Qonaq Kitabı

 

Abaum və ümmühatün – “Atalar, Analar”. Şərqdə ədəbi və fəlsəfi əsərlərdə aba (atalar) dedikdə yeddi səyyarə: Günəş, Ay, Merkuri, Mars, Venera, Saturn və Yupiter nəzərdə tutulur. Bu səyyarələrə ərəbcə gah “abasəb’ə” (yeddi ata), gah da “aba’i-ülvi” (yüksəkdə, göylərdə olan atalar) dedikləri kimi, “ümmühat” – (analar) ifadəsi ilə də dörd ünsürü – od, su, hava, torpağı nəzərdə tuturdular. Bunlara “ümmühatü-ərbəə” – (dörd ana), bəzən də “ümmühati-süfli” (alçaqda, yer  kürəsində olan analar) adı vermişlər. Nəsimi də yuxarıda göstərilən ərəb ifadələrindən həmin planetləri və dörd ünsürü nəzərə alaraq insanı onların nəticəsi və məhsulu hesab edir və deyir: “Ey insan, şübhə yoxdur ki, yeddi planetin və dörd ünsürün nəticəsi sənsən. Kainatın yaradılmasında məqsəd sən olmusan”.

 

Abidi-əsnamü lat – “Bütlərə ibadət edən”.

 

Adə kəl urcuni – “Qurumuş xurma ağacı budağına döndü”. Nəsimi bu ifadəni Quranın 36-cı surəsinin 39-cu ayəsindən götürmüşdür. Orada yazılır: “Ay üçün mənzillər (düşərgələr) təyin etdik; ta ki o, qurumuş xurma ağacı budağına çevrildi”. Məlum olduğu kimi, yaş və cavan budaq ağacdan qopub yerə düşdükdən və gün qabağında qalıb quruduqdan sonra əyilib yay kimi olur, ay da ayın axırı və yeni ayın əvvəllərində yay kimi görünür ki, bu zaman ona hilal deyilir. Doğrudan da, quruyub əyilmiş budağa bənzəyir. Nəsimi isə bu ifadənin insan qaşlarına (hilala bənzədiyinə görə) işarə olunduğunu tərənnüm edir. Həmçinin Nəsimi insanın qamətini əfsanəvi tuba ağacına, üzünü cənnətə, gözlərini (parlaq olduğuna görə) Qurandakı “Ənnəcm” (ulduz) surəsinə, sinəsini isə “Vəttur” (dağa and olsun) surəsinə oxşadaraq yazır:

“Boyu tuba, üzü cənnət, adə kəlurcün qaşı,

Gözləri vənnəcm, onun sinəsi vəttur idi”.

 

Aləmi-kübra və suğra – “Böyük və kiçik aləm”.

Orta əsr fəlsəfəsində kainat bütövlükdə böyük aləm, insan isə kiçik aləm adlandırılır.

 

Aləmi-zat və sifat – “Şəxsiyyət və xassələr aləmi” (Zat – şəxs, şəxsiyyət deməkdir. Sifat isə sifət sözünün cəmidir). Nəsimi bu ifadəni aşağıdakı beytdə belə yazır:

Aləmi-zatü sifatəm, mənbəi-mövtü həyat,

Həm hisari-kün-fəkanəm, həm anun məhsuriyəm.

Yəni şəxsiyyət və sifətlər aləmi mənəm, dirilik və ölüm mənbəyi, bütün kainatın qalası, həm də bu qala içində hasarlanan mənəm.

 

Alimül-qeyb – “Qeybi bilən, gələcəkdən xəbər verən” (Allah nəzərdə tutulur).

 

Aməntü billəzi xələqəl-leylə vən-nəharə – “Gecə və gündüzü yaradana inandım”.

