Qonaq Kitabı
Şirin hədisin hər sözü min gövhəri-yekdanədir

 

Şirin hədisin hər sözü min gövhəri-yekdanədir,

Ənvarına şəm’i-rüxün ay ilə gün pərvanədir.

 

Üzündür ol taban qəmər, k’ənvari-tabından anın

Xurşidü mahın məş’əli daim tutuşmuş, yanədir.

 

Dövründə eynin sağəri sahibtəriqət salikin,

Piri-muğan oldu adı, sərhəlqeyi-meyxanədir.

 

Təsbih ilə səccadəyi əldən burax, ey müttəqi,

Şol zülfü xala bax, anı gör kim, nə damü danədir.

 

Aşiqlərin cananəsi həqdir, həqə ver canını,

Neçin ki, cansız qalısər ol can ki, bicananədir.

 

Eşqin hədisin gəl eşit, əfsanəyə aldanma kim,

Qur’an satan hər vaizin nəqli uzun əfsanədir.

 

Düşməz xumarın rəncinə vəhdət meyindən ta əbəd,

Şol məsti-həq kim, saqisi ol nərgisi-məstanədir.

 

Şirin ləbidir dilbərin vəhdət meyin peymanəsi,

Ey zahid, ol peymanədən məst ol ki, xoş peymanədir.

 

Şol surəti-rəhmana ol sacid ki, mərdud olmadı

Ol əhli-həq kim, səcdəsi şol surəti-rəhmanədir.

 

Arif biləndir rəbbini, gəl rəbbini gör, arif ol,

Həqdən bu gün məhcub olan şeytan kimi biganədir.

 

Mişkin saçın zəncirinə düşdü Nəsimi, ey sənəm,

Zənciri-zülfün qeydinə seyd olmayan divanədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info