Qonaq Kitabı
MÜHÜM BİR MƏSƏLƏ

 

(“Mühüm bir məsələ” silsilə məqaləsi “Həyat” qəzetinin 11, 14, 18 iyun 1906-cı il tarixli 125, 128 və 131-ci nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Qori seminariyası nerədə olmalı

 

"Camaatımız kimdir? Qulaq asan kimdir?"

Bu üsullara diqqət edib də dərin-dərin fikirlərə düşürüz. Nə yaman halət, nə yaman rüzgar! Əcnəbilər qəzetlərimizi oxuyub işlərimizə baxsalar fikir edirlər: bu millət ya zamanın təqazasına hazır deyil, yainki oxuduğunu anlamır, yoxsa səbəb nə olmalı? Bundan çox bağırmaq, bundan çox yazmaq olarmı? Bundan da bədtər xabi-qəflətdə qalmaq, bundan da bədtər kor və kar olub himmətsizlik olamı?

İndi ən mühüm məsələlərdən birini həll etmək istəyiriz. İndi bu məsələyə də camaat qulaq asmasa təklifimiz nədir? Karlara daha ziyadə bağırmaqmı? Korlara işlərimizin fənalığını göstərmək üçün daha ziyadə işıq verməkmi? Yoxsa qələmi atıb "ah, cəhənnəmə, millətin aqibəti nə olacaqsa olsun!" deyib də sakit olmaqmı?

Yox, əfəndim! Hər halda sakit olmayacağız, mümkün olan qədər dərdlərimiz barəsində söyləyəcəyiz, bəlkə bir çırağ tapıb onun işığı ilə zülmətdən xilas olaq, nadanlığın kəməndindən özümüzü qurtaraq... Bəlkə biz də insaniyyət nə olmasını və əsası nədən ibarət bulunduğunu düşünüb özümüz, bilzat, özümüz yavaş-yavaş hərəkət edək...

"Özümüz" sözünə diqqət etməlidir... dərdlərimizin nəfsinə səbəb "qeyrilərinə" ümid bağlamağımız olubdur demiş olursaq, böyük səhv etməriz, zənn edirəm. Həqiqət bir yaxşı fikir ediniz: yüz ildən ziyadə rus dövlətinə tabe olmuş hankı dərdimizə bir yerə yığılıb əlac axtarmışıq? Hankı mühüm məsələlərimizi həll edib də onun dalınca getmişik? Həmin məsələnin meydana gəlməsini dövlətdən tələb etmişik? Hankı ümum millətə dair işin üstə qazamatlara düşmüşük, canımızdan, malımızdan keçmişik? Bunlar heç biri olmayıbdır... Lakin cilovumuzu dövlətə, daha doğrusu, mən dövlət qulluqçusuyam deyənlərə verib bəxtimizi onlara tapşırmışıq, nərəyə sürüblər getmişik, nasıl rəftar ediblər şükürlər etmişik... Hətta aşkara zərərimiz olan əmrlərin, fellərin intişar tapmağına özümüz kömək etmişik. (...).

İyirmi il bundan müqəddəm dövlət qonşularımızın, milli camaatın ianəsinə açılan məktəbləri qapadı, çünki həmin məktəblərdə ana dili təlim edirdilər. Dövlət isə rus lisanından başqa ona tabe olan millətlərin lisanlarını bilmərrə aradan götürmək istəyirdi... Bəli, dövlət erməni milli məktəblərini qapadı. Erməni camaatı boyunlarını əyib dövlət açan məktəblərə uşaqlarını verdilərmi? Yoxsa bir qeyri yol ilə hərəkət etməyə başladılar? Bunlar dövlətin politikasını anlayıb başlarına çarə aradılar. Camaatın qeyrəti daha ziyadə artıb uşaqlarına evdə dərs verirdilər. Məktəblərdə qulluq edən müəllimlər indi evlərdə dərs verib əvvəlkindən də artıq məvacib alırdılar. Getdikcə məktəblərin qapanacağına görə müəllimlərin ədədi azalmaqdansa, dəxi də artıq idi...

Firəngistana təhsilə gedən ermənilərin də ədədi təksir etdi, bir il vaxt belə getdi.

