Qonaq Kitabı
MÜƏLLİMLƏR İCTİMAİNƏ DAİR

 

(“Müəllimlər ictimaina dair” məqaləsi “Həyat” qəzetinin 3, 6, 8, 9, 13 avqust 1906-cı il tarixli 171, 173, 175, 176, 179-cu nömrələrinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Həqiqət halda bu diplomluların məqsədləri nə idi?

Bunların məqsədi camaata özlərini hər elmdən xəbərdar qələmə verib müəllimlərin üstə böyüklük edib amir olmaq idi; daha dürüstü, onları ortadan dəf edib özlərini camaata millətpərəst, millətin dərdinə dərmanşünas göstərmək idi.

Axırda məqsudlarına çatdılar. Camaati-zəmanəni əllərinə alıb nerəyə istədilərsə çəkdilər. Müəllimləri nəinki camaatdan kənar etdilər, hətta aralarına bir boyük nifaq salıb arada arxayınlıqla dəmgüzar olmağa başladılar.

Bu kompaniyanın müəllimlərə xidmətləri bir dərəcədə idi ki, sözləri qurtarıb hər yerdə növ ilə diplomdan dəm vururdular! İddia edirdilər ki, "ancaq biz cəmiyyətləri, məclisləri kənar məclislərinə görə bilirik, yaxşı paltar, kraxmal koynək geyməyə ancaq bizim ixtiyarımız var, müəllim nə, qolalı köynək nə! Xülasə, hər vəchlə, hər yol ilə müəllimləri camaatın nəzərində həqir göstərməyə çalışır idilər. Axırda min fənn ilə onların ittifaqını dağıtmağa müvəffəq oldular, lakin bunun əvəzində camaata quru boş sözlərdən başqa bir şey vermədilər...

Biçarə müəllimlər isə bir tərəfdən insafsız "böyüklərin" sadəmələrinə, digər tərəfdən dövlət qulluqçularının tərizlərinə düçar olub öz başlarını qorumağa başladılar. Bir neçəsi "böyüklərə" tabe oldusa da, bir neçəsi də olmadı. Nifaq getdikcə qüvvət tapıb axırda bir-birinin işlərindən xəbər tutmadılar. Hərə bir yol ilə hərəkət edib ancaq cidd-cəhd edirdilər ki, boyunlarında olan təklifi yerinə yetirsinlər.

Axır vaxtadək bu minval üzrə hərəkət edirdilər. Fəqət zəmanə dəyişdi, təğyir tapdı. Möhürlü ağızlar açıldı, neçə illərlə bir-birinin üstə toplanmış dərdlər aşkar olmağa başladı. Camaatın və millətin dostu-düşməni kim olmağı məlum oldu, qara ağ yerinə, ağ qara yerinə daha işlənmədi. Camaatı düz yoldan azdıran "böyüklər" "quyruqlarını" gizlətdilər, sözləri məclislərdə camaat üçün daha qanun olmadı, niyyətləri, "planlar"ı isə keçmədi. Keçmədiyi üçün tərəqqi yolu da təmizləndi. Saf ürəkli, sadə təbiətli "bir para" adamların nəzərində "həqir" görünən, lakin millətin həqiqi dostları, camaatın səmimi xadimləri olan və hamı mədəniyyətli millətlərdə etibar və mərtəbələri artıq bulunan müəllimlərə yol açıldı. Bunlar ilə camaatın arasında ola hail rəf olundu, bunlar indi camaatla üz-üzə rast gəlib demək istəyirlər: Ey camaat! Ey millət! Biz sizdən ötrü elm təhsil etmişik. Axırda bizləri dürlü-dürlü azarlara, mərizlərə mübtəla edən bu sənəti sizin başlarınızın xatirəsi üçün özümüzə qəbul etmişık. Bizə təlim-tərbiyə verən ustadlarımız "siz camaatdan, millətdən ötrü hazırlanırsınız" deyib nəsihətlər verirdilər. Bizim aldığımız tərbiyə və təhsilə görə biz gərək sizin ailəniz əfradından hesab olunaq. Biz sizın dərdinizə qalanda siz də bizim dərdimizə gərəkdir qalasınız. Əl-ələ verib bir külfətin üzvləri kimi ümumi bir məqsəd üçün çalışmalıyız.

Siz bilmirsiniz ki, firəng və Almaniya davasında firənglərə qalib gələn müəllimlər olublar? Siz bilmirsinizmi ki, balaca dünyada camaat milli müəllimlərə bir mərtəbədə hörmət, mehribançılıq göstərir ki, müəllim olmaq orada böyük səadət hesab olunur? Məgər gözünüzün qabağında qonşu erməni millətini ittifaq, ittihadını görməyirsinizmi? Kimdir bunlara səbəb? Bunların tərəqqisi müəllimlərin sayəsində deyilmi?

Bəli, bu sözlər avqust ayının 15-də camaata deyiləcəkdir, müəllimlər ictimai bu sözlərİ nəinki dil ilə, hətta fel ilə dəxi camaata, millətə bıldirəcəkdir ki, haman ictima camaatdan, millətdən ötrü yığılıbdır. İllərlə başsızlıqdan, ittifaqsızlıqdan bir-birimizin ehtiyacına, dərdinə xəbərsizliyimizdən yanaşı etdiyiıniz səhvlər haman məclisdə təshih ediləcəkdir. Ümum bir qayda, bir qanun arayıb dərdlərimizə çarə ayıracaqlar. İttifaq və ittihad edib bu təlim-tərbiyəyə dair qüsuratımızı rəf etmək üçün yeni üsullar və zəmanənin təqazasına görə yeni proqramlar düzəldəcəklər.

Açıq söyləyəlim: indi bir məqamdır ki, haqq üzə çıxıb tənəzzülün əsil səbəbi nələr və kimlər olmağı aşkar olacaqdır. Müəllimlər milli məktəblərimizə dair məsələləri həll edib özləri bacardıqlarını kəndi öhdələrinə götürəcəklər, bacarmadıqlarını camaata mühəvvəl edəcəklər.

