Qonaq Kitabı
HƏRDƏNBİR (3)

 

(Balaca felyeton “Həyat” qəzetinin 27 iyul 1906-cı il tarixli 165-ci nömrəsində “Arı bəy” təxəllüsü ilə dərc olunmuşdur).

 

Öz ruznaməmdən

 

25 iyul 1900

 

"Məndə" ixtiyar olsa idi, yeni törəyən "mühərrir"lərin məqalələrini qoymazdım qəzetələrdə çap olunsun. A kişi, heç bilməyirlər harada bişibdir, elə deyirlər: bir qaşıq da bura tök. Bundan əvvəl "mağıl" əlimiz-qolumuz açıq idi; "Hər nə istəyir idin yazırdın", "hər nə bilirdin eləyirdin". İndi ağız açmaq, iş görmək olmur... Bundan müqəddəm məqalə yazanda fikir-zad eləmirdim, ağzıma nə gəlirdi yazırdım, tək görsünlər ki, filankəs də yazır. Bəlkə axırda mühərrir cərgəsinə daxil olam. Bir əqidəm var idi, onun quyruğundan tutub o yana da çəkirdim, bu yana da. Heç kəsin də sözü yox idi. Məqalələrimi də oxuyurdular. Hətta bir neçə yerdə dalımca deyiblər ki, "mənim" bir azdan sonra böyük mühərrirlərin yerini tutmağa "ixtiyarım" olacaqdır... Doğru, düşmənlərim də var, gözləri məni götürmür. Bir neçəsi hətta mənə işarə ilə, yainki lap aşkara deyiblər: "Allahı sevərsən, həmişəki peşəni əlinə al, teleqramları tərcümə et. Bizi bu cəfəngiyatdan xilas et. "Zərəbə-zeydün"ün vaxtı deyil..." Ancaq "mən" bilirəm ki, bu sözləri qərəzyana deyirlər, gözləri götürmür. Ona görə belə boş sözlərə mən də qulaq asmıram. Vaxtı fövt etməyib ağlıma gələni yazıram. Mənim barəmdə deyilən sözlərdən ancaq "istifadə" edirəm.

Onu demək istəyirəm ki, bundan müqəddəm məqalə yazmaq çox asan idi. Nə yazırdın inanırdılar... Ona görə də çox da fikir lazım deyil idi. Oradan-buradan ağzına nə gəlirdi, vururdun. İndi yox. İki gündə bir məqalə yazsan, yenə şükür elə. Çünki indiki məqalə çox fikir aparır. İndi əlinə qələm alanda deyirsən: xub, mən bunu bu tövr yazsam, filan mühərrir nə deyər, filan da bunu təsdiq edərmi? Ya filan da birdən irad yazdı.... Xülasə, istəyirsən bir şeyin barəsində yazasan axırda o şey özü yaddan çıxıb ancaq filanlar başında "cib-cib" cibbildəyir.

Axırda əlacın pozulub məsələni elə bir tövr düzəldirsən ki, üstünə düşəndə də cavab verməyə sözün olsun. Məsələn: "Mənim əqidəm ilə erməni-müsəlman davasına əsil səbəb ermənilərdir. Bunlar istəyirlər Qafqazda padşahlıq bina etsinlər". Hər kəs nə fikirdə olur-olsun "mən" "fikrimi dəyişməyəcəyəm". Bundan müqəddəm bu fikrimi aşkar da yaza bilirdim, ancaq indi yazmaq olmur. Nə bilim, deyirlər Rusiyada bir rus oğlu rus ki, özü də bilməm qrafmı, baronmu, yoxsa knyazmı ... ta budur ki, guya bu davaları salan və saldıran dövlət özü imiş. Doğru, məndən böyüklər də bu sözə inandılar. Amma mənim ağlım kəsməyir. Canım, elə şey ola bilməz. Lakin nə eləyəsən? Bu, indi mod olubdur. Bu məsələnin üstə firqələr əmələ gəlibdir: biri deyir dava salan ermənidir, o biri deyir, xeyr, "provokatorlar"dır. Ona görə bu "məsələ" barəsində bir şey yazanda gərək elə bir fənd ilə meydana gələsən ki, nə öz əqidənə bərəks olasan, nə də "provokatorlar"a düşmən adamların əllərinə bir dəstavuz verəsən ki, səni "provokator"ların dostu hesab eləməsinlər... Yəni demək istəyirəm, bu məsələləri qurdalayanda elə qurdalayasan ki, sonra ondan "istifadə" etmək olsun. Belə olan surətdə, əlbəttə, məqalələr yazmaq indi çətin olubdur, vaxt çox gedir: düz-düzünə indi daha demək olmaz. Gərək əyri-üyrü yollar tapıb "ürəyindəki" mətləbi bir növ ilə yetirəsən, üstüörtülü də olmuş olsa. "Mənim" əqidəmdə olanlar tez başa düşərlər, düşüb də "istifadə" edərlər. Özləri anlayarlar ki, indi daha o vaxt deyil. Birdən-birə demək olmaz: "provokator" - zad hamısı sözdür.... İnanmayınız, bunu yazanlar boşboğazlıq edirlər, yalan söyləyirlər. Siz öz "düşməninizi" gözdən buraxmayınız. Onun hərəkətlərinə yaxşı diqqət edib ondan "istifadə" ediniz...

Xeyr, belə sözləri indi demək olmaz. Deyibsən, bir də gördün yeni törəyən mühərrirlər yalançı pəhləvan kimi meydana fırlanıb düşdülər a! Sən xərçəng kimi dalı-dalı gedirsən, deyib adını "xuliqan" qoydular. Bir az da acıqlarını tutdurdunsa, bir də gördün adını açdılar. Bu vaxtadək adın Arıbəysə, indi gördün utanmaz-utanmaz dedilər: bu Arıbəy-zad deyil, bu filankəsdir. Yox, zəmanə çox xarablaşıbdır, gərək politika ilə dolanasan və hər addımına diqqət edəsən. Çünki çox diqqət etdikcə çox da "istifadə" edəcəksən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info