Dövlət səhvini düşündü, gördü zor ilə milləti dilindən ayırmaq mümkün deyil. Qapanmış məktəblərin açılmağına izin verdi. Məktəblərin, müəllimlərin ədədi daha ziyadələndi. Yəqin ki, camaat uşaqlarını evdə oxutmasaydı, nə dövlət təzədən məktəblərin açılmağına izin verərdi, nə də kasıb erməni dili bu az vaxtda tərəqqi tapıb bugünkü ədəbiyyatına nail olardı; bu yolda bizim camaat nə iş gördü? Camaatımızın "qanacaqlıları" rus dilində çörək görüb uşaqlarına haman dili vacib bilirdilər... Kəndi ana dilinə həqarətlə baxırdılar... "qanacaqsızlarımız" rusu günah bilib, öz dilini də oxutmaq bacarmırdı. Məktəblərimizdə Nuhun əsrindən qalan üsul ilə dərs verməyə kifayət edib zavallı uşaqların, gələcək millət balalarının fəhmlərini, zehinlərini korlatmağa çalışırdılar. Bəli, bizim camaat da bu qulluqları göstəribdir! Dövlət isə camaatımızın iki firqəyə bölünməyini və bunların lisan barəsində olan fikirlərini pək yaxşı anlayıb da "qanacaqlılarımıza" tələb olan yemi yavaş-yavaş verib "qanacaqsızlarımızı" əsla nəzərdən salmışdı. Dövlət bizim "milli" məktəblərə ibtida diqqət etdi. Onları da bağlamaq istədi, lakin bu məktəblərin proqramlarını; üsulunu düşünüb onların artmağına da mane olmadı. Aşkar gördü ki, bu məktəblər milləti diriltməkdənsə, öldürəcəkdir.

Bu günədək millətin balalarını kor edən, hər şeydən avara salan, vaxtlarım əbəs yerə puç edən məktəblərimiz nəinki kəndlərdə, hətta şəhərlərdə, məktəb direktorları, inspektorları olan mərkəzlərdə göbələk kimi artmaqdadır. Camaat özü bu məktəbləri qapamasa, dövlət işə qanmayacaqdır...

Dövlət bu məktəbləri başına qoyub rus dilində çörək görənlərin imdadına yetişdi. Kəndlərdə, şəhərlərdə camaatın xərcinə məktəblər açıb həftədə altı dərs rus dilində, bir-iki dərs də (xala xatirin qalmasın) türk dili və şəriət dərsləri verilir idi və indiyədək verilir.

"Qanacaqlı" camaatımız bu məktəblərin açılmağına şad olub "dövlət nə gözəl pərəstdarlıq edir" deyirdi. Daha bunu anlamırdı ki, dövlətə verdiyi xərclərin içində bu məktəblərin xərcini öz cibindən verirdi. Ancaq pul xəzinədən gəlməyə görə dövlətə pərəstar deyib şükürlər edirdi... Lakin "hankı dildən və nə tövr dərs verilir" məsələsi ilə camaatın işi yox idi və yoxdur... Nə borcumuz! Dövlət özü məktəb açıb özü də bildiyi qayda ilə aparacaqdır. İnsafən, dövlət məktəblərində üsuli-cadid ilə dərs verilir. Yuxarıda zikr olundu: həftədə də altı dəfə rus lisanı təlim olunurdusa, bir dəfə ana dilindən dərs verilirdi.

Nə etmək, camaatın xahişidir, dövlət də ona "pərəstdarlıq" edir. Camaat öz dilinə həqarətlə baxanda və dövlət sonradan tabe olan millətləri "ruslaşdırmaq" istəyəndə bu tövr məktəblərin çoxalmağını, bu tövr proqrammanın baqi qalmağını dövlət istəməyəcəkmi?