 

Amənna və səddəqna – “Inandıq”. “Amənna” ifadəsi Quranın bir çox surələrində, o cümlədən 28-ci surənin 56-cı ayəsində və 29-cu surənin 42-ci ayəsində vardır. Quranın şərhçilərinə görə Allaha və Quranın ehkamlarına inanmaq, onu təsdiq etmək mənasında işlədilmişdir. Lakin Nəsimi insan gözəlliyini yüksəklərə qaldıraraq onu ilahi mərtəbəyə çıxarıb deyir: “Ey insan, sənin gözəlliyin misilsizdir. Sənə “amənna və səddəqna” demək daha yaxşı olar”.

 

Anəstunarən – “Odu gördüm”. Ifadə Quranın 27-ci surənin 6-cı ayəsində ətraflı verilmiş və başqa surələrdə də bəzən bu əfsanəyə işarə edilir. Nəsimi bu ifadəni öz şeirlərində işlədərək, dini-əfsanəvi bir rəvayəti xatırladır. Yəhudilərin peyğəmbəri Musa gəncliyində Misir hökmdarı Fironun sarayında yaşamış, bir nəfər qibtini öldürdüyü üçün cəzalanmaq qorxusundan Şam ölkəsinə qaçmağa məcbur olmuşdur. Orada Şüeyb adlı varlı bir qoca kişiyə (Quranın yazdığına görə o da peyğəmbər imiş) on il çoban olur. Çoxlu sərvət toplayır və Şüeybin qızına evlənir. Sonralar qayınatasının yaşadığı Mədyən şəhərindən başqa yerə yola düşürlər. Gecənin bir vaxtı Musanın arvadını doğum sancısı tutur. Odları olmadığı üçün qaranlıqda qalırlar. Bu zaman Musa uzaqdan bir işıq gəldiyini görüb: – Mən od gördüm, indicə sizə ya od, ya da bir xəbər gətirərəm, deyir. Musa odun yanına çatdıqda görür ki, bir ağacdan nur parlayır. O, qorxusundan qayıdıb qaçmaq istədikdə ağacdan səs gəlir ki, “Ya Musa, qorxma. Mən Allaham”.

 

Ayəti-Yöhyil Izamə – “Sümükləri dirildər” ayəsi. Ifadəni Nəsimi Quranın 34-cü surəsi 76-cı ayədən iqtibas etmişdir. Quranda ayənin məzmunu belədir: “Öz yaranmalarını unudan bizə misal gətirib deyir ki, “bu çürümüş sümükləri bir də kim dirildəcəkdir?” De ki, onları birinci dəfə yoxdan icad edən, yenə də dirildər. O, hər cür yaratmağı bacarır”. Bu ayədə din baxımından çox mürəkkəb və mühüm bir məsələyə toxunulmuşdur.

Məşhur orta əsr filoloqu Mahmud ibn Ömər Zəməxşəri və başqa şərhçilərin verdiyi məlumata görə, islam dininin meydana gəlməsinin ilk dövrlərində Ubəyy ibn Xələf, Əbu Cəhl, Asi ibn Va’il və başqaları çürümüş bir sümüyü əllərinə götürüb Məhəmmədin yanına gələrək deyirlər: “Ey Məhəmməd, deyirsən ki, qiyamət günü olacaq və o gün ölülər yenidən diriləcəkdir. Çürüyüb, torpaq olmuş bu sümüyü yenidən kim dirildə bilər?” Məhəmməd onlara cavab olaraq deyir: “Onları yox yerdən icad edən yenə dirildər. O, hər cür şeyi yaratmağa qabildir”. Beynə ma’ və tin – “Palçıq ilə su arasında”. Bu ifadəni Nəsimi dini hədisdən iqtibas etmişdir. Dini rəvayətə görə Məhəmməd demişdir: – Adəm peyğəmbər palçıq ilə su arasında olarkən (yəni hələ yaranmazdan əvvəl) mən peyğəmbər idim.

