Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (6)

 

(Felyeton “Həyat” qəzetinin 23 iyun 1906-cı il tarixli 136-cı nömrəsinin 3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur).

 

Müxbirlərimizdən biri idarəyə kağız yazır. Həmin kağızda cənab müxbir üzünü Borçalı bəylərinə, zənginlərinə tutub deyir: "Ey gözəl Borçalının minlərdən dəm vurub təkəbbürlüklərindən kimsəni tanımayan, özlərini pişrov sayan fitnəkar bəyləri, ağaları və qızıllı-gümüşlü kəndxudaları! Haçana kimi insafdan kənar olub ciblərinizin xatirəsi üçün özünüzü qəflət uyğusuna məğlub edəcəksiniz? Fəqir-füqəra, əlsiz-ayaqsız, heyvanabənzər "çoban-çoluqlar"ımızı oğurluğa, yol kəsməyə, nahaq qan tökməyə və qeyri pis-pis işlərə iqva edəcəksiniz? Tövrbətövr hiylələr, məkrlər, böhtanlar və fitnələrlə başlarına döyüb, min-min zəhmətlə, cövrü-cəfa ilə qazandıqları pulları əllərindən zülm ilə alıb çöllərdə avara-sərgərdan qoyacaqsınız? Polisə qulluqçuları ilə siğə qardaş olub fəqir-füqəranın qan-təri ilə qazandığı pulu onların (polisə qulluqçularının) uğrunda xərc edəcəksiniz? Nə vaxtadək eyşü-işrətə məşğul olub məclislərdə quru-quru millət tərəqqisi barəsində "gop" edəcəksiniz. Bilmirsinizmi, boş "gop" ilə plov olmaz: yağ, düyü gərəkdir? Haçan ətrafınıza nəzər yetirib həmsayələrinizdən ibrət götürəcəksiniz? Məgər bu axır vaxt əziz, bəlakeş Qafqaz vətənimizdə vaqe olan nahaq qanlı hadisələr, top, tüfəng bomba səsləri siz borçalıları xabi-qəflətdən oyatmadımı? Dost-düşmənlərinizi tanıdıb sizə yaxşıyamanı bildirmədimi? Məgər qəzetələr verdikləri məlumatlara nəzər yetirib görmürsünüz, eşitmirsinizmi ki, qeyri şəhərlərdə, ölkələrdə sizin din qardaşlarınız qeyrətə gəlib tərəqqi yolunda artıq hümmət, həmiyyət göstərirlər?".

Cənab müxbir kağızını bu sayaq yazıb Borçalı bəylərini, ağalarını, kəndxudalarını tərəqqi yoluna dəvət edir, lakin Borçalı zənginlərinə deyilmiş sözləri biz cənab müxbirə demək istəyiriz: "Əfəndim! Fikriniz əla, niyyətiniz daha ziyadə pək gözəl! Fəqət "plov olmaq üçün yağ, düyü gərəkdir!". "Görməyirsiniz, eşitməyirsinizmi ki, qeyri şəhərlərdə, ölkələrdə sizin din qardaşlarınız qeyrətə gəlib tərəqqi yolunda artıq hümmət, həmiyyət göstərirlər..." sözlərilə Borçalı bəylərini, ağalarını qeyrətləndirmək olmayacaqdır. İnsan meymun misal bir heyvandır, "gördüyünü götürər". Böyük Pyotr insanın bu psixologiyasını pək gözəl anlamışdı. Bilirdi ki, Avropanın elm və fənndə tərəqqi etməyi barəsində quru sözlər demək, yazmaqla bir şey olmayacaqdır. Gərək idi göstərmək, bu məqsəd ilə Peterburqu özünə paytaxt hesab etdi. Oradan Avropaya "pəncərə" açdı, Rusiya milləti başlarını pəncərədən uzadıb Avropa millətlərinə "baxdılar" onlarda olan "elmi və fənni" yavaş-yavaş əxz etməyə başladılar.