 

*        *        *

 

Qori seminariyasında türk dili və şəriət dərsində dövlətin politikasını gördünüz. Lakin nə səbəbə dövlət müsəlman şöbəsini İrəvan seminariyasında açmayıb. Qori seminariyasında açmağına diqqət etdinizmi? Qori əhalisi gürcüdən, ermənidən ibarət balaca şəhərdir. Bu şəhər Tiflisdən üç saat dəmir yolu ilə şimala tərəf olarkən, o vaxtadək Qafqaz müsəlmanlarından bir fərd orada həmişəlik məskən etməyibdir, yəni demək istəyiriz beş-on "quyu" qazan iranlıdan başqa müsəlman tapılmaz.

Belə bir şəhərədə dövlət tərəfindən müsəlman şöbəsini açmaq, türk və şəriət dərslərini mürür ilə mənasız bir şey hesab etmək nəyə dəlalət edir?

27 ilin ərzində biz camaat bunu anlamadıq, genə də anlamazdıq. 28 il də bu sayaq gedirdi, lakin qeyrilərin qeyrət, hümmət, həmiyyətlərı, qonşuların, hürriyyət yolunda qan tökmələri cəmi Rusiya baş qaldırıb yüz illərlə buxovda olan əllərini, ayaqlarını azad edib möhürlü ağızlarını açmaqla bizə də xoşbəxtlik gətirdi. Biz kərpici kərpic üstə qoymadıq, lakin qeyrilərin səbəbinə bizim üçün bir divar hörüldü. Dövlət naçar qalıb ermənilərin, gürcülərin və qeyri hürriyyət yolunda işləyənlərin tələblərinə görə əməl edir. Yüz illərlə ixtiyarını itirmiş, indi zor ilə hərəkət edən millətlərə yavaş-yavaş ixtiyar verir. Hər millətin ana dili uşaqlar üçün vacib olub məktəblərdə oxunur. Bizim camaat bunları görüb yenə də lal və kar qalmış, axırda dövlət özü qafqazlılar üçün ümum qanun düzəldib dedi: qeyri millətlərə verilən ixtiyar siz müsəlmanlara da verilir. Bacarırsınız isə siz öz də başmıza çarə qılırız. Bu fikir ilə türk dilini müsəlman müəllimlərinə vacib bildi, qəza şəriəti də vacib bildi. Qori seminariyasında müsəlman şöbəsinə məşhur qeyrətli, həmiyyətli mühərrirlərimizdən Soltan Məcid Qənizadəni inspektor təyin etdi (bu, dövlət tərəfindən heç görünməyən, gözlənilməyən hərəkət!), axırda seminariyanın, Qori seminariyasının bir qeyri müsəlman şəhərinə köçmək məsələsini araya gətirdi. İki ilin ərzində müsəlmanlar barəsində belə-belə etdiyi səhvin indi düzəlməyinə çalışdıq...

Lakin kəndi xahişiləmi?

Xeyr, zəmanə tələb etdi. Ana dilini bu vaxtadək lazım bilməyib onun yox olmasına çalışan dövləti bir qanlı hüriyyət indi vadar edir ki, ana dilini qeyri dillər kimi uşaqlara vacib bilsin...

Bu günlərdə duma "təlimi-ümumi-külli" qanununu elan edəcəkdir, hamı kəndlərdə, şəhərlərdə, milli məktəblər açılacaqdır. Uşaqlara üsuli-cədid üzrə ana dili təlim olunacaqdır... Fəqət bu dili təlim edən müəllimləri nerədən gözləməliyiz? Əlbəttə, Qori seminariyasından indi tutalım ki, Qori darülmüəllimin əvvəlki proqrammasını dəyişib zəmanənin təqazasına binaən proqramma düzəldir. Türk dili və şəriət ürəyimiz istəyən kimi təlim olunur, buna kifayət edib seminariyanı yenə də Qori şəhərində qoymaq olarmı?

Bizim təsəvvürümüzcə, proqrammaya təğyir verilsə, yəni türk dili və şəriət biz istədiyimiz kimi təlim olunsa, seminariya Qoridə qalmağına razı olmaq olar, çünki haman seminariyada müsəlmanlardan savayı gürcülər, ermənilər, ruslar və qeyri tayfalar oxuyurlar...

