Qonaq Kitabı
Ey saçın zilli-ilahi, vey rüxün Allahu nur!

Ey saçın zilli-ilahi, vey rüxün Allahu nur!

Rövzənin sərvi boyundur, indəha cənnatü hur.

 

Ey sifatın qülhüvəllah, vey camalın fatihə,

Üştə Fürqan, üştə Tovrat, üştə Incilü Zəbur.

 

İstivasıdır saçın inna hüdeynahüs-səbil,

Cənnət anındır ki, qıldı şol sirat üzrə übur.

 

On səkiz min aləmin ayinəsidir surətin,

Kim ki, şol mir’ati buldu, oldu min-əhli-sürur.

 

Adəmin vəchidir Allahın kitabı, uş kitab,

Ey kəlamüllahə münkir xəf minəllahül-qəyur.

 

Küntə-kənzin pərdəsindən qafirüz-zənb oldu faş,

Zahid istiğfara gəldi, hər dəm aydır: Ya qəfur!

 

Aləmül-qeybin vücudu kainatın eynidir,

Ey şəhadətdən xəbərsiz, caəna yövmən-nüşur.

 

Qəhrü lütfün illəti mə’nidə vahiddir, vəli

Bilmədi şeytan bu tövhidi, əhəddən düşdü dur.

 

Eynü şinü qafa bax, yarın camalın anda gör,

Qül təbarək ya müsəvvər, leysə fiha min fütur.

 

Qopdu hüsnündən qiyamət, ey hesabın yanılan,

Uyxudan dur kim, irişdi və’deyi-mən fil-qübur.

 

Faili-mütləqdən özgə nəsnə yoxdur arada,

Gər sən idrak eyləməzsən, bil ki, səndəndir qüsur.

 

Mö’minin qəlbidir, ey sahibdil, Allahın evi,

Leysə məqbulüs-səlatün əbdə illa bilhüzur.

 

Kim ki, Əyyubun bəlasın sevdigindən çəkmədi,

Geymədi məhbub əlindən xəl’əti-əbdiş-şəkur.

 

Ruhi-qüdsidir Nəsiminin həqiqət sözləri,

Gər Məsiha tək diriysən, yatma ki, çalındı sur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info