 

Beyti-mə’mur – “Tikilmiş, abadlaşdırılmış ev”. Bu ifadəni Nəsimi Quranın 52-ci surəsinin birinci sətrindən iqtibas etmişdir. Bu ifadənin dini mənası Kəbə evi deməkdir. Dini qanuna görə Kəbə əmin-amanlıq evidir, oraya daxil olan adamı döymək, öldürmək qadağandır. Ona görə də oraya “Darüssəlam” – əmin-amanlıq evi də deyilir.

 

Beytül-həram – Qoruq, qadağan olunmuş ev (Kə’bə). Dini mərasimə görə orada dünyəvi işlərlə məşğul olmaq qadağandır.

 

Bəqa, darülxülud – “Əbədiyyət evi” (o biri dünya) Dini rəvayətlərdə o dünyaya “darülbəqa”, “darülxülud” deyildiyi kimi, bu dünyaya da “darülfəna” (heçlik, fəna evi), “darülğürur”, (lovğalıq evi) deyilir.

 

Bəlhüm əzəllü – “Bəlkə onlar daha da azğındırlar”. Bənəyna foqəkun səb’ən şidadən və cə’əlnaha siracən – “Sizin üzərinizdə yeddi möhkəm şey yaradaraq onları parlaq çıraq elədik”. Bu ifadə Quranın 78-ci surəsinin 10-11-ci ayələrindən götürülmüşdür. Orada yerin, göyün, dağların, gecə-gündüzün və sairənin yaranmasından danışılır və yuxarıda göstərilən “yeddi möhkəm şey” də, ruhanilərin fikrincə, yeddi planetə (Günəş, Ay, Mars, Venera, Saturn, Merkuri, Yupiter) işarədir ki, onlar dünyanı parlaq çıraq kimi işıqlandırırlar. Lakin Nəsiminin fikrincə yuxarıdakı ayədə göstərilən (yeddi möhkəm şey) insan üzündəki yeddi xəttə: qaşlar, kirpiklər və saça işarədir. Hürufilər insanın ana bətnindən gətirdiyi bu yeddi cərgə xəttə böyük əhəmiyyət verir və onu müqəddəs hesab edirlər.

 

Bərat, qədr və əsra – Bu isimlərin hər biri islam dinində bir əziz gecənin adıdır. Guya Bərat və Qədr gecələrində insanların hər birinin gələcək xoşbəxtlik və bədbəxtliyi təyin edilir. Əsra gecəsi isə guya Məhəmmədin göylərə səyahət gecəsidir. Maraqlı burasıdır ki, bu gecələrdən hansı birinin hansı aya və ya hansı günə düşməsi göstərilmir.

 

Cə’əlna – “Təyin etdik, qərar verdik”. Bu ifadəni Nəsimi Quranın 21-ci surəsinin 32-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır:

 

“Və cə’əlna küllə şey’in minəl ma’i həyyən” – Hər şeyi sudan diriltdik.

Nəsimi həmin ayənin də insana, insan gözəlliyinə dəlalət etdiyini irəli sürüb deyir:

Cə’əlna sabit oldu kim, dodağın vəsfini söylər.

Kim oldu küllü-şey’in həyy dodağın eyni-abından.

Yəni, “ey insan, aydın olmuşdur ki, Qurandakı “cə’əlna küllə şey’in minəl ma’i həyyən” ayəsi sənin dodağının mədhini söyləyirmiş, çünki bütün əşya sənin dodağının çeşməsindən dirilmişdir”. Cəffəl qələm – “Qələm qurudu, söz bitdi, qurtardı”. İfadə ərəb atalar sözündən alınmışdır. Bir məsələ haqqında qəti qərara gəldikdən sonra bu ifadəni işlədirlər. Düxan – “Duman, tüstü” deməkdir. Quranın 44-cü surəsində “duman” dan bəhs olunduğuna görə həmin surə bu ad ilə adlanır. Orada yazılır: – “Müntəzir ol (gözlə, səbir elə), bir gün olacaqdır ki, göydə duman olacaq və bu duman xalqı bürüyəcək, bu ağır bir əzab-əziyyətdir”. Ruhanilərin fikrincə Qurandakı bu ayə qiyamət gününə işarədir. Lakin Nəsimi qaralığına görə düxan (duman) sözünün insan saçına işarə olunduğunu iddia edir

 

Əbşiru – “Sevinin, şadlanın”.

