Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (4)

 

(Felyeton “Həyat” qəzetinin 2, 9 iyun 1906-cı il tarixli 124-cü nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur. Felyeton N.Nərimanlının “Əsərləri”ndə (Bakı, Azərnəşr, 1956-cı il) çap edilmişdir). 

 

Bu gün istəyirəm qarelərimə bir balaca hekayə söyləyim. Nağıl demirəm, əfəndim, hekayə deyirəm. Nağıl ilə hekayənin təfavütü var. Nağıl o hekayədir ki, ittifaq düşməyibdir. Mənim kimi biri oturub ağzına nə gəlibsə yazıbdır. Lakin hekayədə ittifaq düşmüş şeyin barəsində söylənir. Bu barədə "nəql"dən muradımız Azərbaycanda "nağıl" və osmanlıda "məsal" deyilən xəyali hekayələrdir, yoxsa elmdə və tarixdə qəbul olunan bir mənada istemal etməyiriz. "Məsal" məsələdən qələt olduğu kimi, nağıl da nəqldən qələtdir. Müharibə mənasına gələn "dəva" yerinə "dava" və "övrət" yerinə "arvad" yazmaq daha münasib olduğu kimi, yuxarıda zikr olunan mənada "nəql" yerinə "nağıl" ya "məsəl" yazmaq, əlbəttə, məsləhətdir.

Keçən günlərdə rus jurnallarının birində bir qəribə hekayə oxuyub da özümə söz verdim ki, qarelərim ilə bu barədə söhbət edim.

Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. Onsuz da qəzetimizin günlük nömrələrində "Ay camaat, ayılınız!" deyib də çığırışırıq. Axırda görürsən məqalələrin başına baxıb deyəcəklər: "Bu məqalə heç, bunu oxumamalı, bu köhnə əhvalatdır: millət dalda qalıbdır, millət zəlil olubdur, millət filan olubdur, filan da filan olubdur. Böylə də qəzetə yazmaq olarmı?

Həmişə bir şeyin barəsində! Tamamdır! Eşitdik! Çanağınızda qeyri bir şey varsa, onu meydana çıxarınız". Bir para qarelərimiz bu sözləri deyib də məqalələrimizi oxumazlar. Bu təsəvvürdə olan oxuyanlar az deyil. Bunlar üçün gələcəkdə nə olacaq, millət və ya vətən tərəqqi edəcəkdir, ya yox? Bu təsəvvürdə olanlar üçün birdir, təfavüt yoxdur. Bunlar "Ah, keçən günə gün çatmaz, calasan günü-günə" - deyib də istiqbaldan bir şey gözləməyirlər.... Bunlara hal-hazırdan söyləyiniz.... Bunlara lazım olan şeylərdən "nəql" ediniz.... Lakin bu barədə fikir edən yoxdur. Bu tövr qarelərin dərdlərinə əlac tapmayırlar, aramayırlar....

Elə bircə axundların ətəklərindən tutub deyiriz: insaf ediniz, mədəniyyətə bərəks olsanız da müridləriniz "qara məxluqun" əxlaq-ətvarını düzəldiniz, yüz dəfə təharətdən söyləyəndə bir dəfə də adam öldürmənin nə qədər günah olmasından vəz ediniz ....

Ya xeyr, zəngin cavanlarımıza nəsihət ediriz: gecədə yüz manat "fəqir arvadlara" xərc edəndə heç olmasa, ayda on manat da yetim mütəllimlərə veriniz. Yainki milyonçulara deyiriz:

- Azarxana tikdirməyirsiniz, əlsiz-ayaqsızlar üçün darüləcz bina etməyirsiniz, çünki belə şeylər sizin təsəvvürünüzdə xeyir iş, yəni Allah sevən iş deyil. Laməhalə Bibiheybət ziyarətgahının yolunu düzəldiniz.... Ya xeyr, incinarları, mühəndisləri məzəmmət edib yazırız:

- Qardaşlar, insaf ediniz. Biçarə ac tələbələrimizə siz kömək etməyəndə, onlar üçün siz iş tapmayanda, onlara kim kömək edəcəkdir?"

