Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (8)

 

(Felyeton “Həyat” qəzetinin 14 iyul 1906-cı il tarixli 154-cü nömrəsində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Ölmək sənə gər verərsə dəhşət,

Müştaqi isən bəğa və ömrün.

Cəmiyyətə sən gəl eylə xidmət,

Qüdsiyyətin anla belə ömrün.

Baqi bu cahanda tək camaat,

Hər fərdi bəla onunla qismət.

Şiller

 

Nə gözəl sözlər! Nə hakimanə fikirlər! Bəli, istəyirsiniz adınız baqi qalsın, tək özünüz üçün, öz nəfsiniz üçün yaşamayınız, həmcinslərinizi arayınız, arayıb tapınız, sonra toplanınız, cəm olunuz və cəm olub birlikdə ümumi və müştərək bir məqsədə çalışınız. Təklikdə bədəninizlə bu əfkarınız, amalınız, mənəviyyatınız da fani olar, fəqət ümumi işdə çəkdiyiniz zəhmətlərin asari baqi qalar, çünki baqi qalan ancaq "camaat" olacaqdır...

Haman camaatdan ötrü çəkdiyiniz zəhmətlər, əlbəttə, baqi qalıb isminiz həmişə zikr olunacaqdır. Biz istərdik Şillerin bu sözləri qızıl suyu ilə, gözəl xətt ilə yazılıb bir qitə, bir lövhə halında hər müsəlmanın evində gözə dəyən yerlərə asılsın, tainki uşaqlarınız həməvəqt oxuyub əzbər edə bilsinlər, bəlkə əzbər edə-edə axırda bu sözlər qəlblərində yer edib, gələcək balalarımız indiki kəsaləti bədbəxt millətin üstündən götürələr. Yüz illər ilə əqlini, ixtiyarını buxovlatmış "camaatı" buxovdan xilas edib insaniyyət, camaat, millət, vətən nə olmağını və hankı yol ilə yeriş edib insan cərkəsinə daxil olmağını bildirələr...

Biz doğrusu, hal-hazırda həyatını "sürükləyən" camaatdan bir şey gözləmiriz... Bunların tərbiyəsilə böyüyüb axırda camaatın üzvü də hətta pişvaz olanlara da böyük ümidlər bağlamırız. Özləri nə edirlər, nə etmişlər ki, "bunların" vasitəsilə tərbiyə alanlar da bir hümmət, bir qeyrət, bir həmiyyət göstərərlər.

Bəlkə ikinci, hətta cürətlə deyə bilərik, üçüncü arxa, üçüncü bətn bizim başımızı bir yerə yığıb bizim də "insan" olmağımızı andıralar, bizə də "camaat" olmağa qabiliyyətimizi göstərələr.

Biz ümidimizi ancaq bunlara bağlamışıq. Yoxsa bu nə həyat? Nə dolanacaq? Nə camaat? Nə insaniyyətdir?

Siz güləcəksiniz, deyəcəksiniz, əcəba, bu silsilənin ikinci, ya üçüncü bətnlərində nə olacaq, ya gələcək balalarımız nə işlər görəcəklər! Bizə nə? Dərdimiz indi azmıdır ki, bir də yüz il bundan sonra nə əhvalatlar olmağının dərdini çəkək? Siz təəccüb edəcəksiniz, lakin sizin böylə sözlərinizə biz təəccüb etmiriz. Sizin tərbiyənizi, dolanacağa təsəvvürünüzü bilib də, siz bizə tutduğunuz irada irad etmiriz...

Biz çox da dedik ki, insan tərəqqi üçündür. Bu gün dünyaya gəlib-gedən sonradan yeni dünyaya gələnə bir yol "gərəkdir" göstərsin, tainki yeni dünyaya gələnlər bunları insan görüb daha ziyadə tərəqqi edələr, tərəqqi yolunu "sirati-müstəqimi" qayadan-daşdan, tikandan, quyudan, uçurumdan təmizləyib insan üçün ümumi bir nöqtəyə, bir kəbeyi-amala yeriş etməyi daha ziyadə asan edələr...

Nədir o bir nöqtə? Hanı cəmi bəşəriyyətin qibleyi-müştərəkəsi ki, bütün insanlar xah müsəlman, xah nəsrani, xah yəhudi, xah bütpərəst o nöqtədə ittihad edə biləcəklər? Hansı bir nöqtədir ki, insan haman nöqtəyə bir az çatıb da rahat nəfəs alacaqdır? Özünü həqiqət dünyanın padşahı görüb, verilən nemətlərin qədrini bilib onu bəxş edənə mədhlər söyləyəcəkdir?