Əbşiru, dilbər götürmüşdür niqab,

Qəd nəcatum min şətatil inxirab.

Bu beytdə Nəsimi Allahın maddi cisimlərdə xəbər verməklə insanları fəlsəfi düşüncələrinə görə bir-birinə zidd olmaqdan çəkinməyə, vahid ideya, panteist fəlsəfəsi ətrafında birləşib dost olmağa çağırır.

 

Əhli-yəmin – “Sağ cərgəyə düzülənlər”.

Bu ifadəni Nəsimi Quranın 56-cı surə 90-cı ayəsindən iqtibas etmişdir. Orada deyilir:

“Sağ cərgə əhlindən olarsa, behişt əhlindən sənə salam”.

Dini əfsanələrə görə guya qiyamət günü möminləri sağ cərgəyə düzüb behiştə, günahkarları isə sol cərgəyə düzərək, cəhənnəmə göndərəcəklər.

 

Əhsəni-təqvim – “Gözəl şəkilli”.

Nəsimi bu ifadəni Quranın 95-ci surəsinin 2-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: “Doğrudan da, biz insanı gözəl şəkilli yaratdıq”. Nəsimi bəzən “əhsəni-təqvim”, bəzən də “əhsəni-surət” (gözəl şəkilli) deyərək ancaq insanı nəzərdə tutmuş və onun qarşısında diz çöküb, səcdə qılmağı tövsiyə etməklə bərabər, insanlara xor baxan, onu iradəsiz bir alət hesab edən fəqihləri, vaizləri, div, əzazil, şeytan adlandırmışdır.

Əhsəni-təqvimə çün qılmadı şeytan sücud,

Uyma ana, səcdə qıl, lə’n et anı, narə at!

Bu beytdə Nəsimi Quranın 2-ci surəsinin 34-cü ayəsindəki bir əfsanəyə işarə edir. Bütün mələklər Allahın əmri ilə Adəmə səcdə edir, ancaq İblis (şeytan) adlı mələk səcdədən boyun qaçırdığı üçün onu Allah lənətləyir.

 

Əqbil, la təxəf – “Qorxma, qabağa gəl”.

İfadəni Nəsimi Quranın 28-ci surəsinin 35-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: Allah Musaya dedi: Əsanı yerə at! Musa əsasını yerə atdıqda gördü ki, o, canlılar kimi hərəkətə gəldi, Musa qorxusundan geri çəkildi, bu zaman Allah dedi: “Ey Musa, irəli gəl, qorxma, sən əmin-amanda olanlardansan”. Burada Musa əfsanəsi haqqında danışılır. Həmin əfsanəyə və Quranın yazdığına görə Allah “Tur” dağında Musanı doqquz möcüzə ilə silahlandırıb, Misir hökmdarı Firona qarşı mübarizəyə göndərmişdi ki, o möcüzələrdən biri də bu imiş ki, onun əlindəki ağac (əsa) istədiyi vaxt əjdaha olarmış. Musa ilk dəfə əsasının əjdahaya çevrilməsini gördükdə qorxub qaçır, guya Allah ona deyir ki, ya Musa, qorxma irəli gedib əsanı götür, sən əminlərdənsən!

 

Əla xulqin əzimin – “Yüksək əxlaqa malik olmaq”. İfadəni Nəsimi Quranın 68-ci surəsinin 4-cü ayəsindən iqtibas etmişdir. Orada yazılır: “Doğrudan da, sən yüksək əxlaqa maliksən”. Quranın şərhçilərinin fikrincə, bu ayə ancaq Məhəmməd haqqında deyilmişdir və onun əxlaqı təriflənir. Nəsiminin fikrincə, Qurandakı bu ayədə bütün insanların gözəlliyi, onun nəcib xüsusiyyətləri təriflənir.