Siz özünüz də bir vaxt bunlar çəkdiklərini çəkirdiniz. Unudubsunuzmu? Bunlar da keçər gedər. Bunlar gözümüzün qabağındadır. Görürüz, könlümüz də xarab olur. Söyləyiriz, yazırız. Deməyə haqqımız var. Ya xeyr, "sözümüz" qurtarıb da böylə şeylərdən bəhs ediriz. Nə etmək, əfəndim! Siz də bu işdə sənətkarsınız. Gərək, yazıb kağızınızı doldurasınız.... Fəqət bir hərəkətinizi anlamayırız. Bizə, vətənimizə dair olan şeylər barəsində yazırsınız. Bunu da bağışladıq. Burada oturub İrandan, osmanlıdan dəm vurmağınızın mənası nədir? Hələ tutalım, rus vəzirlərinin hərəkətləri sizə məlumdur. Rus qəzetlərində oxuyursunuz, ona görə də yazırsınız....

Osmanlı, İran vəzirlərini görübsünüzmu? Onların barəsində bir əhvalat oxuyubsunuzmu? Tutalım Osmanlı vəzirlərinin barəsində hərdənbir əcnəbi qəzetlərində əhvalat olur. Yainki Misirdən və qeyri yerlərdən gələn qəzetlərdə bir para əhvalat olur. Lakin İran vəzirlərinin barəsində bir əhvalat bilməyib yazmağınıza təəccüb ediriz!

Bu biçarələr "haçan bir iş gördülər ki, əməllərində, fellərində nöqsan görüb də  onları bəzəməyə ixtiyarınız ola? Bizim əqidəmizə, bunlardan "məzlum", "fəqir", bunlardan ziyadə millətini, vətənini sevən vəzirlər heç məmləkətdə tapılmaz. Bir yaxşı fikir ediniz: bu vaxtadək cəmi Avropada bir vəzir tapmazsınız ki, "səyahət"in vətənə və millətə gətirdiyi mənfəəti dürüst anlasın. Özləri hər il səyahətə çıxırlar. Bu heç! Bir millətə fikir veriniz, bir yer taparsınızmı oraya iranlı "səyahət" etməsin!.... Bu milləti öz ixtiyarına qoysaydılar, vətənindən bir ağac kənara çıxmaz idi. Çıxmayan surətdə nə hürriyyət sözünü eşidərdi və nə də onun ləzzətini anlardı....

"Biçarə" vəzirlər bunu çoxdan anlayıblar. Ona görə milləti vətəndən dağıtmağa həmişə ciddü-cəhd ediblər. Bunların belə gözəl "politikasını" Kitay vəzirləri düşünsə idilər, bu vaxtadək millətini dörd divarın içində saxlamazdılar....

Xeyr, İran vəzirlərinin fikirləri, onların "politikası" bir qeyri "dəstgahdır". Bu "politika"nı anlamaq üçün "astralogiya" - elmi-nücum oxumalı. Kimdir sizin mədəniyyətli Avropada bu elmi bilən, oxuyan? Xeyr əfəndim, əsil söz budur: yazırsınız, gördüyümüz, eşitdiyimiz şeylərin barəsində yazınız. Burada oturub Bağdaddan dəm vurmağımızın mənasını anlamıram, həmçinin anlamıram: filankəs filan işi görməyir, filan da filana xeyir verməyir. Filan aclara baxmayır. Bu sözlərdən mənə nə mənfəət? Siz gələcək üçün çalışırsınız. Gələcəyin öz sahibi var. Nə məsləhət olsa, özü bilir. Bizim nə işimiz! Və bir də kim bilir, gələcəyə kim qalacaq, kim qalmayacaq?! Siz ağzınızı açanda söyləyirsiniz: biz millət, vətən üçün çalışırız. Biz insaniyyətə qulluq ediriz. Buyurunuz əfəndim, biz millətdən deyilikmi? Biz də insanız, ya? Biz də həmin vətənin oğullarından hesab olunmuruqmu? Belə isə haçan bizim də dərdimizə qaldınız, haçan gündən-günə zəiflənən bədənimizə bir əlac tapdınız? Tibb elmini oxuyub da cavanları müalicə etməyi bacardığınız kimi, onu bizim küpəgirən qarı nənələr də bacarırlar. Əlinizə bizim kimi solmuş, qocalmış, vaxtı keçmiş adamlar düşəndə deyirsiniz: bədən zəifdir, azara tab etməyəcəkdir.... Sizin günləriniz sayılıbdır....