Hər kəs öz işini gərəkdir aparsın, öz vəzifəsini, təklifini anlasın. Tainki məqami-tənəzzüldə nə camaat müəllimləri, nə müəllimlər camaatı günahkar etməsin. Daha doğrusu, heç tənəzzülə, tədənniyə meydan qalmasın. Bu vaxtadək məktəblərin proqramlarını İlminskinin "yoldaşları" düzəldir idi, yainki pedaqojiyadan, elm və tərbiyeyi-ətfaldan əsla xəbərləri olmayanlar. Bu vaxtadək hamı üləmalar rus dilində oxunur idi. İndidən sonra isə türkü öz ana dilimizdə oxunacaqdır. Bu vaxtadək təlim kitabları rus dilində idi. İndi haman kitablar gərəkdir türk dilində olsun. (...). Bu məsələlərin hamısını müəllimlər ictimai nəzərdən keçirib yeni proqram düzəldəcəklər, yeni təlim kitabları seçib çap edəcəklər.

Ümid ediriz haman bu məclis ilə müəllimlərimiz müəllimliyə məxsusi qeyrət, hümmət həmiyyətini göstərələr. "Bir neçə" adamın vasitəsilə camaatın nəzərində həqir sayılan, iş görməyən "tənbəl" müəllimlərin üstündən ləkəni götürüb bildirələr ki, bizim milli müəllimlər də qeyri tayfaların müəllimləri kimi camaata yol göstərə bilərlər, millətin dərdinə əlac aramaqda "heç kəsdən" əskik deyillər. Belə olursa, "yalançı pəhləvanlar" aradan götürülər: millət, camaat özü ikinci ictimain (şyezdin) çağırılmağını tələb edər...

 

*        *        *

 

Vaxt var idi Bakı işıqlıq mərkəzi kimi nəzərə gəlirdi, nəinki Qafqaz, hətta daxili qubernıyaların müsəlmanları gözlərini buraya tutub böyük ümidlər edirdilər. Çünki tərəqqi, mədəniyyət cəhətincə bir hərəkət görünür idi...

Hərəkətin səbəbi rus-müsəlman adlanan məktəblər olmuşdu desək, səhv etmərik, zənn ediriz.

İki cavan kasıb müəllim Bakıya gəlib "borc-xərc" bir məktəb binasını qoyurlar, camaatın nəinki fikrindən belə bir məktəb keçmir idi, hətta əksəri buna zidd əqidədə ikən iki cavan zəmanənin təqazasını ipək gözəl anlayıb cürətlə meydana gəlirlər. Nuh vaxtından qalmış qanuni-tədris ilə hərəkət edən məktəblərin müqabilinə üsuli-cədid məktəbi çıxardırlar, çıxardıb da köhnə məktəblə yeni məktəbin müharibəsinin başlanmağına səbəb olurlar.

Bu iki cavan müəllim təhsil etdikləri pedaqoqa elminə ümid bağlayıb qeyrətlərini, səylərini gün-gündən artırarkən, köhnə məktəbdə müəllimləri ata-baba qaydası ilə uşaqların əqillərinə seyqəl verəcək yerdə onların zehinlərini kor etməyə çalışır idilər...

Camaat isə təzə bir şey, bir qayda görməyib buna qanaət edərdi.

Lakin çox çəkmədi, camaat yeni üsuli-cədid ilə hərəkət edən məktəbin gücünü görüb bir fikrə getdi. Gördü iki, üç köhnə qayda ilə oxuyan uşaq axırda öz adını da dürüst yaza bilmir. Üsuli-cədid qaydası ilə oxuyan uşaqlar iki ayın ərzində ana dilində və yarım ilin ərzində rus dilində yazıb oxuyurlar...

Camaat bunu görüb üsuli-cədid məktəbinə rəğbətlənir. Uşaqlarına xeyirxah olan aqibəti dürüst nəzərə gətirən atalar yeni məktəbin qapısını tanıyırlar... Camaatın rəğbətini görüb iki cavan daha ziyadə səylərini artırırlar. Rus-müsəlman məktəbi günü-gündən tərəqqi edir. Axırda bəs etməyib camaat özü belə bir məktəbin artmağına səbəb olur.

Şəhər duması camaatın xahişinə görə rəsmi rus və tatar şkolaları açır. İlbəil bu məktəblərin ədədi artir, bunların ədədi artdıqca müsəlman müəllimləri də Bakıda çoxalır. O vaxt bir vaxt idi ki, müəllimlərdən başqa qeyri ziyalı yox idi. Bir, ya iki rus, ya Avropa darülfünunu qurtaran var isə də, onlar da milyonçulara qarışıb günlərini eyş-işratlə keçirir idilər.

Bunlardan müqəddəm Bakıda yenə bir-iki oxumuş müsəlmanlardan var idi. Lakin iş görə bilməyib nəinki tərəqqi, hətta otuz il müsəlmanları geri saldılar. Çünki işi tədbirsiz başlamışdılar.

Nə isə, Bakının təzədən tərəqqi zamanı başlayır. İndi iş görənlər universitet "nişanı ilə" meydana gəlmirlər. Pedaqogika - didaktika elmlərinə pənah aparıb iş başlayırlar. Bunlar darülmüəllimində əzbər etdikləri "asandan-çətinə və ya, yavuqdan-uzağa hərəkət etmək" qanunları ilə tərəqqi yoluna ayaq qoyurlar. Bunlar hər tərəqqinin başı məktəb olmağını anlayıb, "ağzı köpüklü" danışmağa zidd olub səssiz-sədasız hərəkət edirlər. İbtidai məktəb işlərinə artıq diqqət edib üsuli-cədid məktəblərinə camaatı daha ziyadə rəğbətləndirirlər.