 

Əl bərdü ədüvvüd-din – “Şaxta dinin düşmənidir”. Bu ifadəni Nəsimi ərəb xalq məsəllərindən götürmüşdür. Şair, dostdan ayrılıqda keçirdiyi günləri, qışın şaxtalı, gülsüz, çiçəksiz, tutqun havasına və dost görüşünü baharın güllü-çiçəkli, saf və səfalı havasına bənzədərək deyir:

Əgərçi firqətin qışdır ki, əl-bərdü ədüvvüd-din,

Həqqə minnət ki, vəslindən gül açıldı, bahar oldu.

Ə’ləstu birrəbbikum? Qalu bəla – “Mən sizi Yaradan deyiləmmi? Bəli, dedilər”.

Nəsimi həmin ifadəni Quranın 7-ci surə 17-ci ayəsindən iqtibas etmişdir. Burada da dini-əfsanəvi bir hadisəyə işarə olunur. Quranda bu əfsanəyə görə guya hələ insanların maddi bədənləri olmadan ruhları mövcud imiş və bu ruhları Allah bir yerə toplayaraq demişdir: “Sizin Tanrınız mən deyiləmmi?” Həmin əfsanəyə görə orada ariflərin ruhu bu suala “bəli” deyə müsbət cavab vermişdilər. Ona görə də həmin yığıncağa birinci məclis – bəzmi-əzəl deyilir və guya bu məclisdə “bəli” deyən ariflərə ilahi məhəbbət badəsi içirdilmişdir. Onlar maddi aləmə gəldikdə də həmin badənin təsiri nəticəsində bütün varlıqları ilahi eşq ilə doludur.

 

Ələyna cəm’ühü, latühərrik – “Onu toplamaq bizim öhdəmizdədir, sən yerindən də tərpənmə”. İfadəni Nəsimi Quranın 75-ci surəsinin, 14-cü ayəsindən iqtibas etmişdir. Orada deyilir: “Quranı oxumağa tələsərək dilini tərpətmə! Doğrudan da, onu toplamaq və oxumaq bizim öhdəmizədir. Biz Quranı oxuduq, sən də onu oxumaq üçün bizi izlə! Sonra isə onu izah etmək bizim öhdəmizədir”. Quranın şərhçiləri yazır ki, guya ayələr göydən Məhəmmədə Cəbrail adlı mələk vasitəsilə gətirilən zaman hələ Cəbrail ayələri ona oxuyub qurtarmamış Məhəmməd yadından çıxmasın deyə o ayələri tez-tez oxumağa tələsərmiş. Ona görə də Məhəmmədə tapşırılır ki, tələsmə, onları sənin zehnində toplamaq, oxutmaq və izah etmək bizim öhdəmizədir”. Lakin Nəsimi bu ifadəyə tamamilə başqa məna verir. O deyir: Quranın bütün ayələri – bizim üzümüzdə, insanın üzündə toplanıb və şərh olunmuşdur, başqa yerə getmə, günəşi izah etməyə ehtiyac yoxdur.

 

Əlləməl-əsmaə – “Bütün adları öyrətmək”. İfadəni Nəsimi Quranın 2-ci surəsinin 31-ci ayəsindən iqtibas etmişdir. Orada deyilir: “Allah bütün adları öyrətdikdən sonra, həmin adları mələklərə göstərib dedi ki, bu adlardan mənə məlumat verin! Mələklər dedilər ki, ilahi, biz sənin öyrətdiyin şeylərdən başqasını bilmirik. Halbuki sən alimsən. Sonra Allah Adəmə dedi ki, adlar haqqında məlumat versin. Adəm isə düzgün məlumat verdikdə Allah mələklərə dedi: “Sizə dedimmi ki, mən yerin və göylərin sirrini bilirəm?”. Nəsimi isə bir hürufi kimi həmin ayənin, eləcə də Qurandakı 20-ci (“Taha”), 24-cü (“Nur”) və 44-cü (“Düxan”) surəsinin insan üzündə yazılmış olduğunu aşağıdakı beytdə irəli sürüb deyir:

Surətindən zahir oldu mə’nayi zati-əhəd,

Əlləməl-əsma” vü Taha’dır üzün Nurü Düxan”.