Belə sözlər ilə bizə təsəlli verirsiniz? Yox, yazanlarda insaf olsa, min dəfə cavanlardan yazanda bir dəfə də biz qocalardan yazarlar. Əlinə qələm alan yazır: mən filan hacıdan, filan dünya işlərindən ötrü pul istədim, vermədi.... Daha deməyir ki, dünyanın filan ləzzətini mən indi görməyirəm, ondan ötrü mən niyə pul verim? Sən bir şey et ki, mən "yenə" də haman ləzzətləri hiss edim, keçən kefləri görüm, onda, əlbəttə, mən də özümü bu dünyadan hesab edib onun işlərinə qarışaram, nerədə kömək etmək lazım isə edərəm. Yoxsa, "hacı, filan uşağa kömək etmək lazımdır: oxuyub gələcəkdə millətə kömək edəcəkdir" sözləri ilə bizi tora salmaq olmaz. Gələcəkdə kömək edəcək! Cəhənnəmə edəcək! Mənə nə mənfəət? Heç kömək etməsin.

Eşidirsiniz, əfəndim! Bu təsəvvürdə olan qarelərimiz də var. Bunlar üçün də bir şey yazmaq lazım gəlir. Qəzet ümumi milli hesab olanda bunlar da millətin hissəsi hesab olunurlar. Gərəkdir bunların da dərdlərinə əlac aramaq. Bunlara da "nicat" yolu tapmaq. İstədikləri nədir? Bunlar keçmişdən dəm vururlar. Keçmişi qaytarmaq istəyirlər.... "Keçmişdə gördüyümüz ləzzətləri bizə versəniz, sizin hal-hazırda mübtəla olduğunuz qəmlərin rəfinə çalışacağız" deyirlər, pul ilə olursa milyonlar sərf etməyə hazırız: ancaq cavanlığı, cavanlığı qaytarınız.... Əcəba!!!

Təəccüb etməyiniz, əfəndim! İstəməyə haqları var. Cavanlıqda pul qazanmağa məşğul olublar: layiqincə kef etməyiblər! İndi pul zibil kimi, fəqət həvəs yox. Qüvvət gedib. Bədən gün-gündən zəifləşir.... "Ay keçən günə gün çatmaz calasan günü-günə!".

Bu barədə mən çox kitablara baxdım, jurnallara diqqət etdim. Hətta Bakı kimi milyonçu şəhəri buraxıb Parisdə oturub cavanlaşmağa çarə arayan Meçnikova müraciət etdim. Axırda arzuma çatdım.

Jurnalların birində "Cavanlaşmağa çarə" ünvanlı bir ləzzətli hekayə tapdım. İndi mən söyləyirəm:

Firəngistan şəhərlərinin birində Markiz Molankinnam, pək zor dövlətli, zəngin, qoca, sərkeş bədəninin günbəgün zəifləşməsini hiss edərkən fikir edirdi: "Ah, nə olardı dövlətimin yarısını alıb da mənə cavanlığımı qaytaraydılar!" Bu fikirdə olarkən bir gün qəzetdə oxuyur: "Məşhur professor Kroun Bekar cavan olmağın əlacını tapıbdır". Bu xəbər Markizə böyük şadlıq gətirdi. Axırda məqsuduma çatdım deyib də haman professorun yanına getməyə hazırlaşdı.

Markiz hazırlaşarkən keçən günləri yadına saldı: nə gözəl günlər, nə xoşbəxt saatlar. Yenə ey günlər, ey saatlar, siz mənim ilə yoldaş, dəmgüzar olacaqsınız. Markiz bu fikirləri başında dolandırarkən professorun qapısına çatdı, zəngi vurub otağa daxil oldu. Bir azdan sonra professor gəlib sordu:

"Nə buyurursunuz, əfəndim?"

"Mən eşitdim ki, siz, cənab professor, cavanlaşmağa əlac tapıbsınız. Doğrumu, əfəndim?"

"Kaç sinnindəsiniz?"

"Mənim sinnim altmışdan bir az çox olar, əfəndim. Lakin cavanlığımı çox yaman keçirtmişəm. Gecələri gündüz etmişəm...."

"Zərər yoxdur, əfəndim! Bu sinnində insanın bədəni hələ dərman qəbul edər. Bu vaxtda bədənin əsil təzələnmək vaxtıdır. Mən sizə kömək edəcəyəm, buyurunuz mənim ilə".

