Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (5)

 

(Felyeton “Həyat” qəzetinin 16 iyun 1906-cı il tarixli 130-cu nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Qocalar barəsində yazdığım iki felyeton əsərsiz keçmədi. Mən bir şey gözləyirdim.... Mən zəngin qocalar tərəfindən bunu gözləyirdim: zəngin qocalarımız axırıncı felyetonumu oxuyub mənə yazacaqlar: "Cənab Nər! Biz filankəslər zirzəmidə 5 nəfər yetimlə ac, susuz can verən arvadın barəsində oxuyub və bir ayağımız burada və bir ayağımız o dünyada olmağını hiss edib banklarda prosent-prosent üstə qalanan pulların müamiləsinə Allah yolunda müsəlmanlar üçün bir azarxana, ya əlsiz, ayaqsızlar üçün, qoca arvadlar, kişilər üçün bir boqodelnya (...) darüləczələr açırız, təvəqqe ediriz bizə bir yol göstərəsiniz, nə tövr hərəkət etmək ki, məqsədimizə çataq...".

Mən bədbəxt, zəngin qocalarımızdan belə bir kağız gözləyirdim, gözləməyə də haqqım var idi. Qoca zənginlərimizin "damarlarından" tutub meydana çəkdim, sınamaq üçün hamı əhvalatı söylədim, nerəyə çəkdimsə, "yox, bizim işimiz deyil", deyib qaçdılar. Axırda bir yerdə bir əhvalatda ləngər saldım ki, daha bir yana çıxmaq mümkün deyil idi, bir bəhanə gətirmək olmazdı.... Bizim zəngin qoca qarunlarımız qədimdən İran ilə o qədər gəmilər vasitəsilə "oğurluq mal kandraband" alış-verişi ediblər ki, ləngəri nerədə salmağını bizdən yaxşı anlayırlar, nəinki bizdən, kurs qurtarmış losmanlardan da, komandirlərdən də yaxşı bilirlər...

Nə isə, hələ "tora" düşmürlər, görünür, kəndi vicdanını təmizləməyə bir şey tapırlar... Axirət üçün hərə bir savab qazanıb ona ümid bağlayır... Mənim sözlərimi oxuyub da kəndi-kəndinə söyləyir: "Biçarə Nər! Sən qəzeti boş sözlər ilə doldur, çığır, bağır, bizdən sən yazdığın zirzəmilərdə "yarımcanlara", "can verənlərə" imdad olmayacaqdır... Biz hər "oyunla" pul qazanmışıq. Gündə bir dəfə yox, min dəfə nəfsimizi, vicdanımızı satmışıq. Kimin nə borcu? Bu dünyamız xoş keçibdir və keçir, kimin nə işi? Yoxca gözünüz götürmür? Həsəd edirsiniz? Sizin nə borcunuz biz axirətə nə üzlə gedəcəyiz? Bizim vicdanımız nə halda olmağı bizə məlumdur... Sizə nə düşübdür ki, bizim halımıza yanıb fəryad edirsiniz.

"Biz nə etmiş olsaq da", indi vaxtında orucumuzu tuturuz, namazımızı qılırız, axırda da yəni axır nəfəsimizdə Allahdan əfv etməyib o dünyaya köçəcəyiz. Belə bir adamın yeri o dünyada nerədə olmalıdır?! Cənab Nər! Siz "Elmi-ilahini" oxumayıbsınız, "vaizlərə" qulaq asmayıbsınız, ona görə belə işləri bilmirsiniz, bilsəydiniz yəqin ki, boş yerə vicdandan dəm vurmazdınız". Ola bilsin ki, zəngin qocalarımızın bir parası felyetonlarımızı düz anlayıb öz-özünə belə bir söhbət edibdir. Lakin bir parası, görünür, anlamayıbdır. Dəlilim var. Zəngin qocalardan bir neçəsi bu günlərdə mənə bir kağız yazıb deyir: "Cənab Nər! Bir həftə bizim gözümüzü yolda qoydunuz. Gecə-gündüz şükürlər edirdik ki, dərdimizə əlac tapıldı, siz isə məqalənizin axırını zarafata döndərdiniz, bu nə olmalı? Yoxsa siz əcnəbi dilində yazılan məcmuəni, jurnalı oxuyub yaxşı anlamırsınız? Bir də diqqətlə oxuyunuz... Yazdığınızdan aşkardır, cənab professorun Markizə verdiyi dərmanda bir əlamət var imiş ki, qoca Markizi uşaq kimi oynadırmış. Siz jurnalı oxuyub dürüst anlaya bilmirsiniz, adını bizə deyiniz. İndi əcnəbi dilləri oxuyub anlayanlarımız pək çoxdur, onlar oxuyub da bizə lazım olan dərmanı bildirərlər. Əhvalat hansı jurnalda yazılmağını bizə məlum etməsəniz, biz də bir para "uşaqlar" kimi əlinizdən protest verəcəyiz ki, bundan sonra siz yazdığınız kitabçaları, məqalələri oxumayacağız. Görək, onda "kimə" yazacaqsınız?"

