Qonaq Kitabı
Gərçi eynimdən, nigara, surətin pünhan degil

 

Gərçi eynimdən, nigara, surətin pünhan degil,

Firqətindən yanaram kim, vəslilə həmsan degil.

 

Ey könül, nadan qatında razını faş eyləmə,

Əhli-irfandır bu razın məhrəmi, nadan degil.

 

Cəhlini rəf’ eylə, ey zahid, Allahı tanı kim,

Cəhl imiş, cəhl ol mərəz kim, qabili-dərman degil.

 

Nəfsini öldürməyən gər Bijənü Söhrab isə,

Pəhləvan olmaz adı, həm Rüstəmi-dəstan degil.

 

Ey könül, darüssəlamı dünyanın ləzzatına

Satma kim, şol bisəbatın dövrü cavidan degil.

 

Xızr ilə Isa, nigara, buldu vəslindən həyat,

Lə’lini kimdir deyən kim, çeşmeyi-heyvan degil?

 

Həq sevər xubu, nə mə’nidən mən anı sevməyim,

Sevməyən şol nəsnəyi kim, həq dedi, insan degil.

 

Surətin eşqi kimin kim, qılmadı canında kar,

Şol gəzən cismindəki mə’nidə cindir, can degil.

 

Gərçi asandır der, ey can, eşqini hər bixəbər,

Kim ki şol sevdaya düşdü, bildi kim, asan degil.

 

Arizumənd oldu könlüm vəslinə yarın, vəli

Buyruğu təqdirə keçməz, hökmünə fərman degil.

 

Eşq ilə meydana möhkəm ər gərəkdir kim, girə,

Hər hünərsiz hümmətisüstün yeri meydan degil.

 

Ey ki, sultan olmaq istərsən fəqir ol kim, yəqin

Kim ki, sultan oldu dərviş olmadı, sultan degil.

 

Gərçi yegrəkdir vəfadan səndən, ey dilbər, cəfa,

Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan degil.

 

Ey mənə hərdəm deyən kim, baxma xubun üzünə,

Aşiqin axır gözü var, ol qədər nadan degil.

 

Tutma şeytani-rəcimin qövlünü, rəhmana uy

Kim, uyan şeytana cindir, tabeyi-rəhman degil.

 

Eşqilə can yoxdur ol bimə’rifət heyvanda kim,

Surətin nəqşində daim valehü heyran degil.

 

Ey Nəsimi, çün yəqin imanımış, iman yəqin,

Hər şəhadət kim, yəqindən tışradır, iman degil.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info