Qonaq Kitabı
Həmdüllillah kim, camalından cahan pürnurdur

 

Həmdüllillah kim, camalından cahan pürnurdur,

Şol cəhətdən mülki-can viranəsi mə’murdur.

 

Yeddi ayətdir ki, yazmış dəsti-paki-ləm-yəzəl,

Xətti-mişkin rəqqi-mənşur üstünə məsturdur.

 

Oxuyan hərfü kitabü xəttin, ey can, bildi kim,

Əhmədə tahavü yasin, Musaya vət-turdur.

 

Qibləyi əhli-səfa dedi əmini-ənbiya,

Səcdə bil kim, qibləsiz cayiz degil, məşhurdur.

 

Kim ki, can tərk etmədi yolunda gerçək dilbərin,

Gər ənəlhəq söyləsə sən sanma kim Mənsurdur.

 

Fatihə, sövmü səlatü rövzeyi-Darüssəlam,

Xazini-əbvabi-cənnət həm nəimü hurdur.

 

Qaməti sərvü sözü şəkkər, ləbi abi-həyat,

Surəti həqdir, üzü gör kim, nə xoş mənzurdur.

 

Həqqə minnət, çün Nəsimi buldu vəslindən bərat,

Şol cəhətdən dəmbədəm bu suz ilə məsrurdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info