Qəh-qəh-qəh! Həqiqət deyirlər: insan qocaldıqca "uşaq" xasiyyətində olar, doğru imiş!

Yox, qoca əfəndilər! Əbəs yerə özunüzə zəhmət verməyiniz: protest yazmaq üçün gərək bir yerə yığılasınız "əqil-əqilə verib xəyal plovu yeyəsiniz" fikrinizi yazan rəhimlər, kərimlər, mahmudlar tapmalısınız... Sonra yazdığınızı tərcümə etməlisiniz. Bir pozub, bir də yazmalısınız. Axırda söz tapmayıb deyəcəksiniz: bir elə "şey" yazaq ki, jurnal tez versin, tainki "dərdimizə əlac" olsun! Ya bir elə adamı qabağa vermək ki, "utanıb" onunla "çırpışmasın".

Yox, qoca əfəndilər! Bu fikir ilə meydana gələcəksiniz isə, gəlməyiniz. "Mən sizdən tez protest" verməyimi qəsdən anlamasanız da, mən dediyim sözün üstə duracağam... Lakin siz mənim sözlərimi anlamasanız haqqınız var, mən sizdən rəncidə olmaram.

İstədiyiniz jurnalın adını deyirəm, buyurunuz, əfəndim! Jurnalın adı: "Vnuşeniye" - "Təlqin"dir.

"Təlqin" sözünü anlamağınıza şübhəm yoxdur, əfəndim! Ölüyə təlqin verəndə görübsünüz, eşidibsiniz... Fəqət siz ölümdən qorxursunuz, ona görə ölülərdən söhbət etməyi lazım bilmiriz. Biz dirilərdən bəhs edərik: dirilərə nə tövr təlqin verilməyini bilmək istəriz, eləmi? Belə isə indi professorun qoca Markiz ilə söhbətini yadınıza salınız: Markiz mumileyh professorun adını çoxdan eşitmişdi. Onu böyük üləmalardan hesab edirlərdi. Açıq deməli: Markiz professora çox inanmışdı... Professorun "mən sizə kömək edəcəyəm", yəni cavanlaşdıracağam sözləri Markizin qəlbində yer etdi. Dərmanın əsəri bir saatdan sonra bədəndən yox oldusa, professorun sözləri getdikcə Markizə ürək verib "cavanlaşdırır idi..." Bəli, təlqin vermək və təlqinə uymaq böyük bir halətdir!

İndi bir para həkim "təlqin ilə" müalicə edir, naxoşun azarı da olmuş olsa, "səndə heç bir şey yoxdur" deyib naxoşu sakit edir. Bir azdan sonra görürsən naxoş, həqiqət, azarından şikayət etməyir... Lakin belə bir müalicə həkimin hünəri deyil. Naxoş həkimə gərəkdir inansın, onda bir "qüvvət" gərəkdir bilsin... Zindəganlığınıza yaxşı diqqət etsəniz, belə əhvalatları yadınıza salarsınız. Özünüzdə görməyibsinizsə də, özgədə görübsünüz, eşidibsiniz, məsələn: bir adam dəfəatilə naxoşlayıb bir həkimin müalicəsilə qurtarıbdır. Sonra yenə də həmin adam azarlayır. Bunu həmişə müalicə edən həkim ittifaqən şəhərdə bulunmayır. Qeyri bir həkimi dəvət edirsiniz. Naxoş "rahat" olmur. Yenə bir qeyrisini gətirirsiniz. Yenə də bir şey olmur. Şəhərin ən məşhur, ən məlum təbiblərini dəvət edirsiniz, naxoş yenə də "rahat" olmur... Axırda naxoşun istədiyi təbib şəhərə gəlir, onu dəvət edirsiniz, təbib məzkur naxoşun azarını tapıb özündən irəli gələn həkimlərin dərmanlarını azara müvafiq görür. Özündən bir qeyri dərman yazmağı lazım bilmir... Çünki azar çoxdan rəf olubdur. Lakin naxoş "rahat olmur", xülasə, bu təbib də keçənlərin müalicələrini öz ürəyində təsdiq edir.

