Qonaq Kitabı
MÜSƏLMAN MÜƏLLİMLƏRİ YIĞINCAĞI MÜNASİBƏTİLƏ BİR NEÇƏ SÖZ

 

(“Müsəlman müəllimləri yığıncağı münasibəti ilə bir neçə söz “məqaləsi “Həyat” qəzetinin 12 may 1906-cı il tarixli 109-cu nömrəsinin 3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur). 

 

Bir neçə ay bundan müqəddəm Qafqaz qəzetlərinin yazmağına görə belə məlum olurdu ki, cənab Katolikos milli erməni müəllimləri üçün bir yerə yığılıb ictimai (syezd) etməyi vacib bilibdir. Bu ictimadan məqsəd Qafqazda erməni müəllimlərinin bir müəyyən vaxta Eçmiadzinə cəm olub məktəblər barəsində öz təsəvvürlərini söyləməkdir. Bu məclisdə ümumi bir proqramma düzəldib zəmanənin təqazasına görə hərəkət etmək istəyirlər... Erməni milləti, xah ruhaniləri, xah camaatı ibtidai olan kəndi millətinin xoşbəxtliyini məktəbdə görüb, onun hər cəhətdən tərəqqi tapmağına böyük qeyrət və hümmət göstərirdilər. Məktəbdən məhrum olan kənddə öz xərcləri ilə məktəblər açıb, bu əmr üçün dövlətə müraciət etmirlər. Məktəblər ermənilərin öz əllərində olub, istədikləri qayda-qanun ilə dərs verirdilər. Ana dilini uşaqlar üçün vacib bilib, bu barədə böyük tərəqqi göstərmişdilər. Müəllimlərə artıq hörmət edib, onların hər cəhətindən dərdlərinə əlac edirdilər. Müəllimlər isə camaat tərəfindən artıq mehribanlıq görüb, öz işlərinə can yandırırdılar...

İndi cənab Katolikosun fikri ilə meydana gələn ictimai milli məktəblərin daha ziyada tərəqqi tapmağına səbəb olacaqdır...

İndi biz kəndi məkləblərimizin barəsində nə söyləyə biləriz? Ya ruhanilərimiz, ya camaat tərəfindən lazım olan həmiyyət, hümmət göründümü? Bir neçə şəhərdə iki cüt bir tək şəhər xərcinə açılan məktəblərimi nəzərə alıb təsəlli tapacağız? