Qonaq Kitabı
HƏRDƏNBİR

 

(Balaca felyeton “Həyat” qəzetinin 9 iyul 1906-cı il tarixli 149-cu nömrəsində “Arı bəy” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Bir para adam öz dərdini, fikrini, hissiyyatını bir balaca dəftərə yazıb saxlayır. Sonra, bir neçə vaxtdan sonra oxuyub keçən günləri yadına salır.

Böylə bir dəftərçəyə rusca "dnevnik", yəni ruznamə deyirlər. Haman ruznamədən mənim də var. Çoxdandır yazmışam. İndi "Hərdənbir" haman "ruznamədən" yazacağam... Mən indi ancaq başa düşürəm ki, köhnə müsəlman məktəbləri bizim uşaqların evlərini yıxır...

Neçə illər dizlərim qabara-qabara "Gülüstan"ı, "Bustan"ı və sonra "Zərəbə zeydün"ü[i] oxudum, əlimə bir attestat vermədilər. Sonra acığım tutub getdim rus şkoluna. Bir neçə ildən sonra doğru, zəhmət çəkdimsə də, bir böyük attestat da aldım....

Haman attestatın səbəbinə "mən" başladım rus əlifbasını özgələrə təlim etməyə...

Ah bir babat dolanırdım. Amma hərdənbir "Zərəbə-zeydün"ə itirdiyim vaxtlar, çəkdiyim zəhmətlər yadıma düşüb "ağlım" başımdan az qalırdı uçsun. Hərdənbir öz-özümə deyirdim: "Ah, nə olardı, əbəs yerə itən vaxtları, çəkdiyim zəhmətləri rus dili oxumağa sərf edəydim! İndi əlifba yox ki, rus dilində  elmi-heyətdən[ii], fizikadan, tarixdən, "siyasi" işlərdən dərs verərdim. Məvacib də çox alardım, dolanacağım da yaxşı keçərdi. Heç olmasa curlarımdan geri qalmazdım. İndi nə gündür mən çəkirəm?

Mənim taylarım "uxajivaniya" ilə məşğul olurlar, mən baxıram yana-yana.

Özümə də baxıram, onlara da: heç birindən "eybəcər" deyiləm. Onlar şaltay-baltay edəndə, mən əməlli-başlı rusca, "söyləyirəm...".

Puşkinin, Lermontovun şeirləri hamısı yadımdadır. "Bizim" barışnalara da belə-belə şeylər xoş gəlir... Hanı bir özümü onlara göstərə idim!

Bu vaxtadək "mən" elə fikir edirdim ki, guya "uxajivat" eləməkdən ötrü gözəl sifət, ya rusca bilik lazımdır.

Xeyr, indi anlamışam ki, bunlar hamısı bir yana, pul da bir yana...

Pul! Pul! Pulsuz uxajivat olmaz, vəssəlam!

Taylarımın dolanacaqlarına baxıb öz-özümə deyirəm: xeyr, bəs elə uxajivata mən davam gətirmərəm...

A kişi, belə də şey olar? Gecədə katatsiya, gecədə şişəsi 6-7 manatlıq "Landış" ətri!..

Əlbəttə, "Zərəbə-zeydün"ə itirdiyim gözəl vaxtları rus dilinə, rus elmlərinə sərf etsə idim, mənim də cibim dolu olardı...

Bu tövr fikirlər bir neçə vaxt mənə rahatlıq vermirdi. Niyə, nə səbəbə mən vaxtımı əbəs yerə puç etdim, deyib dərdimi ürəyimdə gizlədirdim...

Heç bir ümid yeri görünməyir idi. Bəlkə də, görünür idi ki, amma mən anlamırdım... Özgələr də deyəndə cavab verirdim: o sizin xam xəyalınızdır, heç elə şey olmaz...

Ay keçdi, il keçdi havada təğyir göründü. Yaydan sonra payız gələrkən "bahar" iyisi gəldi... Zəmanə dəyişilirdi... O şey ki, yuxuda görsəydim inanmazdım. İndi açıq halətində görürəm, hiss edirəm... Ömrümdə eşitmədiyim sözləri eşidirəm... Svoboda, demokrat, sosializm, nə bilim, daha nə!

