Qonaq Kitabı
Bu cism evinə, taliba, seyr edərək çün can gəlir

 

Bu cism evinə, taliba, seyr edərək çün can gəlir,

Bu evdə baqi sanma kim, bir-iki gün mehman gəlir.

 

Vardır sualım çün sana, vergil cavab, qalma dona:

Bu ruhi-qədimi mana, degil ki, sən qandan gəlir?

 

Çün xakdan edər səfər, mə’dən, nəbat olur şəcər,

Rövşən görər əhli nəzər k’ol[i] tö’meyi-heyvan gəlir.

 

Çün tö’meyi-heyvan olur, o da ki, insü can olur,

İnsana vasil olmağa bidəstü pa pərran gəlir.

 

Çün tö’meyi-insan olur, ol ruh, ol heyvan olur,

Ətü dəri, iligü qan pəs tö’meyi-insan gəlir.

 

Biixtiyarü biədəd gəlir-gedər kim, vəsl ola,

Ta vəsl olunca adəmə çəndan gedər, çəndan gəlir.

 

Çün adəmə vasil olur, məqsud ana hasil olur,

Ol nütfədən insan olur, lö’lö kimi qəltan gəlir.

 

Çün tö’meyi-insan olur, insanü cismü can olur.

Pəs ruhi-insani olub, çün surəti-rəhman gəlir.

 

Ol aləmi-itlaqdan, ol şəmsi-din xəllaqdan,

Ayrıldığiçün zərrəvəş bu dünyaya nalan gəlir.

 

Bu aləmə çün kim gəlir kəsbi-kəmalü mə’rifət

Etməz olursa dəmbədəm, nadan gedər, nadan gəlir.

 

Çün min lüdən elminə ol olmadı alim, ey fəqih,

Əhli-nəzər önündə ol bir cahili-hirman gəlir.

 

Şol cahilü müşrik olan, ol kafirü əbtər olan,

Dəccala oldur xər olan, görməz ki, ol canan gəlir.

 

Çün mə’rifətdən xalidir, xali şu qiylü qalidir,

Ol hər zaman bu ərsədə üryan gedər, üryan gəlir.

 

Hər kim kitabi-nəfsinə olmadı alim, ey həkim,

Anın vücuduna ədəm dersəm, sana yalan gəlir.

 

Zərrati-aləm oldu çün ol şəmsi-dinin məzhəri,

Ol müshəfi-cananiyə əşya qamu tibyan gəlir.

 

Ol zati-paka masəva ayati-müshəfdir, vəli

Bu ənbiyavü övliya bil, filməsəl ünvan gəlir.

 

Ol müshəfi-ba bəsmələ insani-kamildir kim ol,

Hər yerdə bilgil kim, yəqin ol əbbi-insü can gəlir.

 

Çün Müştəri, Mərrixü Şəms növbətlərin edə tamam,

Zöhrə, Ütaridlə Qəmər, pəs dövr ilə Keyvan gəlir.

 

Qalu bəladə “la” deyən canlar ki adı cindürür,

Ol bibəsər bu dünyadan bican gedər, bican gəlir.

 

Həq sözə insaf eyləsən, ayinəni saf eyləsən,

Şunlar ki, bikr oldu yəqin, övrət gedər, oğlan gəlir.

 

Hər kim ki, adəmzadədir, etməzsə insana sücud,

Surətdə adəm, mə’nidə şeytan gedər, şeytan gəlir.

 

Şol naxələf ki, adəmə gördün kim olmadı xələf,

Nabaliğ ol oğlandurur, andan bəsi üdvan gəlir.

 

İsmi cəlalın məzhəri olan kişidə daima,

Xülqi-həsən, lütfü kərəm, həm fəzl ilə ehsan gəlir.

 

Gör kim vücudi-adəmi bə’d əz fəna nəş’ət verib,

Hər üzvü bir dürlü giyah olub qamu yeksan gəlir.

 

Məhbub ilə məhbubənin lə’li-ləbü dürri-dişi,

Sünbül saçı, arizi gül, yasəminü nö’man gəlir.

 

Xalü xətü zülfü anın can müshəfidir oxuram,

Gördüm mühəqqəq biqubar ol nəsx ilə reyhan gəlir.

 

Ol can ki, safi-dil olub keçdi cahandan, ey sənəm,

Billahi, ol hər dəmbədəm həmçün güli-xəndan gəlir.

 

Əhli-fəna olsa fəna, iqlimi-həftin varına,

Bil kim, həqiqət söz durur kim, Mehdiyi-dövran gəlir.

 

Şol kim fənadan filfəna buldu olub sahibqıran,

Ana bu xəlqin əksəri ənsarü həm ə’van gəlir.

 

İqlimdə bil fani olan əhli-sülukun zümrəsi,

Daravü Bəhmən, Keyqubad ya Xosrovü xaqan gəlir.

 

Bu kəsrətin ayatını ol vəhdətə ir, görü gör,

Müşrikdir ol kim, ta əbəd bihəddü bipeyman gəlir.

 

Bir zərrəyi ayrı görən ol şəmsi-dindən, ey qəmər,

Bil, vəhdətin iqliminə bidinü biiman gəlir.

 

Hər bir ülumun gərçi kim, vardır məqalı azü çox,

Elmi-lüdənni oxuyan dərviş gedər, sultan gəlir.

 

Bil bu ülumi-nəş’ətin payanı yoxdur, taliba,

Çünki bu bəhrin qətrəsi dəryayi-bipayan gəlir.

 

Hər salikin kim, ayağı mərdanə basmaz bu yola,

İmanidən ayrı düşər, ol kafirü şeytan gəlir.

 

İmanın əhli daima şövkətdədir, bilməzmisən,

Şirk əhlinə gör kim, səza matəmlə hüzn, əfğan gəlir.

 

Zər kimi qəlbin safi et, sən gövhərin sərrafısan,

Ol adilin fəzli ilə çün ortaya mizan gəlir.

 

Oxu kitabi-nəfsini, dilinlə eynin sağ ikən,

Qoyma bu günü yarına, sonra sənə peşman gəlir.

 

Əhli-fəsada çox təəb edərsə nola fəzli-rəb,

Əhli-yəminiz, beytimiz ağ oldu, coşan xan gəlir.

 

Ol şəmsi-canın üzünə bax, rövşən on dört xətti gör,

Oxu ki, sən gör Müştəri həmçün məhi-taban gəlir.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info