Qonaq Kitabı
YENİ TEATRÇILARA BİR MƏKTUB DAHA

 

(“Yeni teatrçılara bir məktub daha” məqaləsi “Həyat” qəzetinin 2 iyun 1906-cı il tarixli 119-cu nömrəsinin 4-cü səhifələrində “Nəriman” imzası ilə dərc olunmuşdur). 

 

"İrşad" qəzetinin dünənki nömrəsində cümələr oynayan "teatrçılar" mənə açıq bir məktub yazıblar. Mən onlardan kağızıma cavab gözləyirdim, nəinki...

Mənim və onların kağızını oxuyanlar özləri bilərlər...

Lakin teatrçıların biəsil və əsas sözlərindən birinə diqqət etməli!

Bunlar kağızlarının axırında yazırlar: "ənzareqareə ərz etdiyimiz bu məktub çap olunmaq üçün "Kaspi" qəzetinə verilmiş və qəbul olunmuşdusa da, hər nədənsə, Nəriman cənablarının təvəqqinə binaən sonra çapdan geri alınıbdır".

Böylə bir iftiranı edib də cənab teatrçılar arxayın oldular. Lakin mən indi üzümü "Kaspi" qezetinin idarəsinə tutub da təvəqqe məqamında deyirəm: "Mənə cavab verəsiniz görüm "teatrçıların" məktubunun barəsində mənim tərəfimdən nəinki təvəqqe və hətta buna oxşayan bir hərəkət olundumu?" Hərgah "Kaspi" qəzetəsi cavab versə ki, həqiqət, mən bu barədə təvəqqe etmişəm, o vaxt bu gündən mən mühərrirlikdən əl çəkib bundan sonra nə "Həyatda, nə bir qeyri qəzetdə yazmağa və nə də bir kitab təsnif etməyə ixtiyarım olmasın. Böylə işlərdən bilmərrə əlimi üzəcəyəm, çünki mənim əqidəmə böylə bir adamın mühərrirliyə ləyaqəti yoxdur.

Mən öz-özümü camaatdan, millətdən kənar edərəm. Mən etməsəm də, camaat, millət gərəkdir ki, məni kənar etsin, çünki böylə bir "mühərririn" camaata, millətə zərrərindən savayı xeyri olmaz, zənn edirəm; bir mühərrir ki, cavabdan qorxdu ağzına gələni yazıb da işin sonunu gözləmədi, "anlamadığı şeylərdən dəm vurarkən özünü anlayan göstərdi" elə mühərririn heç olmamağı məsləhətdir.

İndi keçək o biri tərəfə.

Cənab teatrçılar! Hərgah yuxarıda yazdığımız sözlərin əsli olmadığı təbəyyün edərsə, yəni "Kaspi" qəzetəsinin idarəsi sizin gizbinizi aşkar edərsə, sizə nə yolda tənbeh olmağını mənmi soyləyəcəyəm? Yox, əfəndim! Mənim gücüm ancaq özümə çatar. Sizdə vüqar və insaf var isə özünüz-özünüzə tənbeh edərsiniz və aranızda kim böylə əsilsiz, əsassız sözü ixtira etdi isə heç olmazsa vicdan əzabı çəkər, zənn edirəm!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info