Bəli, bəli, ruslar gördülər avropalılar “özlərilə” bir arşın saqqal gəzdirmirlər, bunlar da saqqallarını ya gödəltdilər, ya dibindən qırxdırdılar. Avropalılar uzun xalat, on arşından şalvar geymirlər, bunlar da şalvarlarını dar, xalatlarını qısa etdilər. Avropalılar bir arşın papaq geyib başlarına ağırlıq vermirlər, bunlar da papaqlarını gödək etdilər, Avropa arvadları kişi məclislərinə daxil olurlar, küçələrdə seyr və tamaşa yerlərində azadə gəzirlər, rus arvadları da bunları təqlid etməyə başladılar. Bundan savayı umurati-dövlətə dair məsələlərə də ruslar artıq diqqət etdilər: çinovniklər üçün dərəcə-dərəcə “çinlər və nişanlar”  düzəltdilər (…).

 

Görürsünüz, müxbir əfəndim! Ruslar boş, mənasız sözlər ilə meydana çıxmadılar, "gördüklərini götürdülər", özlərini avropalılara oxşatdılar.

İndi siz gözəl niyyətlə meydana gəlib Borçalı bəylərini, ağalarını tərəqqi yoluna qoymaq istəyirsiniz, biçarə fəqir-füqəranı onların fitnələrindən xilas etməyə çalışırsınız. Onlara insaf nə olmağını bildirmək istəyirsiniz, fəqət hansı yol ilə, kimin və nəyin vasitəsi ilə? Borçalı bəyləri, ağaları insandırlar, bunlar gərək görüb-götürsünlər, sizin din qardaşlarınız qeyri şəhərlərdə hümmət, həmiyyət göstərirlər deyib də keçmək olmaz. Onlara müəyyən yol göstərməli, haman "qeyrət, hümmət, həmiyyət" görünən şəhərlərə "pəncərə" açmalı, tainki görüb-götürsünlər. Məsələn, mən Borçalı bəylərinə nəsihət verən olsa idim, deyərdim: cənab bəylər! Gözünüzü açınız, qulaqlarınızdan pambığı çıxarınız, görünüz, eşidiniz, Bakı kimi "kasıb" şəhərdə sizin din qardaşlarınız necə "qeyrət, hümmət, həmiyyət" göstərirlər. Bakı camaatı elmin, fənnin, sənətin mənfəətini anlayıb qət ediblər ki, hamı gərək uşaqlarını oxutsun, bu səbəbdən Bakı gimnaziyalarında və ibtidai məktəblərində "uşaqlara" yer yoxdur. Ona görə müsəlman uşaqları üçün təzə gimnaziya, realnı uçiliş və qeyri sənət məktəbləri camaatın öz xərcinə açılacaqdır. Açılan məktəblər bəs etməməyinə görə uşaqları evlərdə müəllim tutub oxudacaqlar. Müəllim isə indi azdır, ona görə Qori seminariyasını Bakıya köçürəcəklər və bir qeyri seminariya, darülmüəllimin açmaq üçün çox pul yığılıbdır... Camaat yetim uşaqları da öz xərcinə oxudur! Cəmiyyəti-xeyriyyəyə zəngin hacılar "böyük köməklik" edirlər, cəmiyyəti-xeyriyyənin kassası "dolub", böyük prosent götürməyinə görə cəmiyyəti-xeyriyyənin pulunu banklar götürmürlər.... Şəhərin küçələrində bir ayaqyalın arvad, bir başıaçıq yetim tapılmır... Korlar, şillər, qocalar üçün bir darüləcza tikilir, kasıb, fəqir-füqəra üçün azarxana "bu yavuqda" qurtaracaqdır... Bakıda çıxan qəzetələr camaata çatmır. Bir nömrəni on-iyirmi adam bir yerə yığılıb oxuyur, qəzetələr çox olmağa görə camaat adlarını unudurlar. Hamı qəzetələrə "Kaspi" deyirlər. Adə, bir o müsəlman "Kaspi"sini gətir oxuyum, deyib qəzetələrin üstə ac qurd kimi düşürlər. Bunların qəzetələrə olan həvəsi siyasi işlərində gözlərinin açılmağına səbəb olur. Camaat, xüsusən müsəlman cavanları hürriyyət yolunda canlarını fəda etməyə, qanlarından, başlarından, var-yoxlarından keçməyə hazırlanırlar, kimyagərlik, qiyam və inqilab kimyagərliyi öyrənirlər. Bu sənəti təhsil üçün Amerikaya qədər axın-axın gedirlər. Gedirlər də orada öz icadkərdələri olan bombalara əvvəl-əvvəl özləri qurban olurlar...