Böylə olan surətdə dövlətə lazım gəlir müsəlman şəhərlərinin birində daha bir seminariya açsın. Açıq söyləməli: biz seminariyadan nə gözləyiriz? Biz istəyiriz əvvəla seminariya qurtaran müəllimlərimiz kəndi dilini, ədəbiyyatını, dinini layiqincə bilib ibtidai məktəblərimizdə oxuyan uşaqlara zəmanənin təqazasınca təlim versinlər, millət və vətən üçün tərbiyəli, məlumatlı balalar hazırlasınlar... ikinci, seminariyadan dərdimizə tez əlac olmağını gözləyiriz, yəni bu vaxtadək seminariya ildə on kurs qurtarmış müəllim verir idisə, indi ildə əqəllən qırx müəllim verməlidir. Vətənimizdə "təlimi-ümumi" qanuni verilir isə ildə yüz müəllim də az olacaqdır.

Tutalım ki, Qori seminariyası proqramına təğyir verib əvvəlinci qüsurumuzu düzəltdi. Yəni ibtidai məktəblərimiz üçün layiqli müəllimlər verdi, lakin ikinci qüsurumuza, yəni müəllimlərimizin ədədini artırmağa əlac edəcəkmi? Əlbəttə, yox! Qori seminariyasında oxuyan müsəlman uşaqları pansiona qəbul olunurlar, həmin pansiona qırx-əlli nəfərdən artıq uşaq qəbul olammaz. Hər bir pansiondan qırx-əlli nəfər uşaq təlim taparsa, bunlardan ildə onu da qurtarsa şükür etməli, halbuki təxminən ildə 6 və 7 müəllim kurs qurtarır, ildə 6 və 7 müəllim bu vaxtadək bəs etmirdi. Hal-hazırda kənd məktəblərimiz müəllimsizlikdən qapanır, bundan sonra daha yaman halda bulunmağımız aşkardır...

Xülasə müəllimlərin ədədi artmaq üçün iki-üç seminariya gərəkdir açılsın. Dövlət isə hal-hazırda üç yox ki, birini də açmayacaqdır. Qori seminariyasının ildə 6 ya 7 müəllimdən artıq buraxmağa mümkünü olmayacaqdır.

Böylə olan surətdə Qori seminariyasını bir qeyri müsəlman mərkəzi olan şəhərə köçürtmək lazım gəlir. Yuxarıda zikr olundu ki, Qori seminariyasına altmış şagirddən artıq qəbul olunmur və yenə söylədik ki, Qoridə həmişəlik sakin olan müsəlman yoxdur. Müsəlman olmayan surətdə kənardan gəlib oxuyan da olmayacaqdır. Açıq deməli, Qori darülmüəllimin Bakıda ya Gəncədə və ya bir qeyri müsəlman şəhərində olsa padşahlıq xərcinə oxuyan altmiş nəfərdən savayı altmış nəfər müsəlman uşağı və daha ziyadə öz evlərində olarkən seminariyada elm təhsil etməyə mümkünləri olacaqdır. Yəni gundüzlər padşahlıq xərcinə oxuyan uşaqlar ilə bərabər dərs oxuyub axşamlar öz evlərinə gedərlər...

Seminariyanın müsəlman mərkəzində olmağı qeyri məsələlərdə də müsəlmanlara böyük mənfəət gətirir. Lakin burada müəllimlərin ədədi artmaq məsələsini ümdə bilib hələ bu barədə bəhs etməyi vacib bildik.

İndi üzümüzü müsəlman şəhərlərinə tutub deyiriz: dövlət Qori seminariyasinın müsəlman mərkəzinə keçməyinə razı olubdur. Fəqət müsəlman camaatından qeyrət, hümmət, həmiyyət gözləyiriz... Şəhər dumalarının üzvləri bu məsələyə artıq gərəkdir diqqət etsinlər, kəndi təsəvvürlərini dumalarda söyləyib bu məsələnin tez həll olunmağını tələb etməli, dövlətin müqabilinə çıxıb göstərməli ki, biz də müəllimlərin artmasını istəyiriz, biz də dərdimizin əlacını arayırız. Biz də gec də olmuş olsa, xabi qəflətdən ayılıb qonşular iyirmi-otuz il bundan müqəddəm gördükləri işi biz indi görmək istəyiriz...

Hal-hazırda bu məsələyə daha artıq diqqət etməlidir.