Məktəbləri rus-tatar şkolaları müvafiq qayda ilə aparıb boyüklər üçün də tərəqqi yolu arayırlar.

Nəinki Qafqazda, hətta cəmi Rusiyada görünməyən əvvəlinci müsəlman qiraətxanası açırlar, həmin qiraətxanaya hamı müsəlman mərkəzlərindən qəzetələr, jurnallar gətirdirlər. Müsəlman camaatı türk, fars, ərəb qəzetlərini mütaliə edib qeyri məmləkətlərdə sakin olan din qardaşlarının əhvalından xəbər tutarlar və nə yolda hərəkət etməklərini, nə fikirdə olmaqlarını bilirlər.

Müəllimlər buna da bəs etmirlər. Bunlar teatr, böyüklər üçün məktəb olmağını anlayıb teatr işinə artıq diqqət edirlər. Bu yolda yeni faciələr yazırlar, ya qeyri dillərdən tərcümə edirlər.

Teatr çıxardanların oyunlarına artıq diqqət edib hər "oyunçu"nu araya qoymurlar. Camaat isə yavaş-yavaş teatr işinə rəğbət göstərir. Teatrdan yığılan pullara yetim uşaqları oxudurdular... Müəllimlər çəkdikləri zəhmətin meyvəsini gördükcə hümmət, həmiyyət, qeyrətləri artırdı. İttifaq ittibadları daha ziyadə qüvvət tapır idi. Bəli, müəllimlər böyük bir ittifaq edib, boş vaxtlarını millətin yolunda sərf edirdilər. Bunların ittifaqı, tərəqqi yolunda hərəkətləri, nəinkı Qafqaz müsəlmanlarını, hətta Rusiyada bitərəf, ümum tərəqqiyə şad olan rus camaatı belə sevindirir idi. Bakı müəllimlərinin hərəkəti barəsində mədəniyyətə dost rus qəzetləri kərratilə məqalələr yazıb müsəlman camaatını təbrik edirdilər. Edib də işığın yolunu ziyadə asan etmək üçün cavan müsəlman müəllimlərinə yol göstərirdilər...

Xülasə demək olmazdı Bakı müəllimləri yatırlar, iş gormürlər, ya görmək bacarmırlar. Demək olmazdı ki, cavan müəllimlər ancaq öz şəxsi mənfəətləri üçün çalışıb milləti bilmərrə unutmuşdular və öz vəzifələrinı, borclarını anlamırdılar. Qeyri tayfaların milli müəllimlərinə nisbətən ola bilsin ki, az iş görürdülər, fəqət "haman az işi" görürdülər, mümkün olan qədər çalışırdılar...

Bu "az işi" gizlətmək olmayacaqdır. Bakının tarixini yazan biqərəz şəxs "bir neçə ildə" milli müəllimlər tərəfindən görülən hümməti, həmiyyəti, qeyrəti unutmayacaqdır.

Biz "bir neçə ildə' deyib milli müsəlman müəllimlərinin sonrakı hərəkətlərini, işlərini nəzərdə tuturuz.

Bəli, ancaq "bir neçə il" tərəqqi yolunda bulunarkən müsəlman müəllimləri iki o qədər tənəzzül yolunda dövran sürüblər, yəni məktəbdən kənar millət işlərinə qarışmayıb qeyri-rus çinovnikləri kimi ayın iyirmisini gözləyiblər və boş vaxtlarını kəndi keflərinə sərf edib camaat tərəfindən töhmətə layiq olublar. "Bakı müəllimləri məvacibin çoxluğundan eyş-işrətə məşğul olub öz təkliflərini layiqincə əmələ gətirmirlər. Millət üçün bir tərəqqi yolu açmırlar, təlim kitabları yazmırlar..." Belə bir acı sözləri camaatdan indi eşidiriz, camaat belə bir qan xarab edən töhməti deyib haman müəllimlərin keçmişdə göstərdikləri qulluqlarını bilmərrə unudur və buna, yəni müəllimlərin həqiqət, "çinovnik" olmaqlarına əsil səbəb nə olmağını ya bilmir, yainki qəsdən bilmək istəmir...

Həqiqət pərişanlığa səbəb nə oldu? Müəllimlərin ittifaq ittihadını kim pozdu? Yoxsa sonradan gələn müəllimlər şüursuz, millət dərdini çəkməyən olublar?

Xeyr! Sonradan gələn müəllimlərdə günah yoxdur. Bunlar nə bilikdə, nə də qeyrət xüsusunda əvvəlkilərdən əskik deyildilər. Bunlar, ehtimal əvvəlkilərdən də artıq hümmət, həmiyyət göstərə idilər: lakin... Lakin bunlar Bakıya gəlib əvvəlki müəllimlərin ittifaqını, ittihadını pozulmuş gördülər... "Nə bülbüldən bir əsər, nə sünbüldən bir nişanə!" Əvvəlki yoldaşlar müəllimləri məyus, pərakəndə görüb özləri də pərakəndə, bir-birindən xəbərsiz işləməyə başladılar...

Axırda camaat tərəfindən töhmətə, məzəmmətlə layiq oldular. Camaat niyə də töhmət etməsin? Köhnə müəllimlərdən zühura gələn müvəffəqiyyətlər yenilərdən zahir olmadı. Bunlar nəinki məktəbdən kənar millət işlərinə qarışmadılar, hətta özlərinə tərtib edən vəzifələrə, təkliflərə qarşı rus çinovnikləri kimi hərəkət edirdilər. Ancaq aldıqları məvacibə görə işləyib boş vaxtlarını şəxsi mənfəətlərinə sərf eləyirdilər. Camaat isə köhnə müəllimlər ilə təzələrin işlərinə təfavüt qoyub əlbəttə, təzələri hümmətsiz, həmiyyətsiz hesab edərdi. Fəqət eyni camaat özündə hümmət və qeyrət, milliyyə hissiyyatı nə dərəcədə olmağını düşünmürdü: "Öz gözündə qılı görməyib özgə gözündə tircə görən" camaatımız yenə də səhvini düşünməyib biçarə müəllimlərə olmayan sözləri deyirdi!.. Camaatımız düşünsəydi ki, hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır, əlbəttə, bir kərə dürüst fikir edərdi: nə səbəbə ibtidai ittifaq ilə millət yolunda çalışan, qeyrət göstərən müəllimlər indi pərakəndə olub hərə bir yol ilə yeriş edir? Bu sualın üstə bir az fikir etsə idi, yəqin ki, özünün müqəssir olmağını anlardı, vaxtında dərdinə əlac tapardı.

