Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (3)

 

(Felyeton “Həyat” qəzetinin 26 may 1906-cı il tarixli 113-cü nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Nerədədir bir elə aləm ki, hamı bir fikirdə, bir qanacaqda olsun? Bir padşahlıq, bir şəhər, bir kənd, ya bir cəmiyyət fikrinizə gətirə bilərmisiniz ki, orada bir fikirdə, bir qanacaqda olsun? Mən ha fikir edirəm, bir şey çıxmır. Hikmət ilə gərək belə bir aləm olsun, çünki dəhr hamı üçün birdir, hamıya bir nəzər ilə baxır, hamı ondan istədiyi qədər nəfbərdar ola bilər, fəqət dörd ətrafımıza baxıb dolanacağımızı nəzərə aldıqda belə bir aləmdən əsər görünmür. "Heyhat! Belə bir aləm olursa, nə gözəl olurdu!" deyəcək olursunuz ki, biz sizə bərəks olacağız, sizi dəhrin düşməni hesab edəcəyiz. Yox əfəndim, belə bir aləmi arzu etməmək!... həqiqət hal, bir dürüst diqqət ediniz: hamı qoyun sürüsü kimi bir fikirdə, bir qanacaqda olursa, dolanacaqmı qalır? Heç bir vaxt! Belə olursa vəzirlər, sudyalar (ədliyyə hakimləri) dəva vəkilləri, prokurorlar (müddəyi-ümumiyyələr), təbiblər, müəllimlər və incinarlar (mühəndislər) ya qeyriləri nerədən dolanacaq etsinlər? Təəyyüşlərini nə ilə təmin etsinlər? Xeyr, heç mümkün olan şey deyil, fikirlər, qanacaqlar gərək bir-birinə zidd ola ki, iş də ola, iş olan surətdə cibə də bir şey girər. Mən bilsəm ki, oğurluq yaman işdir, haman sənətə məşğul olarammı? Olmayan surətdə sudyanın, ya vəkilin mənimlə nə işi? Qeyri işlər də buna görə. Xeyr, qanacaqlar, fikirlər bir-birinə müxtəlif gərəkdir olsunlar. Sözümüzə qüvvət vermək üçün min-min misallar söyləməyə hazırız. Buyurunuz: Gəncədə ruhanilər üçün yeni üsulla mədrəsə açılır, lakin pul yoxdur. Hörmətli hacılarımızdan biri bu barədə belə bir fikirdədir: ruhanilər millətə lazımdırlar. Fəqət indi ruhanilərimiz yaman haldadırlar, divarın o tərəfində olan şeyləri görmürlər, millət nə ilə tərəqqi etməyini bilmirlər, ona görə vaxtından zəmanəyə müvafiq, millətə lazım olan qulluğu etməyi bacarmırlar. Bacarmırlar deyiriz də, elə bilirsiniz istedadlarımı yoxdur? Qabilmi deyillər? Xeyr, əfəndim! Pək gözəl müstəid, qabil ruhanilərimiz ola bilər, fəqət bünövrə gərəkdir ola, lazım olan tədris və təlim gərəkdir ola. Bunlara andırmaq ki, bir elmi-ilahi ilə dərdimizə əlac tapmaq olmaz. Belə olmuş olsaydı, peyğəmbərimiz (... qurani-məciddə hər şeydən xəbər verməzdi. Mən bilmirəm, ruhanilərimiz özləri təsdiq edirlər ki, Quranda o elm yoxdur ki, ona işarə olunmasın. Həqiqət belə isə görünür, peyğəmbərimiz (...) bunu lazım bilibdir ki, əhadisi-şərifləri ilə bəyan edibdir. Lazım olmayan şeyləri nə Allah buyurardı, nə də cənab peyğəmbərimiz xəbər verərdi. Bəzi möhtərəm ruhanilərimizin rəyinə görə elm tək elmi-ilahidən ibarət olunsaydı, bütün Quranda ancaq rəbbimizin zati-pakini təlim verərdi. Nəyə lazım idi qulları azad etmək? Ya ümumi millət işində camaatla məşvərət etmək? Bu məsələnin üstə indi 20-ci qərinədə qələmlər sınır, minlərcə, bəlkə yüz minlərcə kitablar yazılır, fikirlər yorulur, beyinlər çatlayır, canlar tələf olur, üsuli-idarə, şəkli-səltənət, səltənətlər dəyişdirilir! Hər şey təbdil olunur. İndi əcnəbilər bu məsələni həll edib də "sosiologiya" elmini araya salıblar nəyə lazım idi gündə beş vaxt namaz qılanda əllərini, üzünü, ayaqlarını yumaq? Donuzun və bir para heyvanların ətini yeməmək? Ya onlara əlin dəydisə, əlini yumaq? Ya qüsl? Bunlar hamısı Allahdanmı ötrü qoyulubdur? Yainki insanın özündən ötrü? Bunlara Allahınmı ehtiyacı var, yainki insanın? Tək insanın ehtiyacı var isə, indi bu məsələləri əcnəbilər toplayıb da gigiyena, yəni hifzü səhhə adında bir elm ortalığa çıxarıblar!.... Nəyə lazım idi, deyə ata öləndən sonra onun malını, pulunu yetimlərə nə tövr qismət etmək? Ya ər öləndən sonra arvadın ixtiyarını bilmək? Ya bir adam adama zərər yetirdi, onun əvəzində nə etmək? Bunlardamı Allah üçündür? İnsan üçün isə indi əcnəbilər "Yuris prudensiya" (elmi-hüquq) adı ilə elm müaşirətin böyük bir şöbəsinə tərəqqi və rövnəq verib bunun üçün şəşəli məktəblər açırlar.