Həqiqət, əvvəl qulaqlarım taq-taq taqqıldayırdı. Sonralar yavaş-yavaş bu sözləri öyrəndim. Kimi sözü yoldaşlarım türkcə bəyan edirdilər, kimisini də lüğətlərin vasitəsilə öyrənirdim... Bir azdan sonra görürəm, a kişi, bu sözlərin hamısını ərəbə, farsa tərcümə etmək olar....

Ah, yaxşı əlimə düşübsən!

"Gülustan"ı, "Bustan"ı, " Zərəbə-zeydün"ü, görünür, əbəs yerə oxumamış imişəm....

İndi dayan! "Bizim küçədə də bayram olarmış!" " Zərəbə-zeydün"ün vaxtı gəlibdir!

Mən başladım yavaş-yavaş "qulaq taqqıldadan" sözləri ərəbə-farsa tərcümə etməyə.... Onu da bilirdim ki, bu sözlər bir neçə adama lazım olacaqdır. Bir gün bir balaca tərcümə edib "haman" sözlərdən də qatışdırıb qoydum qoynuma.

Öz qəza yoldaşlarımdan biri rast gəlib deyir: filan "kantorda" ruscadan türkə tərcümə edən lazımdır. Ancaq ərəb-fars dərsi də gərəkdir ola. Yaxşı da məvacib verirlər. Bu əhvalatı eşidib "kantora" getdim. Kantor sahibi mənə baxıb:

- Ah, "zemlyak", xoş gəlibsən", dedi. - Nə var, nə yox?

- Sağlığın. Eşitmişəm sizə bir mütərcim lazımdır."

- Bəli, bəli çox gözəl! İstəyirsənsə gəl işlə..." Mən səni yaxşı tanıyıram. Sən əhli-savadsan. Məvacib də bu qədərdir. Ancaq sonradan artacaqdır...

- Mən razıyam" - deyib, qoynumdakı kağızı çıxartdım. - İstəyirsiniz baxınız, böylə tərcümə yararmı?

"Zemlyakım" ağzını turşudub dedi:

- Xeyr, böylə şeylər bizə lazım deyil... Bizim "kantor" üçün gərəkdir teleqramları tərcümə edəsən... Axır vaxt teleqramlarda çətin sözlər rast gəlir, müsəlmanca hər adam tərcümə edə bilməyir...

Xülasə, mən qulluğumu başladım... Getdikcə gördüm "Zərəbə-zeydün" mənə kömək edir... Teleqramları çox sanlıqla tərcümə edirdim... "Kantor sahibi məndən razı idi. Özü çox iş görən idi, iş görəni də sevərdi. Mən də bunu bilib ciddü-cəhd edərdim..."

Bu minval ilə bir neçə vaxt keçdi. Məndən savayı qeyri işləyənlər də var idi. Hərənin özünə görə işi var idi. Biri hesab çəkərdi, biri gələn kağızlara cavab yazardı, biri "kantor"lara tövrbətövr kağızlar göndərərdi.

İttifaq belə düşdü ki, sahibimiz gərək bir neçə günün ərzinə qeyri şəhərə gedə idi. Məni çağırıb dedi:

- Mən gərək gedəm, sən görürəm yaxşı işləyənsən, çox səy edirsən. Təvəqqe edirəm "kantor"un işlərinə yaxşı baxasan. Hamı "yazıya" dair işləri sənə tapşırıram... Göndərilən kağızı nəzərdən keçirib, mənim yerimə qol qoyarsan, özgəyə ümid bağlamıram, onlar kəmsavaddırlar...

Mən bu əhvalata sevindim. Niyə də sevinməyim? "Zərəbə-zeydün" olmasaydı, bu mərtəbəyə çatmazdım... Xeyr! Görünür, vaxtımı əbəs yerə fövt etməmişəm, indi başa düşürəm ki, yenə rus uçitellərimdən biri deyərdi: "Vremya denqi", yəni vaxt puldur.

Bəli, xozeynimi yola saldım.

Ən əvvəl xozeynimin otağına köçdüm ki, qeyri yoldaşlardan heç olmasa seçilim. Ondan savayı, gizlin söhbəti onlar ilə yoldaşların arasında oturub etmək olmaz. Xülasə, tövrbətövr səbəblər var idi... Sonra başladım yazılan kağızları nəzərimdən keçirtməyə. Oxuyub, düzəldib qol çəkirdim. Öz işimi də görürdüm. Ancaq bilmirəm nədənsə, öz işim özümə birdən-birə xoş gəlmədi. Bir az da çətin oldu. Həmi kağızları oxuyub qol çəkim, həmi də öz işimi görüm! Yox, xozeynin yerini belə dolandırmaq olmaz. Ondan savayı, gördüm hərgah bir "Zərəbə-zeydün" ilə məşğul olsam, beynim çox tez paslanacaqdır. Nə tövr eyləyim? Daha nə fikir yeri var? Hamı ixtiyar məndə, nə istəsəm edərəm. Öz işimi qulluqçuların birinə mühəvvəl edim ki, beynim bir az rahat olsun...