İndi nə etmək? Naxoş "rahat" olmur. Məzkur təbib naxoşun buna bağladığı ümidini yaxşı anlayır... Bir az fikirdən sonra "xeyirsiz-zərərsiz" bir dərman yazır. Nüsxəsini yazıb naxoşa deyir: "Bu dərmanı filan vaxtlarda içərsiniz. İki gündən sonra azarınız rəf olacaqdır".

Bu sözlər naxoşa kifayət edərdi, naxoş azardan çoxdan xilas olmuşdu, lakin "rahat" olmurdu.... İndi rahat oldu; "iki gündən" sonra naxoş özünü salamat hiss edir.

İndi bu da bir tövr vnuşeniye - təlqindir! Təlqin tövrbətövr olar. Lakin dürüst fikir etsəniz, təlqinin aqibəti həmişə bir balaca gülüş çıxar...

Keçən ilədək "dövlət" Rusiya millətinə, kəndlilərə təlqin verib deyirdi: siz bizimlə olunuz, ancaq bizə ümid bağlayınız. Bizik sizin bədəninizi, ruhunuzu mühafizət edən, bizik sizin balalarınızın "pərəstar"ı, bizik sizin əlinizdə olan nemətlərin səbəbi, biz olmasaq "ata-babanızın" torpağında oturub "sayənizdə" dolanacaq edən qeyri millətlər əlinizdən ixtiyarınızı alıb sizi kəndilərinə qul edəcəklər.

Bunlara inanmayınız, sözlərinə uymayınız, hürriyyətə dəvət edənləri kəndlərdən qovunuz, öldürünüz ... bu təlqin rus kəndlilərinə dövlət tərəfindən yüz illərlə verilib onların qulaqlarını doldurmuşdu. Rusiya milləti isə kəndi "dövlətindən" başqa qüvvətli dövlət bilməyirdi, ona inanmışdı. 19-cu qərinədə hürriyyətpərəstlərin başına gətirdiyi işləri 20-ci qərinədə də gətirir… Biçarə Markizin gözünü qorodovoy açdı, Rusiya millətinin gözünü bir tərəfdən Tuğo, Uyama Georgi… və digər tərəfdən Kuropatkin, Kripenberg, Kaulbars açıb təlqin verən dövlətin “qüvvətini” göstərdilər…

Siz elə bilirsiniz təlqinsiz meydana çıxmışdılar? Yox, əfəndim! Hər iki tərəf lazım olan təlqini almışdı. Uyamaya təlqin verən ümumi millət, vətən idi. Kuropatkinə təlqin verən hörümçək kimi biçarə millətin qanını soran bürokratlar idi... Yapon saldatına təlqin verən, "gediniz vətəni düşmənin əlindən xilas etməmiş geri qayıtmayınız" - bu sözləri deyən arvadlar idilər. Rus saldatına təlqin verən, "gediniz, bizim cibimizə" milyonlar gətirən "meşələri xilas ediniz" sözləri ilə meydana çıxan bürokratlar idi. Bizim saldatlara daha ziyadə "təlqin" verən biçarə, ac-susuz, çılpaq yetimlər ilə qalan arvadlar idi. Qanlı yaşlar töküb qoyun sürüsü kimi dəmir yollarına tökülüb deyirdilər: "indi ki bizim pərəstarlarımızı əlimizdən alırsınız, biz də canımızı onları aparan vaqonların altında həlak edəcəyiz..." İşin aqibəti nə oldusa bilirsiniz ... hansı təlqin qüvvətli olmağını gördünüz, təlqin ilə təlqində təfavüt var, təlqin verənlərdə həmçinin…