Bir vaxt var idi, müəllimlərsiz millətə dair işlərə baxılmazdı. Məclislərdə səs, rəy verən müəllimlər olurdu. Təsəvvürlərinə diqqət olunurdu. Lakin bir vaxtdan bəri camaat haman müəllimləri məclislərdə görmədi, onların fikirlərindən xəbərdar ola bilmədi. Sözü açıq deyəlim: onlar indi lüzumsuz bir üzv olub artıq araya qoymadılar. Camaatımız isə bu əhvalı görüb heç soruşmadı: nə əcəb, indi müəllimlər işə qarışmırlar? Məclislərdə görünmürlər?

Müəllimlər iki qiraətxana açdılar; qiraətxanalar "bir vaxtadək" davam edib sonra bir ayın ərzində ikisi də bağlandı. Camaat heç xəbər almadı: niyə, nə səbəbə bunlar bağlandı?

Müəllimlər "bir vaxtadək" ildə neçə dəfə teatr qoyub yetim uşaqları gimnaziyada oxudurdular. "Bir vaxtdan sonra" müəllimlər bu işdə soyuq tərpəndilər: yetim uşaqları gimnaziyalardan qovurdular. Direktor müsəlman uşaqlarını qovmaq istəməyib üzlərini camaata tuturdular, kömək istəyirdilər. Camaat isə heç bir fikir etmirdi ki, bu vaxtadək bu yetim uşaqlar kimin xərcinə oxuyurdular? Onlara müəllimlər kömək edirdilər isə niyə indi kömək etmirlər?

Müəllimlər ana dilində kitablar yazırdılar: Haman kitabların sədası Tiflis qəzetələrindən gəlirdi, bu kitablar Bakıda çap olunur idi. Lakin Tiflis əhli haman kitabların barəsində Bakı əhlindən tez məlumat alırdılar...

Camaatımız yenə də "zəhmət çəkib" səbəbini bilmək istəmirdi. Sual etmirdi: nə səbəbə bu barədə "bizim" qəzetələr yazmırlar? Xülasə, müəllimlərin hər addımında, hər hərəkətində bərəkslik görüb camaatımız nəinki bağırmır idi, hətta söhbət məqamında quru təəssüf də göstərmir idi... Deyəsən gərək belə də olaydı. Bir-iki yalançı pəhləvan millət, millət deyib meydana çıxan vardı isə də, bunlar da "ah, nə pis iş oldu" deyib, "Allah kərimdir" sözləri ilə özlərinə təsəlli verirdilər. Daha anlamayırdılar ki, doğru, Allah kərimdir, lakin vaxt kərim deyil! Bunu düşünmürdülər ki, öz əlləri ilə özlərinə quyu qazıb yüz min məşəqqətlə meydana gələn milli işiərini mürur ilə puç etmək istəyirlər.

Açıq söyləməli: camaatımızın ağlı gözündə olub, həqiqət, millət dostu kim olmağını düşünmədi... Diploma, nişana aldanıb quzu cildində qurdlara yol açdılar, sidq ürəklə təmənnasız, qərəzsiz milli hissiyyatı ilə meydana gələn müəllimlərin yollarını bağladılar. Bunları gözdən salıb "diplomluların" ətəklərindən yapışdılar... Yapışıb da ümum tərəqqini on il dala saldılar. Buraya ümid bağlayanların ümidlərini birmərrə kəsdilər. Bakı "bir vaxtadək" tərəqqiyi-ittifaq mərkəzi hesab olunur idisə də, indi tənəzzül və nifaq mərkəzi olmağına şübhə yoxdur.

Hal-hazırda nə ilə özünüzə təsəlli verirsiniz? Şəhər dumasında bəzi oxumuşlarımızın bulunmağı iləmi, ya əlimizdə olan qəzetələrləmi? Bunları böyükmü səadət hesab edirsiniz? Ediniz, lakin insafı əldən buraxmayınız, bir yaxşı fikir ediniz! Kim idi məclislərdə, qəzetlərdə bağırıb-çığıran, yazan ki, bizə milli qəzetə lazımdır? Kim idi zasedaniyalarda, iniqadlarda yazan, dil bilməz qlasnıları qəzetələrdə həcv edib onların əvəzinə oxumuşlardan seçiniz deyən?  Kim idi? Müəllimlər deyildilərmi? Haman diplomluları sizə nişan verənlər bunlar deyildilərmi? Onlara "rahat yuva" hazırlayan müəllimlər olmadılarmı? Yox əfəndim! İnsaf! İnsafla meydana gəliniz! Müəllimlərdə qüsur görürsünüzsə, öz qüsurunuzu, xətanızı örtüb basdırmayınız?