Bu vaxtadək yoldaşlarım yazan kağızları oxumurdum, çünki işim çox-çox idi.

Oxusam da, anlamırdım. İndi bir az rahat olub yazılan kağızları diqqətlə oxuyurdum...

Bir gün yoldaşlarımdan, yəni mənə tabe olanlardan biri bir "kağız" gətirib dedi: bu kağıza gərəkdir ki, cavab yazıla.

Kağızı oxuyub gördüm bir qeyri "kantor" bizim hesabımızı yanlış salıb, yazır, guya bizim "kantor" bir səhv buraxıbdır... Haman səhv də, guya mənim tərəfimdən olubdur. Bir az fikrə gedib dedim: bu kağıza mən özüm cavab yazaram.

Başladım fikir etməyə.... Gördüm xeyr, bir şey çıxmır.

Mən görmüşdüm qeyrilər bir şey yazanda saçlarını yolurlar, durub otaqda gəzinirlər. Mən də başladım gəzinməyə, başımın saçını yolmağa. Xeyr, heç bir şey çıxmır.

A kişi, nə yaman imiş vərdiş etmədiyin şeyi birdən-birə başlamaq. Teleqram olsaydı, indi yüzünü yazmışdım. Yox, hər halda gərək bu kağıza cavab yazam. Yoxsa xozeyin bilsə ki, cavab yazmamışam, fikir edər ki, mən bir teleqramdan başqa özgə şey yaza bilmirəm... Yox, gərəkdir, öyrənəm, zəhmət çəkəm, bəlkə bir şey oldu. Bəli, axşam evə gəldim, qələmi əlimə götürüb başladım kağıza cavab yazmağa. Çalışdım, çapaladım, axırda bir tövr düzəltdim. Səhər kantora gətirib verdim üzünü götürsünlər və lazım olan adama göndərsinlər. Doğrusu, kağızı göndərməmişdən müqəddəm ürəyimdən keçdi ki, yoldaşlarımın birindən soruşam kağız qaidəsində yazılıbdır ya yox. Sonra fikir etdim, xeyr, lazım deyil. Çünki yoldaşım belə fikir edər ki, guya mən bilmirəm, ondan xəbər alıram. Bir də nə lazım düşmüşdü. Kağız mənim təsəvvürümə görə çox yaxşı yazılmışdı. Nə isə, kağızı göndərdim. Sabahısı bir də görürəm ki, mən göndərdiyim kağızın cavabı gəlibdir. Bizim hesabımızı yanlış edən "kantor"un xozeyni yazır: sizin xozeyniniz, gəlməsə, kağızınıza cavab göndərilməyəcəkdir.

Bu əhvalat məni təşvişə saldı. Necə ki, xozeyin gəlməsə? Mən xozeynin yerini dolandırıram. Xozeyin, mən. Təfavütü nədir? Yox, bu işi belə qoymaq olmaz. Mən götürüb yenə də bir cavab yazıb, anlatmaq istəyirəm ki, ona-buna ağlı getməsin, bilsin ki, yazan mənəm. "Kağızın" cavabı yenə gəlir: bizim "kantor", "sizə" cavab verməkdən çəkinir... İnşaallah, xozeyniniz gələr, özümüz danışarıq.

Mən yenə "anlamırdım", ancaq gördüm yoldaşlarım bu kağızı oxuyanda bir "mənə" baxdılar, bir də əlimdəki "qələmə", güldülər, irişdilər...

Ancaq onda anlamışam ki, "kantor" "mənimlə" bəhs etmək istəmir. Heç bilirsiniz bu əhvalat mənim övqatımı necə təlx etdi? Hələ indi də yadıma düşəndə övqatım təlx olur. Budu ha, yazıb qurtara bilməyirəm....

İnşaallah övqattəlxlik rəf olandan sonra söhbət edərik.



 

[i] Ərəb qrammatikasında felin təsrifi.

[ii] Astronomiya.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info