 

Ələm-nəşrəh – “Biz genişləndirmədikmi?” İfadə Quranın 94-cü surəsinin adıdır.

 

Ə’ma – “Kor”. Bu ifadəni Nəsimi Quranın 17-ci surəsinin 66-cı ayəsindən iqtibas etmişdir.

 

Ənfüs – “Ruhlar”, ayat “əlamətlər”, afaq “üfüqlər”. İfadələri Nəsimi Quranın 41-ci surəsinin axırıncı ayəsindən iqtibas etmişdir. Orada yazılır: “Biz öz əlamətlərimizi dünyanın hər yerində və insanların özlərində göstərəcəyik, ta ki, onun haqq (Allah) olması sübuta yetə”. Bu ayənin axırında yazılan ənnəhül-həqq – “doğrudan da o, haqdır” ifadəsindəki “hu” (o) – üçüncü şəxs əvəzliyidir. Hürufilər ilə ruhanilər arasındakı fikir ayrılığı da buradan doğur. Ruhanilər həmin əvəzliyin Allaha aid olmasını iddia edərək deyirlər ki, o, yəni Allah haqdır və göstərdiyi əlamət isə kainatın və insanların nizam üzrə yaranmasıdır. Nəsimi isə deyir: Quran Allah kəlamıdırsa və bu cümləni Allah özü söyləmişdirsə, məntiqi qayda-qanuna görə “o, haqdır” deyil, yəni insan Allahdır deyilmişdir. Ənharü xəmrin ləzzətən, liş-şaribin. Ifadə Quranın 47-ci surəsinin 16-cı ayəsindən iqtibas olunmuşdur. Orada deyilir: “Möminlərə vəd olunan behiştdə heç vaxt bulanmayan su, heç vaxt tamını dəyişməyən süd və içənlərə ləzzət verən şərab arxları vardır”. Nəsimi, şərab arxlarının təbii gözəlin dodaqlarından ibarət olduğu fikrini irəli sürərək ruhanilərin vədlərinin boş olduğunu, nə behiştdə, nə göylərdə təbii insane gözəli kimi bir gözəlin ola biləcəyini inkar edərək yazır:

Ey ləbin ənharü xəmrin ləzzətən liş-şaribin,

Cənnət içrə yoxdur üzün kimi fərxəndə hur.

Yəni, ey insan, Quranda vəd olunan ləzzətli şərab arxları sənin dodağındır. Cənnətdə və göydə sən gözəllikdə huri yoxdur.

Ərrəhmanu əlal ərş istəva – “Allah taxtın üzərində yerləşmişdir”. Nəsimi Quranın 20-ci surəsinin 3-cü ayəsindən istifadə edir. Ərfi ə’rif – “Ə’rəf ətri, qoxusu”, “Məcməül-bəhreyn”in müəllifi Fəxrəddinin yazdığına görə “Ə’raf” sözünün bir mənası dini əqidələrə görə behiştlə cəhənnəm arasında bir yer adıdır. İkinci mənası isə ən yaxşı, xeyirxah adamlara deyilir. Nəsimi də “Ə’raf” sözünün ikinci mənasını nəzərə alaraq adını yalandan sufi qoyanlara müraciət edib deyir:

Əhli-ürfanın yeri mə’nidə çün Ə’raf imiş,

Çün sən ariflərdən oldun ərfi-ə’rafın qanı?

– Yəni ürfan əhli olanların mövqeləri, gördüyü işlər xeyirxahlıqdır. Əgər doğrudan arif isən, bəs nəyə görə səndən xeyirxahlıq qoxusu gəlmir?