Markiz şadlığından az qaldı ağlasın. Bunlar professorun iş otağına getdilər. Markiz professorda bir müqəddəslik görüb də onun ətəyindən öpmək istəyirdi.... Professor bir balaca şişə götürüb dedi:

"Görürsünüzmü, əfəndim! Bu şişədən bir hissə dərya dovşanının qanından götürüb it küçüyünün qanının bir hissəsi ilə qarışdıracağam."

"Əfəndim, hərgah sizin üçün təfavüt yox isə, təvəqqe edirəm dərya dovşanının qanından çox götürəsiniz. Mən xahiş edirəm".

"Zərər yoxdur, əfəndim. İstədiyiniz kimi edərəm." Bu sözlərdən sonra professor qanları qarışdırıb dedi:

"Görürsünüzmü əfəndim, nə gözəl rəngdə maye bir dərman oldu!"

"Bəli, çox gözəl! Adam içmək istəyir!"

"İçsəniz bu dərmanın əsərini görməzsiniz. Bunu indi mən əlimdəki iynə ilə qanınıza gərəkdir vuram. Bir santimetr mükəəb olsa kifayət edər."

"Nə söyləyirsiniz, əfəndim! Bir santimetr! Siz yoxca istehza ilə buyurursunuz?" Xeyr, əfəndim, nə qədər artıq olsa, yaxşıdır. Mən kəndi bədənimi bilirəm, qüvvətim çox azdır. Artırınız, əfəndim, artırınız!

"Böylə olan surətdə bir hissə də artıracağam."

"Xeyr, əfəndim, bir hissə azdır, mən bədənimi yaxşı bilirəm. Təvəqqe edirəm yeddi santimetrədək bu dərmandan mənim bədənimə daxil edəsiniz."

"Vay, mən onsuz da dərmanın qədərini artırmışdım. İndi siz yeddi santimetr istəyirsiniz, qorxmayırsınızmı?"

"Xeyr, əfəndim, nə qədər çox olsa o qədər yaxşı deyilmi? Bəlkə tez cavanlaşam."

Professor bir söz söyləməyib altı santimetr qədərində haman dərmandan Markizin bədəninə iynə ilə daxil edib dedi:

"Sabah bədəninizdə hərarət hiss olunacaqdır və getdikcə yavaş-yavaş cavanlaşacaqsınız...."

Markiz çox razılıq edib getdi. Sabahı yuxudan oyanıb pəncərəni açdı, çünki bir az isti idi. Sonra qüvvətini sınamaq üçün bir stolu (masanı) əli ilə götürdü. Gördü həqiqət, gücü artıbdır. Ondan sonra əlinə qələm aldı. Bir ay bundan müqəddəm fikrindəki şeyi qələmə gətirə bilməyirdi. İndi haman fikrini bir neçə saatın ərzində yazıb tamam etdi.... Nahar vaxtı araya gəldi. Markiz qeyri xörəklərə baxmayıb qarnını yemişlər ilə doldurdu.... Bir neçə gün paltarını düzəldir idi. Cavana layiq paltarlar alır idi. Çox vaxt aynanın qabağında durub da özünə, paltarına sığal verir idi. Evdən çıxanda yerişini cavanların yerişinə oxşadır idi.... Dükanlardan yemiş alıb yolda gedə-gedə yeyir idi. Markiz qocalıqda bir cavan Liliya adlı qıza məhəbbət bağlamış idi. Ancaq qocalığına görə cürət edib izhari-məhəbbət edə bilməyir idi.

İndi haman yar yadına düşüb. Gedir ki, vüsali-canana nail olsun. Qızın qapısına gəlir. Bunun müqabilinə qızın qulluqçusu çıxır. Qulluqçu: - Nə istəyirsiniz? - deyə sorur. Markiz özünü nəinki cavan, hətta balaca bir tifil dərəcəsində cavanlaşmış hesab etdiyindən qulluqçuya deyir ki:  - Mən Liliya xalamı istəyirəm.... Mənə oynamaq üçün oyuncaqlar verəcəkdir. Mənim xalamı çağırınız. Tez-tez! Oynamağımın vaxtı keçir....

Bu sözləri deyib Markiz uşaq kimi burnunu qurdalayır.... Qulluqçu bunu görüb də qəh-qəh edir....

"Gediniz, əfəndim! Mənim xanımımın uşaqlar ilə işi yoxdur. Gediniz, inşaallah böyük adam olanda gələrsiniz....

