Qonaq Kitabı
Bizim ol dilrüba cananəmizdir

 

Bizim ol dilrüba cananəmizdir,

Məgər ol can degil cana, nəmizdir?

 

Yanarmən şəmi-ruyin həsrətindən,

Deməzsən ol bizim pərvanəmizdir.

 

Fəraqində nə fikrim vardır, ey dust,

Vüsalın hər gecə mehmanəmizdir.

 

Gözün sərməstdir, boyun sürahi,

Sözün nəqlü ləbin peymanəmizdir.

 

Güləndə dişlərin ağzında, ey can,

Sədəf içindəki dürdanəmizdir.

 

Səri-zülfin içində danə xalin

Könül quşinə damü danəmizdir.

 

Xətayi: – dedi – kimdir? – bəndəniz də

Dedi: – Bir aşiqi-divanəmizdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info