Qonaq Kitabı
Şaha, səndən hər nə gəlsə cana xoşdur, yaxşıdır

 

Şaha, səndən hər nə gəlsə cana xoşdur, yaxşıdır,

Cavidani-eşq üçün canana xoşdur, yaxşıdır.

 

Hər nə cövr etsən mana səndən könül xoşnud olar,

Həq bilir kim, inciməz fərmana xoşdur, yaxşıdır.

 

Soydular çıxardılar, başdan ayağa pustumu,

Aşiqəm, ah eyləmən qurbana xoşdur, yaxşıdır.

 

Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil,

Cümlədə ayinəyəm pünhana xoşdur, yaxşıdır.

 

Mənsur oldum çün bu gün aləmdə faş oldum sizə,

Mən ənəlhəq söylərəm ürfana xoşdur, yaxşıdır.

 

Şah yolunda eşq ilən baş verməyən mərdud olur,

Lacərəm, meydan əri mərdana xoşdur, yaxşıdır.

 

Tə’nə qılma ey fəqih, zira Nəsimi fəzlinə,

Netəkim, aşiqlərə nişana xoşdur, yaxşıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info