Camaatın gözü hürriyyətin yolundadır. Gündə Dumaya teleqramlar göndərir, "hürriyyət, müsavat, ədalət" istəyiriz deyirlər. Dövləti özünə düşmən bilib Dumaya ümid bağlayıbdır. Ancaq indi "anlayıbdır" ki, iki ilin ərzində nahaq yerə tökülən qanlara səbəb dövlət imiş....

O ki, qaldı şəhər işlərinə, "tərəqqi" daha ziyadə aşkar olunur: Qosudarstvennı Duma şəhər Dumasını da qeyrətə gətiribdir... Bağları, səfiyyələri, daçaları özlərinə haram edib gecə-gündüz şəhərin barəsində "məşvərət" edirlər. Çox söz lazım deyil, şəhərin işlərinə bir balaca diqqət etsəniz, Dumanın qeyrətini anlamaq olar: küçələr mərmər kimi tozsuz-torpaqsız, gündə iki-üç dəfə sulanır, suyun "bolluğundan" ağaclar, otlar təzədən göyərir... Suyun "bolluğundan" Mixaylovski "balnisədə", azarxanada naxoşları vanna gərək olmasa da gündə "iki dəfə çimdirirlər", belə işlər pulun gücü ilə olar. Pul sarıdan şəhər kassası xoşbəxtdir. Kassa "dopdolu", qlasniyaların qeyrəti, hümməti "aşıb-daşıbdır". Belə olan surətdə şəhər abad olmazmı?

Qaldı şəhərdən kənar promıslalarda, zavodlarda işləyən fəhlələrin halı! Nə isə, axır vaxt xozeyinlər "insafa" gəlib fəhlələrin məvaciblərini artırıblar.... Təzə kazarmalar tikilir, hamamlar bina olunur. Fəhlələr üçün qiraətxanalar açılır, uşaqlar üçün yeni kitablar bina olunur...

Xülasə, böyük bir dəstgahdır! Bakı camaatı, "xüsusən müsəlmanlar" birdən-birə ayılıbdır, belə "qeyrət, hümmət, həmiyyət, müsavat, ədalət" bu vaxtadək görünməmişdi, bunları da bu yola qoyan hürriyyət olubdur. Bakı camaatı, "xüsusən müsəlmanlar", "azadəliyi" sevənlərdənmişlər", "azadəlik" veriləli gecələr "iş" görünmür. Hər kim hər kimi öldürmək istəsə, gündüz günorta çağı bazarda və ya bir qeyri qələbəlik, tünlük yerdə aşkara öldürə bilər.... Oğurluq həmçinin gecə olmur, gündüzlər olur....

Buyurunuz, müxbir əfəndim! Borçalı bəylərinin zülmündən dad çəkən yoldaşımız! Bəylərinizə, ağalarınıza, qızıllı-gümüşlü kəndxudalarınıza nəsihət edəndə Bakını heç vaxt unutmayınız. Bakı Qafqazın "gözü" hesab olunur. Buraya böyük ümidlər bağlanır idi və bağlanır... Burada olan "tərəqqini" görüb bilsəydiniz, yəqin ki, Borçalı bəylərinə "üstüörtülü" qeyri şəhərlərdə din qardaşlarımızın "tərəqqi"sindən söyləməzdiniz, aşkara deyərdiniz: “Ay Borçalı bəyləri, baxınız Bakı müsəlmanlarına, "ibrət" ediniz.

Ola bilsin ki, Bakı borçalılara uzaqdır, əlləri çatmır. "Tərəqqi"nin əsərini görmürlər, hiss etmirlər...