 

Əsrari ma ovha – “Vəhy, ilham olunan sirlər”.

Saçındır leylətül-əsra, qaşun əsrari-ma ovha,

Qanı həqdən irişmiş can bu ma ovhavü ovhaya?

Nəsimi insan gözəlliyini yüksək qiymətləndirərək deyir: – Ey insan, Quranda xəbər verilən (leylətül-əsra) merac gecəsi sənin saçın və həmin gecə Məhəmmədə ilham olunan sirlər isə sənin qaşlarındır.

 

Əshabi-kəhf – “Mağara yoldaşları, mağarada olanlar”. Nəsimi bu ifadəni Quranın 18-ci surəsində göstərilən dini-əfsanəvi bir əhvalatdan iqtibas etmişdir. Quranda yazıldığına görə guya çox qədim zamanlarda yaşayan zülmkar bir padşahın əlindən qaçan bir neçə adam bir mağarada gizlənir və orada yatıblarmış. Bu zaman mağara uçur, qapısı bağlanır və orada yatan adamları heç kəs görmür. Onlar isə özlərinin xəbəri olmadan bir neçə yüz il oradaca yuxuya gedib, sonra oyanırlar. Mağaranın da qapısı qeybdən yenə açılır və onlar mağaradan çıxıb öz həyatlarını davam etdirirlər. Quranın yazdığına görə onların kim və neçə nəfərdən ibarət olmaları və neçə yüz il yuxuda qalmaları, eləcə də bu uzun müddət ərzində qaranlıq mağarada nəyə görə çürüməmələri hələ də sirr olaraq qalmaqdadır və bu sirri Allahdan başqa bilən yoxdur. Nəsimi həmin əfsanəni xatırladaraq deyir:

Əshabi-kəhfin sirrini görmüş liqayi-Tura sor,

Neçün ki, vəttur əhlinin kəhfindədir Qitmirimiz.

Yəni mağara yoldaşlarının sirrini məndən soruşun, çünki vücudumuz vəttur əhlinin (ariflərin) himayəsindədir.

 

Fəl mulqiyati əmrə əlfar – “Əmri, hökmü çatdıranlar”. Əlfari sözü isə əlfariqatu fəqan “bir-birindən ayıran” ifadəsinin ixtisar formasıdır.

 

Hacibeyn – Qaş mənasında olan “hacib” sözünün ikilik formasıdır, “iki qaş” deməkdir.

 

Harut və Marut – Harut və Marut dini əfsanələrdə iki mələyin adıdır. Əfsanəyə görə guya göydəki mələklər insanların yer üzündə etdikləri cinayətləri görüb Allaha deyirlər ki, insanlar ən pis məxluqdur. Onlara verilmiş bu qədər nemətlər qarşısında sənə təşəkkür əvəzinə pis əməllərə əl atırlar. Allah onlara deyir: “Əgər insanlarda olan imkan siz mələklərdə olsaydı, siz daha böyük cinayətlərə əl atardınız”. Mələklər Allahın bu sözlərinə etiraz etdikdə Allah onları sınamaq məqsədilə ən etibarlı sayılan iki mələyi (Harut və Marut) insan surətinə salaraq Babil ölkəsinə göndərir. Bu mələklər orada hakim sifəti ilə xalqın şikayətlərinə baxarmışlar. Bir gün Zöhrə adlı bir qadın öz ərindən şikayət etmək məqsədi ilə bu mələklərin yanına gəlir. Onlar bu gözəl qadına vurulub ona eşq elan edirlər. Qadın isə onları aldatmaq məqsədi ilə deyir ki, “işi mənim xeyrimə kəssəniz, mən də sizin dediyinizi edərəm”. Mələklər Zöhrənin xeyrinə qərar çıxarır. Sonra Zöhrə bunlardan İsmi-əzəmi ona öyrətmələrini və çaxır içmələrini təklif edir. Mələklər çaxırı içib məst olur. Zöhrə isə Ismi-əzəmi oxuyub göyə qalxır. İndi də güya ulduz olaraq göydə həmin ad ilə yaşayır. Harut və Marut isə Allahın acığına gəlib Babildə bir quyuda ayaqlarından asılı halda qiyamətə kimi qalmalı olurlar. Nəsimi yuxarıdakı beytdə həmin əfsanəyə işarə edərək deyir: “Ey insan, mələklər sənin gözəlliyin qarşısında məftun olub Babil quyusundan asıldılar”. Hazihi cənnatu ədnin fədxuluha xalidin – “Bu əbədiyyət behiştdir. Həmişəlik olaraq oraya daxil olun”.