Markiz bu sözləri eşidib dedi:

"Yaxşı, mən göstərərəm. Gedib anama şikayət edəcəyəm...." Markiz bu sözləri deyib küçəyə çıxdı, ətrafına baxıb ucadan ağladı. Balaca bir uşaq kimi yolunu guya itirib bilməyirdi nerəyə getsin. Qorodovoy bunu görüb sordu:

"Nerədə olursan, balaca uşaq?"

Markiz cavab verir:

"Baba! Mama! Qağa! Lulu!"

"Ah, biçarə, sahibsiz uşaqlar! Nə səbəbə "bunları" küçəyə qoyurlar...."

Bu sözləri qorodovoy fikrindən keçirirkən balaca Markizin əlindən tutub polisiyə apardı....

Cavanlaşmağa həvəsləri olan qoca qarelərimiz bu hekayənin nəticəsini bilmək istəyirdilərsə, rica edirəm ki, bir az səbir və təhəmmül göstərib gələcək həftəyə qədər gözləsinlər!....

"Ah, biçarə, sahibsiz uşaqlar! Nə səbəbə "bunları" küçəyə qoyurlar?...." Bu sözləri qorodovoy fikrindən keçirərkən, "balaca" Markizin əlindən tutub polisiyə apardı.... Keçən felyetonu bu sözlərlə qurtardım. Cavanlaşmaq həvəsi olan qoca qarelərimizdən təvəqqe etdim ki, hekayənin nəticəsini bilmək istəyənlər bir az səbir etsinlər.

İştə siz də səbir ediniz. İndi cavanlaşmış Markizin başına nə gəlməyini bilmək istəyirsiniz.... Ah, qoca əfəndim! Nə söyləyim, özünüz bir yaxşı fikir ediniz.... Altmış-yetmiş sinnində qoca kişi bu gün gözünüzün qabağında küçəyə çıxa, "Mən Liliya xalamın yanına oyuncaq almağa gedirəm. Məni sən incitmə, yoxsa gedib anama şikayət edərəm. Mən yolumu itirmişəm", deyib küçənin ortasında ağlaya-ağlaya: "Mama, Papa, Qağa, Lulu!" deyə, belə bir qoca kişiyə siz nə tövr baxacaqsınız?

Divanə deyib də ondan qaçacaqsınız, beləmi, əfəndim? Lakin qorodovoy haman "tifil" qoca qeyrilərinə əziyyət yetirməsin deyə əlindən tutub polisiyə aparacaqdır.

Polisə isə erməni kəndində olan azarxanaya göndərəcəkdir....

"Ah, qoca əfəndim, dərdinizə əlac tapılmayır. Cavan olmaq çox istəyirsiniz, lakin mümkün deyil, əfəndim!"

"Gər qara daşı qızıl qan ilə əlvan edəsən

Rəngi təğyir tapıb, ləli-bədəxşan olmaz".

Solmuş gülü diriltməkmi olar? Köksüz ağacı becərməkmi olar? Yox, əfəndim, bu məsələlərdə dəhrə ilə müharibəyə çıxmaq olmaz.... Sizin üçün keçən günlər vaqiə olacaqdır. Bir də o günləri görməyəcəksiniz.... Gördükləriniz kefləri edə bilməyəcəksiniz....

Cavanlaşmağa həvəsiniz çox da artıq olsa, Markizin gününə düşəcəksiniz....

Yox, zəngin qoca əfəndim! Bu "xəyal-plovdan" əlinizi üzünüz. Bir qeyri fikirdə bulunmağınızı rica ediriz. Gedən günlərdən heyfsilənməmək. Cavan olmaqdan muradınız nədir? Tutalım ki, indi cavan oldunuz. Cavan olub da həmişə bu cavanlıqda qalmaq istəyəsiniz! Beləmi? Yəni həmişə baqi qalmaq istəyəcəksiniz.... Bədəniniz ləzzət çəkmək istəyəcəkdir. Fəqət, görürsünüz, bədən rüzgarın sədəmələrinə davam etməyir. Puç olur; haman ləzzət çəkən bədən axırda həşərata nəsib olur. Bir yaxşı fikir ediniz! Nə aləmdir! Dünən qu tükü balışda bəslənən bədən indi qara torpaqda yatır.... Dünən cəmi dünyanı kəndi ixtiyarına almaq istəyən bədən indi üç arşın bezə kifayət edir, dünən əlvan parçalar, qızıl-gümüş, qaş-daş ilə bəzənən bədən indi üç arşın bezə bürünmüş, dünən ən heybətli heyvanları əlində qul edən bədən, indi özü balaca qurdlara yem olmuş! Dünən nazü-niyaz ilə bəslənən, uğrunda malü-mülk, din və iman, millət, insaniyyət fəda edilən bədən, bu gün bir hala gəlmiş ki, əl sürtməkdən çəkinirsən, iyrənirsən!.... Əlin dəysə, gərək bir neçə dəfə sabun ilə yuyub təmizləyəsən!....