Belə olan surətdə onlar Tiflis camaatının, xüsusən oradakı müsəlmanların hümmət və həmiyyətlərinə diqqət etməlidirlər. Orada da fəna işlər görünmür. Tiflis müsəlmanları ittifaq edib qət ediblər ki, erməni-müsəlman hadisəsindən sonra şəhərlərə, kəndlərə başaçıq, ayaqyalın yetimləri ilə qaçan sahibsiz arvadları vətənlərinə qaytarsınlar. Bunların "qeyrəti" qəbul etmir ki, sahibsiz arvadlar, ya əllərindən var-yoxu gedən kişilər qeyri şəhərlərdə, kəndlərdə qalıb dilənçilik etsinlər. Bunların "insafı" rəva görmür ki, Tiflis kimi şəhəri atıb qeyri yerləri özlərinə vətən etsinlər...

Bəli, bu barədə böyük məclislər qurulur, gecə və gündüz məsləhət olunur; talan olmuş vətəndən sərgərdan düşmüş vətəndaşlarına nə tövr kömək etmək məsələsi hal-hazırda müzakirə olunur... Ruhanilərimiz bu məsələni ruhanilərə dair məsələlərdən baş bilib öz məclislərini pozurlar, indi buna məşğuldurlar...

Borçalılara "ibrət" üçün bu da az olsa, Gəncəni göstərmək olar. Əhli-Gəncə duxovnı seminariya açmaqda böyük bir "qeyrət" göstəriblər. Bir ayın ərzində bir "milyon" pul yığıb "məscid hücrələri"ndən bir "böyük imarət" tikdirirlər... Yerin bolluğuna və pulun çoxluğuna görə haman yerdə "duxovnı akademiya" üçün də imarət tikmək fikrindədirlər...

Xülasə, nerəyə baxırsınız, ürəyinizə "fərəh" gətirən əməllər görünür... Belə qəlbimizi şadlandıran, bizə ürək verən "qeyrətimizi", "hümmətimizi", "həmiyyətimizi" artıran şey birmi, ikimi, üçmü? Hankı şəhərə baxsanız, müsəlmanlar böyük "tərəqqidə", böyük "səadətdə" bulunurlar.

Lakin Borçalı bəyləri, ağaları kimi qeyri-ölkələrdə xabi-qəflətdə qalanlara təəccüb etməlidir! Nə əcəb bunlar qeyri şəhərlərdə din qardaşlarının hümmətini görüb, ya eşidib hümmətə gəlməyiblər?..

Yoxsa görüblər, eşidiblər...

Ruslar Avropanın mədəniyyətini "anlayan" kimi bunlar da "millətpərəst" nə olmağını anlayıblar. "Millətpərəst" olublar... Yağsız, düyüsüz plov bişirmək istəyirlər... "Şəksiz, gördüklərini götürüblər...".

Xeyr, əfəndim! Meymun xasiyyətini insandan almaq olmaz. Bu bir təbii şeydir.

İnsan özünü nahaq yerə çətinə salmaz. Bir şeydə, ya bir işdə məxsusi mənfəətin olmadı, nə lazımdır onun künhünə getmək. İndi hamı özünə "millətpərəst" deyir. Ah, nə olar! Borçalı bəyləri özlərinə "millətpərəst" deyəndə böyükmü şey olar... Hal-hazırda bu, moda hökmündə olubdur.

Cənab Qoremıkin də özünə "millətpərəst", "vətənpərəst" deyib kəndliləri acından qırır, təqsirsizləri qazamatlarda aylarla saxlayıb onlara ağla gəlməyən əziyyəti verdirir. "Millətpərəstlik", "vətənpərəstlik heysiyyatı" daha ziyadə artırsa, "patriotlar" biçarə cühudların evlərini talan etdirirlər, kişilərini, arvadlarını qırdırıb uşaqlarını yetim qoyurlar; biçarə müsəlman ilə erməniləri bir-birilə vuruşdurub Qafqazın torpağını nahaq qana boğar və ortaya bir Komissarov deyil, yüzlərlə komissarovlar çıxardıb Peterburqun gizli, qara və qaranlıq bir guşəsindən deyirlər ki:

"Qətl və qarətlər bizim əlimizdədir, onları qayıran bizik: istərsək on kişilik, istərsək on min kişilik qətl və qarət tərtib edəriz"... Əfəndim, "tarixi" olan bu sözlər vətənpərəstliyin ən uca mərtəbəsidir! Siz də bu cürmü vətənpərəstlik, millətpərəstlik istəyirsiniz?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info