Qonaq Kitabı
Lövhi-Musa çün üzündən sıydı, açıldı niqab

 

Lövhi-Musa çün üzündən sıydı, açıldı niqab,

Sirri-tövhidi əyan etdivü götrüldü hicab.

 

İstiva sirrinə yol buldu üzündən ta ana,

Cəbrail çəkdi Büraqı mindi getdi çün üqab.

 

Qabü-qövseynə dəkin getdivü durmadı haman,

Gördü həqqin üzünü, gəldi dilindən bu xitab.

 

Ayəti-səb’ül-məsanini üzündən buldu çün,

Ümmətinə dönübən dedi: budur əsli kitab.

 

Kirpigin, qaşınla zülfün yeddi ayət oldu çün,

Bu yedi ayət sualına nə verirsən cavab?

 

Fatihə səb’ül-məsanin çün üzündən fəth olar,

Rövşən ola sənə bu elmi-lüdən ilə savab.

 

Üzünə qarşı sücudu etmədi divi-rəcim,

Dedi: Mən oddanəm, anı görərəm üştə türab.

 

Üzünə qarşı sücudu mana müşkil görünür,

Qılmadın səcdə ana, uş yeridir narü əzab.

 

Üzünə qarşı sücudun eylərəm, oldur murad

Kim, irə məqsuda canım, cəhd ilə etdi şitab.

 

Lə’linin vəsfini gər şərh eylər isəm bir-bir,

Dözməyə, sına qələm, ahım ilə yana kitab.

 

Çün Nəsimiyə bu Fəzl açdı hidayət qapısın,

Çalınız çəngü rübabı, içəlim nüqlü şərab.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info