördü, valehü heyran olub,

İşi anın dünyədə fəryadü ah olmuşdurur.

 

Çün cəmalın gördü düşmən, qılmadın ana nigah,

Müddəilərinin məqami bəndü cah olmuşdurur.

 

Bu Xətayi yüzüni ta gördü, ey xubi-Xötən,

Ol Xətavü hind elində padşah olmuşdurur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info