Biz həmin nöqtəyə hürriyyət adı qoysaq, siz yenə gözlərinizi açıb təəccüblə bizə baxacaqsınız, sonra aşkar deməsəniz də, fikrinizdən keçirəcəksiniz.... Ah, biçarə nə yaman səhvdədir. "Sizin" fikrinizlə dünya, həyat nə olmağını dürüst anlamamağımıza istehza edəcəksiniz. Lakin biz yenə də "sizin" istehzanıza təəccüb etməyəcəyiz, niyə də edək? İnsan hamı bir təsəvvürdə olsaydı, biri hürriyyət yolunda can verərkən, ol biri haman yarımcan cəmdəyi ayağı ilə çığnamazdı...

Yox, əfəndim! Təəccüb etməyəcəyiz.

Rus şairlərindən biri deyir: "Həyat axmaq bir zarafatdır"... Siz də belə bir təsəvvürdə olsanız, kimin sözü var! Siz də hürriyyət barəsində bir qeyri fikirdə olmağınızı söyləsəniz, kim bir şey deyə bilər? Biz hürriyyəti belə anlamışıq, biz deyiriz: sizi yaradanı arayırsınızsa, onun göndərdiyi ehkamı sevirsinizsə hürriyyətə çalışınız...

Siz deyirsiniz: hürriyyət odur ki, mənim heç kəsdən möhtaclığım olmasın. Vaxtı fövt etməyib yalan, doğru öz dolanacağımı xoş keçirməkdən ötrü pulum olsun. Pul ki, oldu, "hürriyyət", yəni azadəlik əlindədir. Heç kimsədən ki, ehtiyaclığın olmadı "azadə" bir adamsan, nə istəyirsən elə, nə qədər kef çəkirsən çək, "kimi" istəyirsən al, "kimi" istəyirsən sat, "kimi" istəyirsən öldür, ya öldürt, "kimi" istəyirsən "dirilt" daha bundan artıqmı da "azadəlik?". "Pul hürriyyəti" olan vaxt kimdir mənim yolumu tutan? Kluba da gedərəm, teatrda lojada da oturaram. "Məni" əvvəl oraya qoymayan adamlar ilə "bərabər" oturub çörək yeyərəm, şampanı içərəm, hələ istəyirsən tans da edərəm. Buyurunuz, bu da sizin "bərabər", müsavat istədiyiniz! Məndən ədalətmi gözləyirsiniz, buyurunuz: bundan müqəddəm bir adam əmanət tapşıranda onu alət edirdim, indi etməyirəm. Ancaq prosent alıram. Bundan müqəddəm yüzə otuz prosent alırdım, indi on eləmişəm. Bundan müqəddəm iki-üç arvad alanda köhnələrini zirzəmidə saxlayırdım, təzəni yuxarı mərtəbədə. Birinə zər alanda, o birinə çit alardım, birinə can deyəndə, digərinə çor deyərdim; indi xeyr, hərəsinə ayrı ev tuturam, köhnəyə zər də almasam, çılpaq da qoymuram, çor da deməsəm, aylar ilə üzünü görmürəm...

Buyurunuz, bu da sizə ədalət. İndi görürsünüz ki, hər şey, yəni "hürriyyət" cəmi "quyruqları ilə" bir pula bənddir. Pul oldu, "hürriyyət" də olacaqdır. "Müsavat", "ədavət" də onunla belə...

Yox, çaşmısınız, düz yoldan kənar düşübsünüz, zülm pulsuzluqdan olar... Bir yaxşı fikir ediniz, yəqin ki, mənim sözümü təsdiq edərsiniz, daha bundan sonra zəhmət çəkib hürriyyətdən dəm vurmazsınız. O ki, qaldı cənab Şillerin sözlərinə, yəni öz adını öləndən sonra baqi qoymaq istəyənlər gərəkdir camaat işinə qarışalar, o da bizim təsəvvürümüzcə düz deyil. İsmin baqi qalmaq üçün övlad lazımdır. Lakin övladın üçün çalışıb onu "bizim hürriyyətə" çatdırmaq, biz "hürriyyəti" pul qazanandan sonra hiss ediriksə, övladımız uşaq vaxtından haman "hürriyyəti" hiss edəcəkdir. Klublarda, restoranlarda, qəstinlərdə "azadə" kef çəkəcəkdir. Madonnalara "yüzlüklərdən yorğan qayıracaqdır", adı hər yerdə çəkilib deyəcəklər: "bu filankəsin oğludur!" Bu da siz buyurduğunuz "tərəqqi yolunu asan etmək! Bu da ismimin baqi qalmağı! Daha nə istəyirsiniz?! Məqsədimiz bir ikən yolumuz ayrıdır. Siz bir yol ilə gedib istəyirsiniz hamı hürriyyətə çatsın, mən bir ayrı yol ilə gedib öz nəfsimi "hürriyyət"ə çıxarmaq istəyirəm. Hamı mənim kimi hərəkət etsə, axırda görərsiniz ki, hamı "hürriyyətə" çatıbdır...