İndi Rusiyada hamı millətlər dərya misal bir hürriyyət əmvacinə düçar olublar. Üzmək bilənlər həmin mövclərdən xilas olub kənara çıxacaqlar, üzmək bacarmayanlar ləpələrin arasında qalacaq, əlləri hər yerdən üzülüb "dərya heyvanlarına" yem olacaqlar...

Mövc və girdabdan xilas olmaq, nəhənglər, timsahlar tərəfindən udulmamaq üçün mətin bir səfinə bir gəmi lazımdır ki, o gəmi də camaatın özündən ibarətdir. Bu cür xətərnak təhlükəli işlərdə bizi sahili-nicata çıxaracaq çarələr camaatın özündədir, vəssalam.

Dövlət bir nöqtədə dayanıb yəni "ruslaşdırmaq" politikasında davam edib haman politikasına müvafiq hərəkət edir.

Bu məqsədlə seminariyalar, yəni müəllimlər hazırlamaqdan ötrü darülmüəllimin açır. İrəvanda, Xunidə, Qoridə açılmış seminariyalar bu məqsədlə açılıbdır. Bu seminariyaların gözəçarpanı, xüsusən müsəlmanlar üçün Qori seminariyasıdır. Çünki burada müsəlmanlar üçün ayrı bir şöbə açılıbdır, altmış nəfərə binaən burada pansion var. Altmış nəfər müsəlman balaları burada "padşahlıq" xərcinə oxuyurlar. Vaxt var idi bu cavanları şəhərbəşəhər gəzib pulla yığırdılar, yəni yol pulunadək xəzinədən verilir idi. Əlbəttə, bu bir zamanadək idi. Vaxta ki, müsəlmanlar öyrəşdilər daha yol xərci verilmədi. İndi o qədər istəyən var ki, illik pulunu verib oraya çətinlik ilə qəbul olunurlar.

Qori seminariyası 1876-cı ildə açılıbdır. Müsəlman şöbəsi üç il keçmiş bina olunubdur. Deməli, 27 ilin ərzində bu seminariya bizim kənd və şəhər ibtidai məktəblərinə müəllimlər hazırlayıbdır. İndi Bakıda gördüyünüz rus-müsəlman məktəblərinin müəllimləri, Qafqazın qeyri şəhərlərində, kəndlərində ibtidai məktəblərində dərs verən müəllimlərin əksəri orada tərbiyə alıblar.

Seminariyanın proqramması ibtidai məktəb müəlliminə cüzi məlumat verir.  Lakin rus dilinə artıq diqqət olunur. Hamı dərslər, elmlər rus dilində təlim olunur. Cüzi şəriətdən, türk dilindən dərs verilir idi. Verilir idi, verilirdi deyib də biz şeminariyanın on altı il bundan müqəddəm halını nəzərə gətiririz. O vaxt indi üsul-cədid ilə yazılmış "Vətən dili" kitabçasının müsənnifi, mütəvvifi Çernyayevski müsəlman şöbəsinin naziri idi. Demək olar ki, onun vaxtında türk dilinə bir az diqqət olunur idi. Özü türk dilini öyrənməyə ciddü-cəhd edib haman dildə verilən dərslərə artıq diqqət edirdi. Türk dili və şəriət müəllimi indiki Şeyxülislam cənab axund Molla Əbdülislam olub, orada tərbiyə alan müsəlman uşaqlarına böyük nəflər gətirırdi. Demək olur ki, indiki hala nisbətən Qori seminariyası - xüsusən müsəlman şöbəsi böyük tərəqqidə bulunurdu. Cənab axundd molla Əbdülislam türk dilinə və şəriət dərslərinə artıq diqqət edirdi. Dərslər az isə də, o, vaxtını itirməyib bacardığı qədər cidd-cəhd edirdi. O vaxt təli kitabları yox idi. Bununla bərabər, gecələr işləyib gündüz dərsləri üçün hekayələr düzəldirdi. Türk dilində sərf və nəhv öyrədirdi. (...). İnsaf məqamında demək olar ki, Qori seminariyasından elmini tamam edib indi millətpərəst və yainki əli qələm tutan beş-üç nəfər varsa, cənab axund molla Əbdülislamın tərbiyəsinə bağlıdır...