Bu növ məsələlər bir deyil, iki deyil, yüzlərcə, minlərcədir. Hansını söyləyək? Qanun qoyan ömrünü belə məsələlərə sərf edibdir. İndi nə etmək ki, bu məsələlərin üstə bir pərdə salmışıq, bunları qovmuşuq, zahirdə qalan bir elmi-ilahi olub şəkkiyyatda onun zili. Heyfa ki, bu elmdən də bəzimiz mənim kimi bibəhrə qalmış, dürüst anlamamış, bibəhrə qalmayanlar da zikr olunan fikirləri cənab hacı nəzərdə tutub yeni ruhanilər üçün açılan mədrəsəyə ianə verir, 5 min manat göndərib də kəndi-kəndinə fikir edir: mən istədiyim ruhanilər haman mədrəsədən qurtarıb yüz illər ilə gizlənmiş həqiqəti meydana çıxaracaqlar. Çıxarıb da hal-hazırda "din hamilərinin" bəzi əfkarını batil edəcəklər, batil edib də milləti ağır zəncirdən xilas edəcəklər.

Bəli, bu Hacının qanacağı belədir. İndi qeyrisinin qanacağına baxalım: qeyrisi fikir edər: bu sözlər boşdur, dünya üçündür. Biz axirəti gərəkdir nəzərdə tutaq. Filan axund buyurur: mən gecə-gündüz ömrümü məscidlərdə keçirirəm. Dünyamıza dair elmlərdən mən bir şey eşitməmişəm. Axund lazım bilsəydi vəz edərdi. Mən bunu anlamışam ki, bu dünyanın axırı yoxdur, özümüzü axirətə hazırlamaq. O da ibadət ilə olar. Mən də axund buyurduğuna əməl edib ibadətə məşğulam. Mənim nə borcum, mədrəsə açırlar, ya yox. Ondan savayı bu mədrəsədən çıxıb "müqəddəs" olamaz, Xorasanda, Nəcəfdə gərəkdir oxumaq ki, ehkami-ilahini "yaxşı" anlayasan.

Buyurunuz, iki bir-birinə bərəks fikir, qanacaq! İndi bir dürüst diqqət ediniz: hamı əvvəlinci Hacı qanacağında olsa idi, məzkur mədrəsəni açmaq lazım deyil idi. Elə də hamı ikinci Hacı kimi "qanacaqlı" olsa idi, yenə də mədrəsə açılmayacaq idi. İndi aşkar oldu ki, iki bir-birinə zidd fikir, qanacaq ortalığa iş gətirir. İstəyirsiniz doğrusunu biləsiniz, bugünkü felyetonu yazmağa da səbəb bir-birinə bərəks qanacaq olubdur.

Bu günlərdə baş mühərririmizə Vladiqafqazdan H.İ. tərəfindən bir məktub gəlibdir. Cənab H.İ. bizim əhliqələm yoldaşlardan birini artıq tərif edib, axırda yazır: "Qarelərdən təvəqqe olunur ki, filan cənabın məsələlərinə artıq diqqət olunsun .... Nəinki sözlərinə, hətta sətirlərin arasına da diqqət etmək. Xahiş edən orada da məna tapar .... Bununla belə, həmin yoldaşımızın barəsində bir qeyrisi söyləyir: mən təəccüb edirəm! Nə əcəb, filan məqalə yazanın məqalələrini qəzetlər dərc edirlər? Mən anlamıram və anlaya da bilmərəm: məqaləni tülküdən başlayıb əjdaha ilə qurtarmağın nə mənası? Rusiyadan başlamış İranla qurtarmağın nə hüsnü? Mən də dünya görmüşəm, kitablar oxumuşam, belə hekayələr oxumamışam. Məsələn, hekayənin adı "Aslan və uzunqulaq" isə başdan ayağa əhvalat ikisinin barəsində olar ... nəinki "uzunqulaqdan" başlayıb da İran vəziri ilə qurtarmaq....