Bundan daha fəna, mənasız şey olarmı? Birdəmi başınızdakı yüz min qara yazıları, yüz min fikirləri diriltmək istəyirsiniz? Yenədəmi kəndinizi yüz min dərə-təpələrə, yüz min quyulara, girdablara, açılmaz düyümlərə, rüzgarın yüz min oxlarına mübtəla etmək istəyirsiniz? Yenədəmi gündə min dəfə nəfsinizi satmağa, pərvanə kimi odlara yandırmağa, saatda dəfəat ilə ölüb-dirilməyə, tək bir nəfs üçün min nəfsi puç etməyə, vicdanınıza minlərcə ləkə salmağa çalışırsınız?!.... Bundan, bundan ötrümü cavanlaşmaq istəyirsiniz? Yoxsa bir "ali" fikirdən ötrü. Yoxca sizə peşmanlıq üz verir?

Həyatınızın axırda puç olmağını, özünüzdən sonra bir nişangah qalmamağını, adınızın bilmərrə pozulmağını indi düşünüb də səhvinizi düzəltmək istəyirsiniz? Fəqət nə ilə? Nəyin vasitəsilə? Paraxodlara malik olmaqlamı, zavodlar, saraylar, kaşanələr bina etməkləmi? Ya əllərindən miras yeməkdən başqa bir şey gəlməz övladları tərk etməkləmi adınızı baqi qoymaq istəyirsiniz? Bir oğul ki, onun səbəbinə qumarxanalarda, qəstinlərdə, meyxanalarda qatillər, mütriblər, "məşhur" arvadlar məclislərində adınız çəkiləcəkdir! Bundan ötrümü "novruzu" geri qaytarmaq istəyirsiniz? Bundan ötrümü həyatınızı təzələməyə ciddü-cəhd edirsiniz? Ah, biçarə zəngin qocalar!

Markizlər! Bu murad ilə "təzədən dünyaya gəlmək" istəyirsiniz isə, istəməyiniz! Bir bədən ləzzətindən, məxsusi nəfsinizdən ötrü isə vay sizin halınıza! Bədənin yoldaşı ruhu bilmərrə unudursunuzmu? Unutmayırsınız isə, ruhunuza yem aramaq istəyirsinizsə cavanlaşmağa ehtiyacınız yoxdur, əfəndim! Bədəninizin puç olmağına bir gün, bir saat qalmış da ruhunuza ləzzət verə bilərsiniz. Adınızı dillərdə baqi qoyarsınız, yetmiş ilin ərzində etdiyiniz xətaları düzəldərsiniz,.... Vasitəmi soruşursunuz?

Vasitə çoxdur, əfəndim! Lakin sizə, əqidənizə, sinninizə münasib vasitə söyləməyəcəyiz. Sizə deməyəcəyiz: bir qız məktəbi açınız, millətə tərbiyəli, məlumatlı qızlar, analar hazırlayınız, çünki uşaqlarımızın tərbiyəsizliyindən atalarımız, analarımız qanlı yaşlar tökürlər. Onların tərbiyəsizliyindən əcnəbilərə gülünc olmuşuq.... Sizə deməyəcəyiz: darülfünunlar açınız. Çünki ümumi vətən, millət işlərində elmsizlik bizi ayaq altına verir. Sevdiyiniz din-məzhəb hamisiz qalır.... Sizə deməyəcəyiz: hal-hazırda hürriyyətə çalışınız, hürriyyətpərəstləri dost tutunuz, onlara kömək ediniz, çünki onlardır əsil insaniyyətə yol açanlar, onlardır millətləri, məzhəbləri, bir-birlərinə yavıqlaşdıranlar. Onlardır fəqirlərin, kasıbların pərəstarı, onlardır möhürlü ağızları açanlar, paslanmış ağıllara seyqəl verənlər, ixtiyarsızlara ixtiyar verənlər, qulları azad edənlər, ədaləti meydana gətirib zülmü puç edənlər. Bunlardır yüz illər ilə gizli-gizli bizə quyu qazanları indi aşkar edənlər. Kor gözlərimizi açanlar, kar qulaqlarımızı dələnlər. Dərdlərimizi göstərənlər. Fəryadımızı eşidənlər....

