Qonaq Kitabı
Ey həq əhli, yəqin imiş bu xəbər

Ey həq əhli, yəqin imiş bu xəbər

Kim, bilən nəfsinidir əhli-nəzər.

 

Nəfsini kim ki, bildi buldu həqi,

Nəfsini bilməyənlər oldu şəqi.

 

Ey həqi istəyən, gəl insan ol,

Qara daş olma, lə’lü mərcan ol.

 

Gər dilərsən səadəti-əbədi,

Damuyu bil ki, niçün oldu yedi.

 

Səkkiz oldu qapusu uçmağın,

Niyə dörd oldu suyu irmağın?

 

Tuba ağacının nədir yemişi?

Həqq onu ər yaratdı, yoxsa dişi?

 

Hurü qılman nədən ibarətdir?

Hüvə mənhu nəyə işarətdir?

 

Kövsərü Səlsəbilü mai-məin,

Məqsədi-sidq ilə məqami-əmin.

 

Nə deməkdir, mana bəyan eylə?

Bu nihan sirri gəl əyan eylə!

 

Nə əsəldir, nə ma’ü xəmrü ləbən,

Ol ki, Qur’anda həq dedi rövşən.

 

Bunların əslini nədəndir bil,

Gər nə şeytansan, olma əgridil!

 

Bunları bilməyən nə bilmiş ola,

Adı anın evi yıxılmış ola.

 

Kim ki, bildi bu incə əsrarı,

Qoydu əldən cahani-qəddarı.

 

Fani oldu özündən, oldu həq,

Bildi kim, cümlə həqqimiş mütləq.

 

Eşqü mə’şuqü aşiq oldu yar,

Leysə fiddar qeyr əna dəyyar.

 

Kim ki, bildi buları, insandır,

Bilməyən anı bil ki, şeytandır.

 

Ey Nəsimi, sözündür abi-həyat,

İçməyən anı qaldı fizzülmat.

 

Nə bilir dəgmə canəvər canı,

Xızra sor, Xızra abi-heyvanı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info