Qonaq Kitabı
Kirpikləri çün iki cahanın əsəridir

Kirpikləri çün iki cahanın əsəridir,

Bu dövri-Zühəldə,

Ol günəşi gör sən kim, anın kimi pəridir,

Gün bürci-Həməldə.

Katib ki, üzü hərfini yazdı otuz iki,

Yigirmi səkizdən,

Ol adəmi-xaki budur, adəm, xəbəridir,

Qıl nəqşi-əzəldən.

Gəl surətinin sirrini həcc eylə ədədcə,

Ol məhrəmi-əsrar.

Kim, aləmi-surət qılasan, həcc səfəridir,

Fikr eylə əməldə.

Musasifət olgil ki, münacat həmişə,

Göstər yədi-beyza,

Didar çün anın gecəvü-gündüz nəzəridir,

Bu Turi-zələldə.

Üqbayə duruş, aləmi-zata bula gör yol,

Anla bu sifati,

Dünya dedigin fitnə çü gördün bəşəridir,

Nəqdi anın əldə.

Gəl qaməti-sərvin keçib ol cənnətə daxil,

Didar görəsən,

Arif olanın rövzeyi-rizvan çü yeridir,

Qalır o məhəldə.

Mişkin saçın əldən qoma zinhar, Nəsimi,

Namusu yelə ver,

Müşkillərini keyfiyyətin şəm’in əridir,

Ol saf bu həldə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info