Qonaq Kitabı
Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla

 

Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla,

Nəhvlə sərfi neylər ol, oldu şəhidi-Kərbəla.

 

Məntiq ilə məaniyi çox oxuma, bu gün yenə

Gəldi, gətirdi bigüman müdhəti-eşqi-həl-əta.

 

Rahəti-ruhi-canmısan, yoxsa pəri bu şəkl ilə

Kim, dünü gün oxur bu can surəti-lövhi-rəbbəna.

 

Qıldı nəzər bu canıma ol şəhi-layəzali-həyy,

Həyyi-qədimi-künfəkan gör ki, nədir bu gün sana.

 

Ol əzəli həbibi gör, ləmyəzəli təbibi gör,

Qıl canını fəda ana, gör bu süfatı basəfa.

 

Şirü şərabı ol verər canına bir nigah ilə,

Şirü şərabı içə gör, demə ki, ağudur mana.

 

Şəhd isə düşmənin əli, alma sunarsa ol balı,

İçmə əlində şəhdi sən, ol ki, xətadurur, xəta.

 

Möhnəti-eşqi-yar ilə gərçi çəkişsə can bu gün,

Günü budur, keçirməgil sən dünü günü pürbəla.

 

Çəkdi qəmin Nəsimiyi surət ilə məaniyə,

Can ilə kuşiş eylədi, buldu bu eşqdə səfa.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info