Xeyr, belə şey olmaz. Görünür, məqalə yazan "aşnamızın" ya sözü qurtarıb "fədəm-dəmə, damdan-dama" söyləyir, yainki hələ məqalə yazmağı bacarmır ...."Buyurunuz, əfəndim! Yenə də iki bir-birinə zidd fikir, qanacaq! Bu iki qanacağı bir-birinə vuruşdurunuz, hansı haqdır? Məndən sorursunuz isə, mən "ikincisini" haqq bilirəm. Həqiqət, belə də hekayə olarmı? Uzunqulaqdan söhbət edib də vəzirin barəsində söyləyəsən. Belə məqalələr oxumaqdansa, vaxtı itirməyib "hekayələr" oxumalı. Bu da bizim 20-ci qərinədə verilən qəzetlər!

Qəh, qəh, qəh!....

Əcəba! Nə səbəbə gülürsünüz, əfəndim! Elə bilirsiniz mən həmişəki kimi bu sözləri də kinayə ilə söyləyirəm? Fikir edirsiniz, mən zarafat edirəm? Yox! Əbəs yerə dişinizi ağartmayınız! Doğrudur, keçmişdə mən kinayə ilə yazır idim, yaxşıya yaman deyib, yamana yaxşı deyir idim, lakin qarelərim məni anlamadılar, bir böyük şeymi! "Molla Nəsrəddin" babamızı da bu həftə anlamadılar, "mütrib"lərin şəklini görüb bir neçə adamların ağızlarından su axdı.... Sağ olsun "Molla Nəsrəddin!" deyib də "qara tanımayanlar" da nömrələri alırlar. Onlar elə fikir etdilər ki, guya Molla əminin bundan xoşu gəlib çəkibdir.

Belə şeyləri görüb də biz daha istehza, kinayə işlədərikmi? Xeyr, onlar keçmiş əhvalatdır. Keçmişdə çox da şey olubdur. Çox da xətalar etmişik, nə olsun? Keçmişdə müəllimlər də bir-birinə bərəks fikirdə, qanacaqda idilər. Məsələn, müəllimləri kəndi işlərindən ötrü, ümumi dərdlərinə əlac aramaqdan ötrü bir məclisə dəvət edəndə "bir parası" dəvətnamənin üstə yazırmış: "görəsən plov da olacaqmı?" Ya xeyr: Biri "yetər xabi-qəflətdə qalmağımız, gərək işləyək, dövlətə ümid bağlamaq olmaz. Bizə lazım şeyləri tələb edək, verməsə güc ilə alaq! İndi aləmi-hürriyyətdir, qorxmamaq!" ... belə sözləri deyirmiş. Fəqət bir qeyrisi bundan "ağıllı", "fərasətli", "qeyrətli", yoldaşına baxıb da gülürmüş: ay biçarə, aldığın çoxca məvacib, üç-dörd müftə otaq, müftə odun, müftə çıraq, müftə qulluqçu, hər ildə,"çox zəhmətlərdən" sonra "azarlayıb" şəhər kassasından aldığımız "pasobiya" qarnımızımı dəlir?! Bizə nə düşübdür özümüzü bəlaya salaq? Millət qeyrətini gərək bizmi çəkək? Arxayın ye, iç, kef çək. Kim-kimədir? Axı, hünərimiz nədir, dövlətdən biz bir şey tələb edək? "Bayılı" görmürsənmi? Daha qoymazsınızmı bir doyunca şəhərin pullarından xərc edək? Həm də "tərəqqi" edək ... belə iki bir-birinə bərəks qanacaqdan görürsünüz bir iş törədimi?

Aləmi-hürriyyət olmağa görə belə "ağıllı", "qeyrətli" müəllimlər "naçalniklərin" fəndlərinin altında davam gətirməyib hünərli yoldaşlarına yavuqlaşırlar. Yavuqlaşıb da ittifaq edirlər. İttifaq etdikləri üçün zəif ağıllılar arada məhv olurlar. Qanacaqları bərəks də olsa, kəndilərini bir tövr sürüyürlər.... Bir vaxtadək.... Sonra zəmanə özü onları yarı yolda qoyur....