Yox, əfəndim! Bu barədə də söyləməyəcəyiz. Vaxtınız keçibdir.... Həmçinin söyləməyəcəyiz: yetim, oxuyan uşaqlara kömək ediniz. Darülfünunlarda həftələr ilə ac qalan tələbələrə rəhm ediniz, çünki gələcəkdə bunlardır qələm müharibəsində qabaqda durub düşmənə cavab verənlər, bunlardır dininizə, dilinizə böhtan deyənlərin gizblərini üzlərinə vuranlar, bunlardır millətə, vətənə dair məsələlərinizi layiqincə həll edib asana çıxaranlar.... Yox, bunu da sizdən tələb etməyəcəyiz: bu məsələ də cüzidir. İstədiyiniz "şan və şövkəti" bununla qazana bilməyəcəksiniz.... Bir ya iki yetim, fəqir uşağı oxutmaq ilə istədiyiniz "adı" qazana bilməyəcəksiniz, fikir edirsiniz: biz filan uşağı oxutduq, qurtardı. Onun alnında yazılmayıbdır ki, bunu filan hacı, filan tacir oxudubdur. Bir dəfə qəzetdə yazmaq ilə bizə kifayət etməyir....

Habeləmi əfəndim! Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açınız, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz, bir uşaq yox, minlərcə uşaqları xoşbəxt ediniz. Minlərcə ata-analarımızı qazamatların, sudların qapılarından çəkindiriniz, saldatların ürəyə dağ çəkən sözlərindən xilas ediniz.... Həm həyatınızda, həm həyatınız puç olandan sonra adınız söylənəcəkdir. Ruhunuz təzə qalıb cavanlaşacaqdır.... Siz bina etdiyiniz məktəbdən tərbiyə alıb qurtaran uşaqlardan xeyirli işlərin, yaxşı əməllərin sadir olduğunu atalarımız, analarımız gördükcə sizləri yada salıb rəhmət oxuyacaqlar....

Bəlkə bu xeyir iş də sizin ürəyinizdə yer tapmayır. Ağlınız, əqidəniz ilə sağdış etməyir. Fikir edirsiniz: elm dünya üçündür, doğru, məktəbin həmişəliyi məni, adımı baqi qoyacaqdır, lakin orada oxuyan uşaqlar elm təhsil edib kəndi dünya mənfəətləri üçün çalışacaqdır. Dünya elmlərini oxuyub, kim bilir nə əqidədə olacaqdır?.... Mənim axirətimə nə mənfəət?

Böylə isə, buyurunuz, əfəndim! Bir nicat yolu da göstərmək istəyiriz: siz dininizi, məzhəbinizi sevənlərdənsiniz.... İnsan qocalanda dinpərəst olar.... Cavanlıqda buraxdığı namazları qəza qılar, yediyi orucları tutar. Dininizə rövnəq vermək istəyirsiniz.... Dinə rövnəq verənləri dost tutursunuz.... Belə isə ruhanilər üçün bir məktəb açmağınızı gözləyiriz. Oxuyursunuz, görürsünüz: hal-hazırda ruhanilərimiz zəmanənin təqazasına hazır deyillər. Xətaları, səhvləri çox, məlumatları az. Qeyrətləri var isə də "əllərində olan yaraq" korşdur, kəsmir .... İndi bunlar üçün bir məktəb, duxovnı seminariya açıb zəmanənin təqazası ilə tərbiyə verməyə, elm kəsb etdirməyə sözunüz nədir? Bunlar dininizə rövnəq verən deyillərmi? Axirətinizə dair məsələləri həll edən bunlar deyillərmi? Xeyrinizdə, şərinizdə, məclislərin başında oturanlar, diri ikən sizə tul ömür istəyənlər, öləndən sonra namazınızı qılıb rəhmət oxuyanlar bunlar deyilmi? Əcəba! Belə şəxslərə kömək etməyəndə, belə şəxsləri elmin gücü ilə ucaltmayanda bunların qəlblərinə, ağılları ilə qüvvət verib dinin rövnəqi üçün bu vaxtadək qəsdən pünhanda saxlanan nöqtələri, düyümləri açmaq üçün pul xərc etməyəndə nerədə xərc edəcəksiniz, yoxsa fikir edirsiniz burada oxuyan ruhanilərimiz sizin "ağlınıza" görə "müqəddəs" ola bilməzlər?....

