Qonaq Kitabı
Çeşmeyi-heyvan mənəm, məndədir abi-həyat

 

Çeşmeyi-heyvan mənəm, məndədir abi-həyat,

Dur necə bir yatəsən fiz-zülmətil-məmat.

 

Cənnətü hüri mənəm, Kövsərü Tubi mənəm,

Nariyü nuri mənəm, həm susuzam, həm Fərat.

 

Çərxi-müəlləq mənəm, faili-mütləq mənəm,

Həqq iləyəm, həq mənəm ayət ilə bəyyinat.

 

Bağ ilə bostan mənəm, tazə gülüstan mənəm,

Kafirə tufan mənəm, mö’minə Nuhün-nəcat.

 

Qibləvü iman mənəm, surəti-rəhman mənəm,

Lövh ilə Qur’an mənəm, həm orucam, həm səlat.

 

Höccəti-bürhan mənəm, Musiyi-Imran mənəm,

Yusifi-Kən’an mənəm, Misr ilə qəndü nabat.

 

Həm yetirən, həm yetən, həm bitirən, həm bitən,

Cümlə mənəm, cümlə mən, dəhr ilə həm kainat.

 

Gənci-nihan uş mənəm, kövnü-məkan uş mənəm,

Cümlədə can uş mənəm, vacib ilə mümkünat.

 

Şəm’ ilə pərvanəyəm, bəhr ilə dürdanəyəm,

Məscidü meyxanəyəm, mə’bəd ilə sovmənat.

 

Ərşi-münəqqəş mənəm, çar ilə nöh, şeş mənəm,

Həm həsənat işlərəm, həm qılıram səyyiat.

 

Bay ilə yoxsul mənəm, yolçu ilə yol mənəm,

Kim ki, bu mənsubəyi oynamadı, oldu mat.

 

Mülk ilə malik mənəm, mühyüvü halik mənəm,

Mürşidü salik mənəm, abidi-əsnamü lat.

 

Qaf ilə ənqa mənəm, ab ilə səqqa mənəm,

Cümlədə həqqa mənəm, üştə tanıq şeş cəhat.

 

Həşr ilə məhşər mənəm, sahibi-kövsər mənəm,

Həm gəzərəm dərbədər, əhli-zəkatam, zəkat.

 

Əhsəni-təqvimə çün qılmadı şeytan sücud,

Uyma ana, səcdə qıl, lə’n et, anı nara at.

 

Kim ki, dilaram ilə ömrünü sərf eylədi,

Hər günü eyd oldu eyd, hər dünü qədrü bərat.

 

Mö’minə mö’mindürür güzgü, arıt güzgünü,

Ta görəsən sən səni, zat olasan, həm sifat.

 

Nəfsini hər kimsə ki, tanımadı, şübhəsiz,

Arifi-rəbb olmadı, yetmədi ol bisəbat.

 

Kəndü vücudunda çün buldu Nəsimi səni,

Bildi yəqin kəndidir məzhəri-ənvari-zat.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info