Qonaq Kitabı
Kövsərin eynindən axır çeşmeyi-abi-həyat

 

Kövsərin eynindən axır çeşmeyi-abi-həyat,

Zülmətin dövranı keçdi, aradan getdi məmat.

 

Daima həq söylərəm, həm Fəzli-həqdən gəlmişəm,

Həq mənəm, həq məndədir, həm ayət ilə bəyyinat.

 

Tubiyəm, həm səlsəbiləm, həm mənəm cənnatü hur,

Həm şərabam, həm sərabam, həm susuzam, həm Fərat.

 

Həm mənəm Musilə atəş, həm mənəm anəstünar,

Həm Kəlimin Turiyəm mən, həm təmənna, həm nəcat.

 

Gənci-pünhanam, bu sirri mən nə pünhan söylərəm,

Cismü canam, kün fəkanam, vacibəm, həm mümkünat.

 

Şəm’iyəm, həm aləmin şəm’inə mən pərvanəyəm,

Misr came’ uş mənəm, həm mə’bəd ilə sövmənat.

 

Hə mənəm Musiyi-Imran, həm mənəm həqdən kəlam,

Həm mənəm Fəzl ilə rəhman, şəkkərəm, qəndü nabat.

 

Həm mənəm insü mələk, həm adəmi-xaki ilən,

Bulmuşam həm ərşi-rəhman, cümlə oldum kainat.

 

Lövhi-məhfuzam, hürufam, əbcədəm mən, həm heca,

Həm Xəlilə Kə’bə oldum, həm mənəm sövmü səlat.

 

Adəməm, həm Adəmə qıldım sücud ixlas ilə,

Tutmadı ol əmri, şeytani-ləini nara at.

 

Həm mənəm həşr ilə məhşər, həm mənəm yovmül-hesab,

Həm bu yövmün hacəti, həm olmuşam əhli-zəkat.

 

Mö’minin qəlbi, səfası, həm mənəm ruhülqüdüs.

Həm sifatımdan olubdur aləmə nuri-nəcat.

 

Nəfsini hər kimsə kim, tanıdı, ol həqqi bilir,

Arifi-rəbb oldu ol kim, tanıdı buldu səbat.

 

Bildigim sənsən, Nəsimi, səndən özgə kimsə yox,

Hər yanadan bildi sənsən məzhəri-ənvari-zat.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info