Qonaq Kitabı
Əya lətifi-zəmanə, əya xülaseyi-zat!

 

Əya lətifi-zəmanə, əya xülaseyi-zat!

Eşit bu pəndimi, tut kim, bulasan anda nəcat.

 

Şəriət əmrini mürşid edən təriqətə gir,

Kim, ol təriqət ilə sən içəsən abi-həyat.

 

Həqiqət əhli olasan, görünə hər nə ki, var,

Dəmində mə’rifətindən buluna çox həsənat.

 

Bu gün duruş özüniçün, eyi əməl edə gör,

Yarınkı mə’rəkələrdə behişt ola ərəsat.

 

Səni diri tutanı sən bilirsən əlbət əziz

Ki, hər nəfəsdə bulasan eyicə qədrü bərat.

 

Bu gün bu dari-fəna bir nəfəsdürür, biliniz,

Bu bir nəfəsdə qılın səd həzar sovmü səlat.

 

Rəsuli-səyyidi-kövneynə mö’min ayinədir,

Bü mö’min ayinəsində göründü cümlə sifat.

 

Fəna məmat ilə nəfsin bu üçü bil gecədir,

Bəqa həyat ilə gündüz, bu əql ilə mir’at.

 

Bəqa elindən irişdin, fənada elm oxudun,

Bu elm ilə özünü bildin ömrünə bərəkat.

 

Bu elmi oxuyuban bilmədinsə kəndözünü,

İlət şu dəftərini tez bazarda bir pula sat!

 

Həzər qıl, anla səni, sən özünü bilməkçin,

Saqın ki, cənnət üçün olmaya yerin dərəkat.

 

Dilərmisən ki, yəqin əl verə təcəllilər,

Gözün ayırma özündən, bu nəfsini oda at.

 

Qaçan ki, qətl edəsən, nəfsini oda atasan,

İrişə ayəti-ünzür, dönə həyata məmat.

 

Dürüş bu mə’rifətin xirqəsinə cəm’ ola gör,

Dağılma dörd yana aşiq ki, qandasan heyhat?

 

Gətirdi zatını doğdu o yuca aləmdən,

Bəzəndi nuri-təcəlli, sürüldü çün zülmat.

 

Olur ki, təşnədilə sözlərimdən irdi həyat,

Bəriyyə içrə qalanlara mə’tə fis-sələvat.

 

Dilimdən irdi, qələmdən töküldü kağıza dürr,

Dirildi cümlə lətayif, cəvahir odlu səbat.

 

Bu mə’rifət, bü təriqət, həqiqət oldu tamam,

Şəriət əmri üçün ver Məhəmmədə sələvat.

 

Bu mə’rifət sözünün sirrini bəyan edəvüz,

Əya lətifi-zəmanə, əya xülaseyi-zat!

 

Bir qətrə bəhri-həqiqət sözünü dərc edəlim

Ki, bir təriqətə min dürlü göstərir hərəkat.

 

Bu gün Nəsimi sözünün həlavətinə irən,

Həzar səcdə qılır tuti birlə qəndü nabat.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info