Müəllimlər, yenə deyiriz, "bir vaxtadək" öz təkliflərini dürüst anlayıb bacardıqları qədər iş görürdülər. "Bir vaxtadək" ah, nə yaxşı, nə gözəl bir vaxt idi! Bir tərbiyəli, bir təsəvvürlü müəllimlər əl-ələ verib hamı bir adam kimi hərəkət edirdi. Saf ürəyilə ümumi bir məqsədə yeriş edərkən qeyri oxumuşları, qeyri mənsəb sahiblərini arayıb tapırdılar. Bunlar ilə də ittifaq etmək istəyib nadanlığın müqabilinə zor qoşunla çıxmağa cidd-cəhd edirdilər. Lakin heyif! Çox heyif ki, müəllimlər sadə, saf ürəklə meydana gələrkən "qeyri oxumuşlar" diplomatlıq qaydası ilə hərəkət edirdilər... Bunlar bir kibr və qürurla müəllimlərə baxıb camaatın nəzərində onları həqir göstərirdilər. Camaat isə onların xədəmələrinə aldanıb müəllimlər göstərdikləri qulluqları bilmərrə unudub, "əsil millətpərəst bunlardır" deyib diplomların ardınca getdi. Axırda müəllimlərə həqir baxanları onlara böyük etdi... Şan-şövkət gəzənlərə bu bəs edərdi! Əllərinə ixtiyar alıb  sağsolunu gözləməzdilər. Bu işin aqibəti nə olar? Sualını fikirlərindən keçirtməyib hər məclisdə, hər yığıncaqda "müəllimlər heç bir şey etmirlər və etmək də bacarmırlar" deyib, camaatın qulağını doldurur idilər. Axırda bunların "təlim işlərinə əl uzadırdılar", "pedaqogika", "didaktika", "psixologiya" elmləri nə olmağını əsla anlamayıb bunların hərəkətlərinə irad tuturdular. Hətta cürət edib zikr olunan elmlərdə bunların səhvlərini göstərirdilər...

Məqsədləri nə idi?

 

*        *        *

 

Millətin fəqir və zəlalətinə əsasən səbəb onun əqil və mənəviyyatının fəqir və nöqsanıdır.

Bu sözləri sadə demək hünər deyildir. Bir də deyib də əməl etməlidir. Henrix Pestalotsi bu sözləri həm dedi, həm də dediyinə əməl etdi. Ağlını, ruhunu, malını, ömrünü axır nəfəsinədək millət yolunda, daha dürüstü, yetim uşaqların yolunda sərf edib dünyaya əlvida etdi.

Bir müəllim müəllimliyə hazırlanarkən ola bilərmi ki, Henrix Pestalotsinin adını eşitməsin? Ola bilərmi ki, bunun uşaqlara olan məhəbbətini bilməsin? Təlim və tədrisə dair nəsihətlərini oxumasın?

Doğrudur, Henrix Pestalotsi 79 il bundan müqəddəm dünyadan köçübdür. Lakin 79 il bundan müqəddəm dediyi sözlər, təlim və tərbiyə yolunda göstərdiyi hərəkətlər indiyədək və bundan sonra da baqi qalacaqdır.

79 ilin ərzində pedaqogika, didaktika elmləri və bu elmin göstərdiyi yeni üsullar böyük tərəqqi tapıbdır və getdikcə tapacaqdır. Fəqət "Henrix Pestalotsi təlim və tərbiyə işlərində şəfqət və məhəbbəti hər deyə mürəccəh bilirdi.

Henrix Pestalotsi həmişə deyirdi: "mən heç vaxt heç kəsdən üsuli-tədris və təlim öyrənməmişəm. Tərbiyəyə dair elmlər oxumamışam lakin uşaqlara mənim bir mənfəətim olurdusa, ancaq məhəbbət və şəfqət sayəsində olurdu". Qoca Pestalotsi axır nəfəsinədək bu təsəvvürdə olub özündən sonra qoyduğu asar və təlifatının hər səhifəsində, hər sətrində bu yoldakı fikirlərini soyləyirdi.

Bu günlərdə Bakı müəllmlər ictimai olmağa görə indi istəyiriz bir iki ay, sənə dövriyyəsi münasibət ilə şənliklər edilən məşhur pedaqoq Henrix Pestalotsinin barəsində bir az söhbət edək, tainki bilənlər bir də təkrar etsinlər və bilməyənlər bilsinlər ki, təlim və tərbiyə işlərində şəfqət və məhəbbətin gücünə edilən tərəqqi heç bir pedaqogika elmlərinin gücü ilə edilməz, müəllimin uşaqlara şəfqəti olursa, elmi-ruhsuz və elmi-tədrissiz məqsuda çatmaq mümkündür. Hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağa binaən hamıya bir qayda və bir qanunla dərs vermək, hamıya bir dillə bəyan etmək olmaz, hamını bir "ölçü ilə ölçmək" olmaz; uşaqların parası zehinli, zəkavətli, bir parası zehinsiz, fəhmsiz, bir parasını qüvveyi-hafizəsi qüvvətli, bir parasınınkı - naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz bildiyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eybinə görə çarə ararsa, əlbəttə, təlim və tərbiyə düz yolu ilə gedib tərəqqiyi-əla dərəcəyə çatar.

Henrix Pestatotsi belə bir təsəvvürdə olarkən onun təlim və tərbiyə yolunda fikir və hərəkəti hal-hazırda və gələcəkdə ümum müəllimlər üçün gərəkdir dəsturüləməl olsun. 

Bunun öz tərbiyəsi daha ziyadə ibrətbəxşdir. Baxaq nə tövr tərbiyə almış və haman tərbiyənin səmərəsi nə olmuş. Henrix Pestalotsi Zurix şəhərində 1746-cı ildə yanvarın 12-də təvəllüd tapıbdır. Henrix Pestalotsi altı yaşında olarkən atası öldü. Anası və qulluqçularından Babili uşağın tərbiyəsinə məşğul oldular. Babili haman arvad idi kı, Pestalotsinin atası Jan Batisti öləndə ona and vermişdi ki, öləndən sonra onun külfətini buraxmasın. Babili sözünün üstündə bərk durub balaca Pestalotsiyə və anasına böyük xidmətlər göstərdi.