İndi Duma ilə vəzirlərə diqqət ediniz! İkisinə də lazım olan təlqin verilibdir. Dumaya təlqin verən yüz illərlə ağzı möhürlü, ixtiyarlarını itirmiş millətlər, yersizlikdən, aclıqdan milçək kimi qırılan 80 milyon kəndli, saraylarda əyləşib başlarından, əllərindən bir şey gəlməyən "xozeyinlərə" işləyən, əlləri qabarmış, dürlü azarlara mübtəla olmuş fəhlələr olublar. Vəzirlərə isə təlqin verənlər - parazitlər, müftəxorlar, "400 milyonlar"ı qubernator mənsəbilə qazananlar ... olublar... İndi iki qoç döyüşündə verilən təlqinlərin əsərləri məlum olur: “Aladin Radiçov vətənə dair mühüm məsələləri həll etmək istəyəndə başlarını itirmiş vəzirlər “filan darülfünuna, universitetə paltar yumaq evi lazımdır” deyirlər!!! Duma bunlara “siz vəzirlik mənsəbinə layiq deyilsiniz, rədd olunuz, sizdə vicdan əsəri görünmür” deyirlər, bunlar isə dişlərini ağardıb dumaya, həqarətlə baxırlar.

Bəli, həqarətlə! Təlqin almışlar dab u sifətdə görünür. Məsələn Qoremıkinə üç ay bundan müqəddəm desəydilər: sən Vittenin yerini dolandıracaqsan, acığı tutardı, belə bir fikir edərdi ki, bu sözləri ona deyib istehza edirlər, özü öz "çanağında" nə olmağını pək gözəl bilirdi... Lakin buna "təlqin" verib deyirdilər: ancaq premyer, baş vəzirlik mənsəbinə sən layiqsən... Qoremıkin öz-özünə fikir edib dedi: "həqiqət, ola bilsin ki, mən kəndi "çanağımda" olanı yaxşı bilmirəm, qeyrilər "ona" məndən artıq qiymət qoyurlar. Habelə isə mən də meydana çıxalım...".

Meydana çıxdı öz "əqlinə" böyük ümidlər etdi, getdikcə "özü-özünə", yəni premyerliyə layiq olmağına inandı ... axırda halı Markizdən yaman oldu. Markizin hərəkətinə bir qorodovoy güldüsə, biçarənin hərəkətinə Rusiyadan savayı qeyri dövlətlər güldü!...

Bəli, təlqin almış adamlarda belə sifətlər görünür, "özləri özlərini aldadırlar". Məsələn: bir qız bir cavan oğlana həmişə deyir: - Səndən nə gözəl ətir iyi gəlir, yoxsa, bədənin ətirsiz belə iylənir? - Bəli, bəli! - deyib "cavan" cavab verir. - Mən ömrümdə ətir işlətmirəm, xanım! Belə ətir iyi ancaq "cavan" bədəndən gələr. Özgəni inandırarkən özünü də inandırır... Ya xeyr, "əta olundu" sözü ilə "alındı" sözünə fərq qoymayan bir şəxs, görərsiniz birdən-birə "mühərrir" oldu. Özgəyə təlqin verdi, o da inandı... Ya xeyr, "küçələrdən xəbər verənlər" bir də baxdınız ki, "başından böyük" bir məsələni götürüb qəzetələr sütunlarında həll edir, sözlərinin nə başı, nə ayağı olmağını özü də anlamır... Lakin nə etmək? Kişini "mühərrir" hesab edirlər, gərək bir şey yazsın...

Belə təlqin almış özlərini aldadan cavanlarımız indi göbələk kimi çoxalır, bünövrələri olanlar bəlkə özlərini aldada-aldada bir yana çıxalar. Lakin bünövrəsizlərin vay hallarına! Özləri-özlərini axırda rüsvay edib rus vəzirləri kimi "vicdan" sözünü "lüğətdən" oğurlayacaqlar... Belə adamları zəmanəyə tapşırmalıyız...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info