Qonaq Kitabı
Ta mənim könlümdə, cana, həsrəti-cananədir

 

Ta mənim könlümdə, cana, həsrəti-cananədir,

Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.

 

Arizin gülşəndürür, canım ona bülbül kimi,

Rüxlərin çün şəmdir, könlüm ona pərvanədir.

 

Mən sana hər dəm dualar qıluram, ey bivəfa,

Ey sənəm, neyçün sənin hər gündə qəsdin canədir?

 

Gərçi zülmətdir saçun, yüzün ona xurşidvar,

Ləblərin təmi nə nisbət çeşmeyi-heyvanədir?

 

Dərdi eşqindən sənin gər istəsəm dərdü ələm,

Neyləsün bu xəstə könlüm, dərd ilə həmxanədir.

 

Bağça içində güli-əhmər nə nisbət vəchində,

Ol yanağın qanına can laleyi-həmra, nədir?

 

Bu Xətayi başdan ayağə üzülmüşdür tamam,

Nişə kim, ol zülfinə məhrəm həmişə şanədir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info