Külfət əvvəlindən də kasıb idi. Jan Batistidən sonra daha bir ümid yeri yox idi. Henrixin anası çox şeyi özünə haram edərdi, Babili isə bir qəpik artıq xərcləməyə qoymazdı. İki arvad bu minval Jandan qalmış cüzi pulu çox ehtiyat ilə xərc edərdilər ki, axırda Henrix Pestalotsiyə lazım olan tərbiyəni verələr. Külfətin dolanacağı böyük məşəqqətlər və ehtiyaclar içində keçir idi. Bununla belə, Babili hər bir zəhmətə davam edib balaca Henrixə getdikcə məhəbbət bağlardı və onun tərbiysinə ziyadə diqqət edərdi.

Həməvaxt ehtiyac və zəlalətlə keçinərkən külfətin bu tövr güzəranı balaca Henrixə əsər edərdi, yad arvad Babilinin hər ehtiyaca davam etməyi, bununla belə Pestalotsinin evində qalıb uşağa böyük məhəbbət bağlamağı axırda Henrix Pestalotsinin tərbiyəsinə böyük əsər etdi. Ona da özgənin dərdinə qalan, qeyrisinin əhvalına yanan, qeyrilərin dərdlərinə əlac arayan, gözəl təbiətli, mülayim xasiyyətli bir adam etdi. İki arvadın səmimı-qəlbilə olan tərbiyəsi Henrix Pestalotsinin qəlbində ümum bir məhəbbət yaratdı. Pestalotsi hamıya bir gözlə baxıb elə bilirdi ki, hamı adamlar buna tərbiyə verənlər kimi mehriban, təmiz ürəkli adamdırlar. Belə bir təsəvvürdə olarkən hamıya məhəbbət bağlardı. Ürəyi çox nazik olub, hamının dərdinə yanardı: hələ uşaq ikən məktəbdə yoldaşlarına hər növ ilə kömək edərdi. Yoldaşlar isə bunun məhəbbətini, mehribanlığını anlamayıb əvəzində buna istehza edərdilər. Balaca Henrix hamının dərdinə yanarkən və əlindən gələn yaxşılığı edərkən heç kəs ilə yoldaşlıq etməzdi. Çünki dərsdə bunların heç biri ilə düz gəlməzdi. Bunun yoldaşları tədris ilə lazımlı, lazımsız dərsləri keçirdilər, vaxtlarını çox vaxt elə şeylərə sərf edirdilər ki, ürəkdən haman şeyləri, haman dərsləri sevməzdilər. Açıq demək, buyuruq altında məcburən dərs hazırlardılar, Henrix isə ürəyinə, ağlına xoşu gələn dərslərə böyük diqqət edib lazımsız şeylərə çox da vaxt sərf etməzdi...

Bu minval Henrix Pestalotsi ibtidai məktəbi qurtarıb orta məktəbə və sonra 1760-cı ildə kollegiya darülfünun adlanan mədrəsəyə qəbul olundu. Burada hamı elmlərdən çox elmi-ilahiyyə böyük diqqət edərdi. Professorlardan yunan və yəhudi lisanlarının professoru Brininqer Pestalotsiyə xoş gəlirdi. Məzkur professor tələbələri çox sevərdi və həmvaxt deyərdi: "bir adamın, yainki bütün vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsinə bağlıdır. Yaxşı tərbiyə isə bundan ibarətdir: insanın ağlını gözəl, pak şeylər əxz etməyə öyrədəsən və ürəyini ağıl, vicdan və dinin sevmədiyi şeylərdən çəkindirəsən".

Henrix Peslalotsi elmi-ilahidən başqa professor Biresi Tinqirin vasitəsilə Vulfun fəlsəfəsini oxuyurdu. Haman fəlsəfənin qanunlarından biri də bu idi: "Get o şeyin dalınca, sənə tərəqqi yolu verəcəkdir, çətin o şeydən ki, səni tənəzzülə salacaqdır". Ağlın gücünə insan pis əməli yaxşı əməldən seçər. Bu barədə ağlın, yaxşı vicdanın olmağına dəlalət edər.

İnsana dair dəhrin üç qanunu var: bir qanun insanın özünə dair, biri Allaha dair, biri də qeyri adamlara dair, yəni insan gərəkdir, əvvəl özü üçün həqqi-taalanın sifətlərini əxz etməyə çalışan və sonra özgələrdə bu yolda tərəqqi tapmağa cidd-cəhd gərəkdir edə. İnsanın axırıncı sifəti məhəbbət artırar. İnsan bir-birinə məhəbbət bağladıqca, zülm aradan götürülər, ehtiyac azalar".

Bu sözlər Henrix Pestalotsinin qəlbində böyük yer edərdi. Belə bir tərbiyə verən, məhəbbət artıran məktəbin olmağını arzu edərdi. Haman bu vaxtlarda Pestalotsi 17 sinndə olarkən Russonun inşasını oxuyub bu barədə təsəvvüri-əqidəsi daha ziyadə bərkləşdi.

Russonun və elə tərbiyənin əsil məqsədi uşaqda təbii olan yaxşı sifətlərə seyqəl verməkdir, nəinki ona sənayei-arizi sifətlri əxz etdirmək. Russo deyirdi: "Mən ümid edirəm ki, mənim tərbiyəmdən çıxan uşaq nə çinovnik, nə soldat, nə ruhani olacaqdır. Mən bilirəm ki, mənim tərbiyəmdən olan uşaq "adam" olacaqdır. Rüzgar onu qeyri bir yerdə, yəni tərbiyəsinə bərəks yerdə oturdarsa da, yenə haman "adam" kəndi yerində bulunacaqdır".

