Qonaq Kitabı
Divi-rəcimə, ey könül, etmə dəxi mütabiət

 

Divi-rəcimə, ey könül, etmə dəxi mütabiət,

Tanrı sözün eşit, derəm, sidq ilə qıl mülazimət.

 

Hər kişinin ki, əsli çün div ola, ol eşitməyə,

Min deyəsən qulağına nükteyi-pəndi-moizət.

 

Söz bilə cahilin dili alim önündə lal ola,

Mə’rifəti nə söyləyə olmayan əhli-mə’rifət?

 

Mən ərəfə çün oxudun, Tanrıyı tanıdın isə,

Özünü bil ki, Tanrıdan zatına var münasibət.

 

Çünki özünü tanıdın, həq sənə kərrəmna dedi,

Gər biləsən həqiqəti, qılmayasan ənaniyət.

 

Yaxşılıq eylə sən, sənə yaxşılıq eyliyə xuda,

Aqibət əslinə qılır xeyr ilə şər müraciət.

 

Çünki, Nəsimi sözlərin əhli-məani yey bilir

Kim, bu təriqi-mə’niyi bilmədi, bilmədi lüğət.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info