Bəli, cənab qare. Belə bir "hakimanə" sözlərinizə də yenə də təəccüb etməyiriz. Nə vermişik ki, nə də tələb edək? Nə vaxt biz sizə hürriyyət nə olmağını söylədik? Nə vaxt? Nə vaxt yaxşını yamandan ayırıb sizə tərbiyə verdik? Nə vaxt yaralarınızı açıb da əlacını göstərdik?

Bizə belə sualları verməkdə haqqınız var. Lakin əsil səbəb kim oldu? Kim idi bizim ağzımızı yüz illər ilə bağlayan? Kim idi bizi ana dilinə həsrət qoyan? Kim idi milli hissiyyatımızı mürur ilə puç edən? [...] Kim idi "Tarixi-müqəddəs"i xarici dildə oxutduran? Kim idi səni özünə qul edib cəmi ixtiyarını çığnayan? Bizmi, ya bizdən bir qeyrisi?

Bu bir ilin ərzində top-tüfəng, bomba səsi, talan olmuş kəndlər, ayaqyalın, başaçıq, vəhşi kimi öz yollarından qaçanlar, küçələrə tökülən yetimlər sizi ayıltmadımı? Dostunuzla düşməninizi tanımadınızmı? Ya tanıyıb da anlamadınız. Bütün bəlanın içində olarkən, dininiz, diliniz əldən gedərkən, camaatınız qaranlıqda boğularkən, ancaq öz nəfsinizi bəsləməyə məşğul idiniz...

Biz öz günahımızı gizlətməyəcəyiz. Bizə cürətsiz, xəyanətçi deməyə ixtiyarınız var. Biz indi əlimizə qələm götürüb sizi toppuzlayan bu işlərin hamısını bilib də, anlayıb da əlimiz qələm tutarkən, başımız işləyərkən, vaxtında yaralarımızı cürət edib açmamışıq. Kərpici kərpic üstə qoymamışıq. Canımızı haqq yolunda fəda etməmişik. Bunlar hamısı haqq! Hər nə desəniz haqqınız var...

Lakin bu bir ilin ərzində özgələr vasitəsilə bir növ ixtiyar alıb meydana çıxmışıq, cürət edib doğru, haqq yola dəvət etmişik. Keçən səhvlərimizi yavaş-yavaş düzəltməyə çiddü-cəhd ediriz. Siz camaat bunun müqabilində nə etdiniz?

Heç bir şey etməyirdiniz, laməhalə yüz illər ilə həsrətində olduğumuz "cəmiyyəti-xeyriyyə"yə kömək edə idiniz. Kor-şil, yetim, sahibsiz oxuyan uşaqlarımız əlləri qoltuqlarında qalıb "cəmiyyəti-xeyriyyət"dən kömək gözləyirlər.... "Cəmiyyəti-xeyriyyə" isə bacardığı yerədək kömək edib, indi qalıbdır pulsuz. Bir belə "cəmiyyətə" kömək edib onun halından xəbərdar olmayanda daha danışmağa da hünərimiz olacaqmı?

Yox, əfəndim! "Camaat" nə olmağını hələ anlamamışıq. Anlamağımıza da çox qalıbdır. Biz ikinci, üçüncü bətn silsiləsini gözləyiriz, sizin balalarınızdan olan balalar bizim sözlərimizi anlayıb dərdimizi, camaat nə olmağını anlayacaqlar.

Anlayıb da dərdimizə çarə tapacaqlar; onu da yəqin ediniz: sizin nəvələriniz sizin üstünüzə, sizin hürriyyətə olan təsəvvürünüzə güləcəklər.

Sizə istehza edəcəklər, sizə indi Dumanın qovulmağı əsər etməyirsə, sizin də həyatınızın fani olmağı əsla onlara əsər etməyəcəkdir. Çünki siz təklikdə çalışıb çabaladınız, camaat işinə qarışmadınız, qarışsaydınız, qalardınız baqi...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info