"Biz uşaqlara o şeyləri təlim veririk ki, özləri onları təlim edərlər. Bununla bərabər, o şeylər ki, biz gərək onlara təlim edək çox vaxt unuduruz". Russonun təsəvvürünə görə uşağa ibtidai bir növ tərbiyə vermək ki, rüzgarın qədəmlərinə davam edə, onda səbir ola və sonra onun qeyrilərə məhəbbəti getdikcə arta, bunların yanında həmişə insanın yaxşı, gözəl sifətlərindən söhbət etmək, fəna sifətlərindən heç vaxt söyləməmək, xülasə hamını yaxşı sifətdə qələmə verib uşaqların hamıya məhəbbətini artırmaq...

Russonun bu sözləri də Pestalotsinin ürəyi ilə olub da onun tərbiyəsi, təsəvvürü ilə müvafiq gəlirdi, gəlib də diqqətini bu məsələdə artırır idi.

... Henrix Pestalotsi Russonun təlim və tərbiyəyə dair sözlərinə artıq diqqət edirdi.

1762-ci ildə Zurix şəhərində "millətpərəstlər" cəmiyyəti araya gəldi. Haman cəmiyyət Russonun məsləkinə sadiq bulunurdu. Bu cəmiyyətin əqidəsi məişət xüsusunda sadə keçinmək, təbiətə təbiiliyə yavuqlaşmaq, qanun və ədalətə xidmət eləmək, məzlumları zalımların əllərindən xilas etmək idi. Böylə bir əqidə Henrix Pestalotsinin amali-qəlbiyyəsinə ziyadəsilə müvafıq idi. Ona görə Pestalotsi haman cəmiyyətə daxil olub axırda onun mötəbər üzvlərindən biri hesab olunur idi.

Cəmiyyətin etiqad və mücahidatı Pestalotsini millətə yavuqlaşdırdı. Onun millət yolunda çalışmaq əfkarını daha ziyadə qüvvətləndirdi. O vaxtlar oxumuşların arasında əkinçiliyə böyük bir rəğbət intişar tapmışdı. Yenə də Russonun sözləri: "Əkinçilik insan üçün ən böyük xoşbəxtçilikdir" Pestalotsinin qəlbində nəqş bağlamağa görə Henrix əkinçiliyi özünə sənət edir. Bu fikir ilə ki, əkinçılik vasitəsilə millətə böyük mənfəətlər verəcəkdir.

Pestalotsi əkinçiliyə sahibi-vüquf və mümarisə olmağa görə o qeyrilərinin yanında çalışırdı, lazım olan məlumatı əldə edirdi. Bir il sonra Pestalotsi təəhhül edib ümuri-beytiyyəsini yoluna qoyur, bu sayədə əkin yerini də yavaş-yavaş böyüdür, tövsi edir. Lakin əsasən fıkri-ziyarəti, üsuli-ziraəti kəndli qonşularına göstərmək, öyrətmək idi, daha doğrusu, bu xüsusda bir nümunə əmsal olmaq idi.

Yoxsa bu işə qazanckar xatirəsi üçün çalışmırdı, bu isə kəndi nişanlısına yazdığı bir kağızdan aşkar olur. Pestalotsi bu kağızda belə yazır: "Mən çox xoşbəxtəm ki, siz də kənddə olmağımızı şəhərdən əfzəl bilirsiniz. Mənim təsəvvürümə görə şəhər tərbiyə üçün yaramaz, mənim xanəm şəhərin hər növ səvvatından gərəkdir kənar ola. Vətənə belə bir yerdə mən bir xeyli xidmətlər edə bilərəm. Şəhərlərin dəğ-dəğəsi, qal və məqali bu xidmətlərə müsaid deyildir. Mən kənddə vətəndaşlarımın uşaqlarından birini çörəksiz görsəm və bilsəm ki, buna tərbiyə verilsə gələcəkdə "adam" olacaqdır, onun tərbiyəsinə çalışmağı asla diriğ edəməm. Axırda uşaq bir parça çörək sahibi olub özünü xoşbəxt hesab edər. Hərgah uşaq bir böyük bir sifət göstərib evdən qovularsa, mənim evimdə bir guşə tapıb ümum vəfa etdikcə bir növ ilə keçir... Bəli, mənim sevgilim! Böyük istedad və qabiliyyət göstərən uşaqlara mən süd verərəm özüm isə suya qənaət edərək istərəm bilsinlər ki, istedad və qabiliyyətə necə qiymət verirəm. Vətəndaşlarımıza qulluq etmək üçün, onların dərdlərinə əlac aramaq üçün öz xərclərimizi azaltmalıyız".

Henrix Pestalotsinin kənd işlərində təcrübəsi az olmağa görə zərər zərər üstə gəlirdi. Axırda zərər və ziyanlara tab gətirməyib kənd işlərindən əli çıxdı, ona böyük bir qəmginlik üz verdisə də, öz ali fikrindən yenə əl çəkmədi. Fikri nə idi!..

Henrix Pestalotsinin əsil məqsudi kənd uşaqlarına layiqincə tərbiyə vermək idi. Görürdü ki, kəndlilər yetim uşaqları öz mənfəətlərinə işlədib bu zavallıların tərbiyələrinə əsla etina etmirlər idi. Pestalotsinin öz əlində az yer qalmışdı. Ona görə haman yetim uşaqları öz başına yığır, onlara iş öyrədib tərbiyələrinə böyük diqqət edirdi. Camaat bunu görüb Pestalotsiyə kömək edir, ümum yığılan pul ilə yetim uşaqlara "tərbiyə evi" açmışdılar.