Bəli, belə adamları çarəsizlikdən zəmanəyə tapşırırsız, lakin camaatımız olsa zəmanədən qabaq başımıza çarə qılarıq. Camaat kəndi başının ağrısını hiss etsə, belə "cənablara" deyər: yetər, müftəxor cənablar! Siz ayın 20-ni gözləyirsiniz. Millətin pulunu aşırıb da ona xəyanət edirsiniz. Çıxınız aradan, millət qeyrəti çəkənlərə yol veriniz!

Belə hünəri, qanacağı camaatdan biz hələ gözləmiriz. Məst halətdə olandan nə gözləmək? Nə verdiyini anlayır, nə aldığını, nə oturmağını bilir, nə durmağını.

Bu barədə Gəncə faytonçuları ilə Bakı faytonçuları da qanacaqda bir-birinə bərəksdirlər. Bizim faytonçular mağazaların qabağında durub müştəri bəkləyirlər, Gəncə faytonçuları restoranların, dükanların, qostinlərin qabağında dururlar. Səbəbini bilmirsinizmi?

Müxbirimiz cənab M.A. yazmağa görə məlum olur ki, restoranlardan çıxanlar çox "əliaçıq" olurlar, on qəpiyin əvəzinə iki manat verirlər....

Bizim faytonçular isə keflərindən qaçırlar. Görünür, qanacaqları o payəyə çatmayıb ki, bu elmi öyrənsinlər. Elmi insan insandan öyrənər. Bakı ilə Gəncənin arasında neçə yüz verst ola-ola bu "elmi" nə tövr əxz etmək? Aradan mümaniət gərəkdir götürülsün, "qanacaqlar" bərəks də olmuş olsa, qonuşsa bir-birindən istifadə edə bilərlər. Əxz edib də bir şey araya gələr. Məsələn: rus generallarının qanacaqlarına görə vaqonu "müqəddəs" adamların şəkilləri ilə, təsvirləri ilə doldurmasan, davada düşmənə qalib gəlmək olmaz. Ona binaən cənab Kuropatkin düşmənin müqabilinə şəkillərlə çıxdı; yaponların qanacağında düşmənə elmin gücü ilə qalib gəlmək olar, o da elmini meydana gətirdi. İkisi də bir fikirdə olsaydılar, yəqin ki, indiyədək yapon "ğişaları" şampanskini rus əfsərlərinin dövlətindən su yerinə axıdardılar. Kuropatkin də indiyədək "bildirçin" əti yeyə-yeyə kef çəkərdi. İndi rus vəzirləri həmin kefdən əl çəkə bilmirlər. Dumanın qanacağına indiki vəzirlər vətənin bədxahıdırlar, gərək aradan çıxsınlar, həqiqi vətənpərəstlərə yol açsınlar. Vəzirlər isə belə bir təklifdən utanmayıb fikir edirlər: bizsiz işlər yola getməz, biz Avropadan alınan pulu "gözləyiriz".

Bu iki bir-birinə bərəks qanacaq yəqin ki, bir zorba iş partladacaqdır! Biz qorxuruz haman "zorba iş" bugünlərdə (ayın 31-də) bizim şəhərdə də partlaya; qorxuruq "iki qanacağın" əvəzinə "dördü" meydana gələ.... Belə olursa. "Əlidən də, Vəlidən də" olmağımıza şübhə yoxdur.... Nə isə, qanacağımız bərəks də olsa, duma məsələsində bir fikirdəyiz: hamı özünü dumaya üzv olmağa layiq bilir ... millət, vətən, insaf, mürüvvət aradan götürülür. Bunların barəsində qeyri bir vaxtda fikir etmək olar. İndi ancaq şan-şövkət lazımdır. "Qoy desinlər Şahbudağın bağı var!".

Xülasə, nerəyə baxırsınız müdam müharibə görünür. Dürüst diqqət edərsiniz isə, hamı işlər iki bir-birinə bərəks qanacaqdan, fikirdən törənməyini düşünərsiniz. Müharibəsiz bir məmləkət, yəni bir aləm ki, orada hamının qanacağı, fikri bir ola, belə bir aləm gəzirsiniz isə, nəzərinizə "Çənbərəkəndinə" salınız. Orada həqiqət, hamı bir fikirli, bir qanacaqlı! Nə şikayət, nə elmi-ilahi, nə elmi-siyasi, nə duma, nə şan, nə şövkət, nə vətən dərdi, nə millət qeyrəti! Heç, heç bir şey yoxdur! Hamı bir fikir ilə, bir qanacaq ilə dolanacaq edib, qurdlara, ilanlara yem olarkən, yan-yana veriblər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info