Qonaq Kitabı
Növcəvan ol pir ikən dövran ki, canan dövridir

 

Növcəvan ol pir ikən dövran ki, canan dövridir,

Şad ol, ey xəstə könül kim, dərdə dərman dövridir.

 

Zülməti-hicranə söylən hökmini tərk eyləsün,

Bir günəş doğdu arayə, mahi-taban dövridir.

 

Lal oturma, söylə, ey can mürği, gəldi növbəhar,

Getdi qış vəqti aradən, uş gülüstan dövridir.

 

Aşiqə mehr etdi dilbər, qalmadı çövri-rəqib,

Küfr aralıqdan arındı, şimdi iman dövridir.

 

Ömr içün qəm çəkmə, ey dil, nuş qıl maül-həyat,

Dilbərin şirin ləbindən abi-heyvan dövridir.

 

Naümid olma cəhanda, ey gədayi-binəva,

Dərgəhi-sultanə gəl kim, lütfü ehsan dövridir.

 

Möhnəti-dünyadən, ey dil, fariğ ol, sürgil murad,

Xürrəm ol, qəm çəkməgil kim, zilli-sübhan dövridir.

 

Gəzməgil aləmdə sərgərdan, könül, pərvanə tək,

Xoş münəvvərdir cəhan, şəmi-şəbistan dövridir.

 

Dudi-ahindir, Xətayi, gögdə bulutlar sənin,

Durmayıb tök göz yaşın kim, əbrü baran dövridir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info