Qonaq Kitabı
Aşiq isən gəl bərü kim, cani-canan məndədir

 

Aşiq isən gəl bərü kim, cani-canan məndədir,

Zahida, sən xandasan kim, nuri-iman məndədir.

 

Məndədir yer ilə gögün hikməti, həm qüdrəti,

Abu atəş, xakü badü cümlə ərkan məndədir.

 

Həq təala dörd kitabi gögdən endirdi yerə,

Mən anı istəməzəm çün külli-fürqan məndədir.

 

Katiba, ağü qərayə baxma, səni azdurur,

Aç qulaq, dinlə sözüm, avazi-quran məndədir.

 

Pəhləvanlar çox cəhanda, Rüstəmi-Zal olmuşam,

Həm Sikəndər hikməti, mülki-Süleyman məndədir.

 

Əyyuba çəkdirdi çox dərdi bəlavü möhnəti,

Gəl məni istəş, verəyim dərdə dərman məndədir.

 

Yəqubi gör zarü giryan Yusifi-Kənan içün

Piri-künci-xəlvətəm uş Misr sultan məndədir.

 

Şahi-Mərdanın, Əlinin aliyəm, övladiyəm,

Zülfüqarü tacü Düldül uş bu nişan məndədir.

 

Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin,

La fəta illa Əli, bu sirri-pünhan məndədir.

 

Mən şaha bu canımı sidq ilə qurban qılmışam,

Gər qəbul qılsa vilayət, eydi-qurban məndədir.

 

Çün Xətayiyəm, şahın vəsfini daim söylərəm,

Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info