Ah, zəngin, qoca oxucularım! Başınızı aşağı salıb da nə fikir edirsiniz? Yoxsa yenə də bir qeyri nicat yolu istəyirsiniz? Nə etmək, mən sizin qulluğunuzda durmuşam. Bildiyim, anladığım məsələləri araya gətirəcəyəm. Sizin əqidənizə müvafiq bir nicat yolu da göstərəcəyəm. Lakin söyləmək ilə, yazmaq ilə ürəyimdə olan şeyi desəm də sizin ürəyinizi yumşalda bilməyəcəyəm. Gərəkdir sizin əlinizdən tutub bir yerdə seyr edək, qaranlıq, nəmli zirzəmiləri, padvalları gəzib orada yarımcanları, can verənləri göstərəm: biçarə, sahibsiz, beş balaca yetim sahibi arvad quru yerdə uzanıb, başının altında balış yerinə əski-üsküdən toplanmış düyünçə! Qızdırmanın, baş ağrısının hərarətindən balıq kimi çabalayır; əllərini yerdən-yerə vurub qabıq qoymuş dilini çıxarır. Çatlamış dodaqlarını sorur.... Amandır, balalarım, bir qaşıq su, su deyib gözlərini yetimlərə süzdürür. Dilli balalar isə "ana, suyumuz yoxdur" deyib, boyunları buruq cavab verirlər.... Dilsizlər hərə bir güncdə palçığa bulanmış, aclarından nalə edirlər.... Yarımcan arvad balalarından utanıb daha su istəməyir. Üzünü əli ilə tutub gözlərindən qanlı yaşlar tökür.... Sonra əllərini dayaq verib sümükləri dəridən görünən cəmdəyini yarım qiblə edir.... Bunu görüb də deyəcəksiniz: Allahı sevərsiniz, məni xilas ediniz. "Tamaşa" üçün qeyri padvala, zirzəmiyə daha getməyirəm.... Nə istəyirsiniz məndən alınız, buraxınız məni.... Mənim böylə əhvalatları görməyə ürəyim yoxdur. Bu danışıqda qeyri zirzəmidən yenə də "Çörək! Su!" sədası gəlir....

Ah, qoca, zəngin qardaş, imarətinizə, xalılar ilə döşənmiş otağınıza, tövrbətövr xörəklər ilə zinət tapmış süfrənizə, xörəkdən sonra iskəncəbi ilə buzlu su içməyə və sonra qəlyan xoruldadıb qu tükü balışlarda rahat olmağa nə tez qaçırsınız? Hələ belə zirzəmilərdə can verənlərin mindən birini görüb ürəyiniz xarab oldu. Hamısını görsəydiniz Markiz kimi qorodovoya nəsib olardınız....

İndi yenədəmi bir söz tapacaqsınız? Yenədəmi qan ilə dolmuş ürəyinizi daş etmək istəyəcəksiniz? Yenədəmi bir səbəb tapıb qeyri nicat yolu arayacaqsınız? Araya-araya nicat yolu tapmayıb o dünyaya köçməyinizdən qorxuram.

Yox, əfəndim, vaxtı fövt etməyəcəyiz. Susuzluqdan dodaqları çatlayanlara, yüngül mərəzə mübtəla olmuş, yersizlikdən, quru çörəksizlikdən, vaxtsız ölüb yetimləri başaçıq, ayaqyalın küçələrə salanlara bir xəstəxana, bir darülxeyrat təamxanası bina etməkdən baş qaçırdıb da, yenədəmi "millət", "insaniyyət" sözlərini ağzınıza alıb çeynəyəcəksiniz?

İştə bu sözlər də sizin əqidəniz ilə düz gəlməsə, eşitdiyiniz əhvalat daş olan ürəyinizi yumşaltmasa, mən də sizin barənizdə daha bir də felyeton yazmayacağam. Buna siz şad olursunuz. Fikir edirsiniz: "Bizim də istədiyimiz budur ki, bizi rahat qoyasınız, bizim barəmizdə heç bir şey yazmayasınız".

Biz sizi rahat qoyduq.... Əcəba! Vicdanınız sizi rahat qoyacaqmı?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info