Qonaq Kitabı
Hər kimin kim, rəhbəridir sidqü ixlasü səfa

 

Hər kimin kim, rəhbəridir sidqü ixlasü səfa,

Oldurur darın içində bəndeyi-Fəzli-xuda.

 

Sadiqil-qövlül-əmini istərisən sən bu gün,

Çün biləsən sadiqül-qövlül-əmini-Müstafa.

 

Cövrünə səbrü təhəmmül eyləgil müşriklərin,

Necə kim, gördü Rəsul ilə Əliyyül-Mürtəza.

 

Şərbəti-maü təhuru istər isən, qəm yemə,

Dövr əlindən zəhr nuş et, çün Həsən xülqi-riza.

 

Gər bu gün bunda susuzluqdan olursan sən şəhid,

Yarın onda həşr olursan ba Hüseyni-Kərbəla.

 

Taətin fövt etmə, şeytan gərçi yüz nur göstərir,

Qiblədən döndərmə üzün, necə kim, Zeynəl-Iba.

 

Şol Məhəmməd Baqiri gör şər’ bazarında kim,

Necə verdi hədyəni çün lütf ilə Allah ona.

 

Cə’fəri-Sadiq məratibin dilərsən, sadiq ol,

Sidq ilə bu yolda qul ol, bulasan mənzil ə’la.

 

Müddəi tə’ninə səbr et Museyi-Kazim kimi,

Həq bilir kim, həqq iləvü necə oldu macəra.

 

Gəl Əli, Musa Riza kimi həqin əmrini tut,

Necə kim həqdən gəlir canü könüldən çun riza.

 

Həm Təqi kimi vücudun mülkünü viran qılıb,

Bu fənada fani ol kim, bulasan mütləq bəqa.

 

Sirri-əsmadan xəbər bilmək dilərsən çün Nəqi,

Müttəqi ol, müttəqi ol, müttəqi ol, biriya.

 

Əsgəri kimi əgər nəfsin çərisin basasan,

Bigüman sənsən yəqin kim, maliki-hər dü səra.

 

Şol Məhəmməd Mehdi kimi ədl edib, cəhd edəsən,

Hiç gümansız məskən ola cənnətül-mə’va sana.

 

Ta ki, mən qıldım nəsihət uşbu xəlqə hər sözün,

Kim qəbul etdi bu və’zi, buldu həqdən çox əta.

 

Gecə-gündüz fikrü zikrim şahidü şəm’ü şərab,

Hər zəmanü hər nəfəsdir karü barım ahü va.

 

Şol Məhəmməd Mustafanın üz suyu çün, ya ilah,

Rəhmət etgil mən fəqirü asiyə ruzi-cəza.

 

Həm bu on iki imamın hörməti-həqqi üçün

Bu həva ilə məni yandırma fin-naril-zəla.

 

Ta səqahüm şərbətin içdi Nəsimi dər-əzəl,

Həqqi kəşf etdi rümuzi-sirri-əsmai-xuda.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info