Bunun səyi bir tərəfdən, digər tərəfdən də Çernyayevskinin müsəlmanlar ilə xoş rəftarı uşaqlara şəriətdən və ana dilindən mümkün olan qədər qəza verməyə səbəb olur idi. Mütəvvifi Çernyayevski cavanlıqdan müsəlmanların arasında tərbiyə tapıb, adətlərinə, şəriətlərinə aşna bir zat idi. Müsəlman balaları ilə mülayimliklə dolanırdı...

Halbuki seminariyanın direktoru Streletski buna zidd olub müsəlman şagirdlərinin ixtiyarını yavaş-yavaş məhv etməyə çalışırdı. Müsəlman balalarına qərib vilayətdə öz lisanlarında söhbət etməyi qadağan edirdi. Demək ki, cənab Streletsk popeçitelin sağ əli olub onun fikirlərini və dövlətin müsəlmanlar barəsində olan politikasını, yəni müsəlmanları "ruslaşdırmaq" fikrini işə verirdi...

Bu "politika" getdikcə artıb, 1892-ci ildən sonra ziyadə şiddət etdi.

Bu ildən müsəlman şöbəsinə məşhur İlminskinin müridi bulunan (...). missionerlərdən Smirnov inspektor təyin olundu.

Bu ildən bizim əqidəmiz ilə şöbənin tədənnü və tənəzzülü, dövlətin əqidəsilə onun "tərəqqisi" başlanıbdır. Rusiya müsəlmanlarını xristian dininə dəvət etməkdə canını çürüdən İlminskinin müridindən nə gözləməli idi?

Həftədə iki dəfə türk və şəriət dərsləri vacib olarkən Smirnovun vaxtında getdikcə lazımsız dərslərdən hesab olunur idi. Cənab axund molla Əbdülislamdan sonra (iki il kemiş) oraya təyin olan müəllimlər üzlərini yumşaq göstərib cənab Smirnovun əqidəsi ilə iş görməyə başlayırlar... Axırda tarixi-müqəddəsi Smirnovun köməkliyi ilə rus dilinə tərcümə edirlər... Türk dili bilmərrə unudulur, axırda türk dilinə bir dərəcədə həqarətlə baxılır ki, orada təhsil edib kurs qurtaran müəllimlərimiz türk əlifbasını da bilmirlər.

Ən axırda türk lisanı seminariyada "ümumi" bir lisan olur: müsəlman uşaqlarının əvəzinə rus, gürcü, erməni uşaqları türk lisanı dərsində otururlar. Müsəlman müəllimləri isə rus, gürcü, erməni uşaqlarına türk lisanını təlim etməklə kifayət edirlər. Hərdənbir iki müsəlman uşağı dərsə gəlir isə, onlara da "vaxtlarını" sərf edirlər. Qalan uşaqlar türk dərsinin vaxtında nə iş görürlər, nəyə məşğuldurlar, nerədə oynayırlar, lazımsız bir məsələ olub diqqətə alınmırmış.

Tutalım, azından on il Qori seminariyası bu halətdə bulunubdur. Bu on ilin ərzində Qori seminariyasından təxminən 100 müəllim ikmali-təhsil edib kurs qurtarıbdır desək, böyük səhv etməriz, zənn ediriz. Bunlar kənd, şəhər ibtidai məktəblərində müəllim olub, hankı lisanda dərs verməkləri aşkardır.

Ana dilinin ibtidai məktəblərdən qovulmağı, həmçinin bir on il də belə getsə idi, aləmi-hürriyyət aralığa gəlməsəydi, türk balalarının halları nə tövr olardı? İlminskilər, Smirnovlar dövlətin politikasını pək gözəl yerinə yetirib, öz əlimizlə özümüzə quyu qazırmışlar. Camaatımız isə bunlara "pərəstar" deyib başına murur ilə dəyən toppuzu, dəyənəyi hər tərəfdən qurulan toru anlamayırmış, gormürmüş. Görəsən, görüb anlayandan sonra hərəkət etməməyinə səbəb nə olacaqdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info