Ey yanağın sureyi vəşşəms üzün ayəti,

Hazihi cənnatu ədnin fədxuluha xalidin.

Nəsimi behiştin bu aləmdə təbiət gözəlliklərindən ibarət olduğunu düşünür və yuxarıdakı beytdə deyir: Ey insan, din xadimlərinin vəd etdiyi və Quranda yazılan əbədi cənnət sənin üzündən ibarətdir. Beytin birinci misrasında vəş-şəms “and olsun günəşə” ifadəsi Quranda “Əş-şəms” surəsinin başlanğıcıdır. Nəsimi Quranda müqəddəs sayılaraq and içilən günəşin insan yanağından ibarət olduğunu deyir.

 

Hablül-vərid – “Boyunun damarı”. Bu ifadəni Nəsimi Quranın 50-ci surəsinin 16-cı ayəsindən iqtibas etmişdir. Orada Allah deyir: “Insanı biz yaratmışıq və onun nə haqda tərəddüd və şübhə etdiyini də bilirik, çünki ona öz boynunun damarlarından da yaxınıq”.

 

Həmir (In) Ənkərəl Əsvat(i) – “Uzunqulağın zəhlətökən səsi”. Nəsimi bu ifadəni Quranın 31-ci surə 20-ci ayəsindən iqtibas etmişdir. Orada Loğmanın öz oğluna nəsihətlərindən bəhs olunur. O deyir: “Ey oğul, yol gedərkən nə çox tələs, nə də həddindən artıq yavaş yeri. Danışanda ucadan danışma. Eşşəyin səsi bütün səslərdən pis və xoşagəlməzdir”. Nəsimi də zahidlərin riyakar ibadətlərini pisləyərək sadə adamları onların fırıldaqlarına aldanmamağa çağırır və deyir:

Taəti, zikri, namazı məkrü fəndir zahidin,

Arif ol, aldanma billah zahidin tamatına.

Nəfxeyi-surun sədası tutdu afaqı eşit,

Ey olan aşiq həmirin ənkərəl əsvatına.

Huval həyyu (l) ləzi la yamutu – “O, elə bir diri vücuddur ki, ona ölüm yoxdur. O ölməzdir”.

 

Xəl’əti əbdiş-şəkuri – “Şükür edən adamın mükafatı”. Bu ifadə dini hədislərdə əfsanəvi Əyyub peyğəmbər haqqında yazılmış, Nəsimi də oradan iqtibas etmişdir. Əfsanələrə görə guya Əyyub adlı bir şəxs çox varlı adam imiş və Allahı çox sevərmiş. Məlakələr onun paxıllığını çəkərək Allaha deyir: “Əyyuba hədsiz var-dövlət verdiyinə görə səni çox sevir”. Allah Əyyubu imtahan etmək və məlakələrə nümunə göstərmək məqsədi ilə onun əmlakını, sonra övladını, daha sonra sağlamlığını da əlindən alır. Buna baxmayaraq Əyyub Allaha məhəbbətini daha da artırır və ona görə də Allah onu Əbdi-Şəkur “şükür edən bəndə” adı ilə mükafatlandırır. Əyyub adı indiyə qədər Şərq ədəbiyyatında dözümlülük, vəfadarlıq simvolu kimi işlənməkdədir.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info