Pestalotsi səhərdən axşamadək yetim, fəqir, müxtəlif xəstəliklərə mubtəla uşaqların üstə böyük zəhmətlər çəkir, onların ağıllarına, ruhlarına ğizai-mənəviyyələrini verir, onlara ana, baba kimi qulluq edirdi. Əllərini, ayaqlarını, bədənlərini öz əlləri ilə yuyardı, gecə-gündüz azarlıların yanında oturub kiminı sözlə, təsəlli ilə, kimini dərman və ğizli münasibətilə imdadına yetişirdi. Bir an uşaqlardan kənar olmayıb hər işdə onlara kömək edərdi. Pestalotsi uşaqlar ilə nə tövr rəftar etmək barəsində öz rəfiqəsinə yazır ki, "səhərdən axşamadək uşaqların arasında tək dolanıram. Onların cisim və ruhları hər bir şeyi mənim əlimdən alırlar. Mənim siyanətim həmişə onların üzərindədir. Mənim gözlərim həmişə onlara mətufdur. Gözlərimin yaşlarını onların göz yaşlarına qarışdırıram. Üzüm onların üzləri güləndə gülür. Hər saat, hər dəqiqə onlar mənim ilə, mən onlar iləyəm. Onların yedikləri, içdikləri nə isə, mənim yediyim, içdiyim də odur. Mənim heç bir şeyim yox idi. Nə xanəm, nə dostum, nə müəllim, hamısı onlar oldu. Onlar səhhət və səlamətdə olanda bir yerdə gəzirəm, azarlı olanda yanlarından ayrılmıram. Yuxum gəlsə də, orada yuxulayıram. Axşam hamıdan gec yatıram, səhər isə hamıdan erkən qalxıram".

Pestalotsi təsnifatının birində deyir: "Uşaqlar hər gün, hər an mənim nasiyəmdən, çöhrəmdən anlıya idilər ki, onların xoşbəxtliyi mənim xoşbəxiliyimdir, mənim hissiyyati-qəlbiyyəm onların hissiyyati-qəlbiyyəsidir. Doğrudur, bu sözləri yazan Pestalotsi özüdür. Fəqət heç bir vaxt onun qovlü felinə zidd olmayıbdır. "Pedaqogikada" Pestalotsinin bülənd bir mərtəbə ehraz etməsinə də bais bu halı olubdur". Qövlilə feli həmişə düz gəlib, pərvanə kimi uşaqların başına dolanır idi. Henrix Pestalotsi böyük bir ad qazanıb hamı zəmanə müəllimləri onun ovsafına heyran idilər. Lakin onu dəli, "başı havalı" bir məcnun hesab edən də az deyil idi. Sahibsiz, bikəs, yetim uşaqlara bu qədər cansüpəranə bir məhəbbət, bir şəfqət adətdən "dışarı şeydir" deyib tənbəllər, həsudlar ona istehza edərdilər, "ağlı nöqsan" qələminə verirdilər. Lakin bunlara əhaliyi-sami etibar etməyib öz işini necə ki, lazımdır elə görərdi. Təlim-tərbiyə barəsində kəndi əfkar və hissiyyatı nə isə yazardı. Henrix Pestalotsi təlim və tərbiyəyə dair tövsiyə etdiyi üsul və qəvaid bunlardır:

1) Diqqət hər bir təlimin başıdır.

2) Diqqətsiz heç bir dili öyrətmək olmaz;

3) Təlim vaxtını söhbətə və irada sərf etmək olmaz.

4) Hər bir şey başlayanda asandan başlamaq və uşağın zehninə görə hərəkət etmək.

5) Dərsdə bir mətləblər üstə o qədər dayanmaq ki, ta təlim olunan o mətləb uşağın öz malı, mali-məniviyyəsi ola. Yəni onu bir daha əsla yadından çıxarmaya.

6) Təlim uşağın öz təsəvvüratını açsın.

7) Uşağın zəka və zehni istedadi-təbiisi, fitrəti müəllim üçün müqəddəs gərəkdir hesab oluna.

8) Məktəbin ən birinci məqsədi tərbiyə gərəkdir ola, yəni oxumağa, yazmağa çox da diqqət etməyib uşağın ruh və əxlaqına mənəviyyatına ziyadə diqqət etmək lazımdır.

9) Bilik və bacarmaq bir-birindən gərəkdir ayrılmaya. Yəni bir şeyi əzbər bilməkdən savayı haman şeyi bacarıb qayırmaq da gərəkdir ola.

10) Müəllim ilə mütəllim yekdigərlərinə ata və oğul kimi gərəkdir məhəbbət edələr.

11) Təlim gərəkdir tərbiyəyə bağlı ola.

Pestalotsinin bu qanunları indiyədək didaktika elmində mötəbər tutulur. Bu günədək Pestalotsinin ismi müəllimlər arasında böyük bir hörmətlə yad olunur.

Bəli, Henrix Pestalotsinin təlim-tərbiyəyə dair əfkar və təsəvvüratı, əqval və hərəkatı bu vaxtadək müəllimlərə dəsturüləməl olduğu kimi, bundan sonra da gərək rəhnümalıq etsin, ibrət olsun. Qoca Pestalotsinin insaniyyətə, vətən və millətə o qədər məhəbbəti var idi, hamı malını, canını, ağlını, ruhunu yetim uşaqların uğrunda sərf etdi. Axır nəfəsinədək hamını məhəbbətə dəvət edib, insanın tamam xoşbəxtliyini qəlbin bu sifətində görür idi. Uşaqlara şəfqət və məhəbbəti olmayan müəllim təlim və tərbiyəsi bisəmər, binəticə qalacağını hər an aşkara bəyan edərdi. Haman bu təsəvvür ilə axırıncı nəfəsıni tapşırdı. Fevralın 11-də 1827-ci ildə özündən sonra iki cild kitabdan başqa şey qoymayıb o dünyaya köçdü.

Onun məzarına yazılan sözlər Henrix Pestalotsinin nə olduğunu göstərir! Haman daşda yazılıbdır: "Nehofda füqərra hamisi, Burqdofda, Myunxenbuzda məktəbi-milli banisi, İfertdə insanlar mürəbbisi və əlhasil hamının imdadına yetişib, hamı işi qeyriləri üçün görən, özü üçün heç bir iş görməyən saliki-dini İsa vətənpərvər bir adamın qəbridir".

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info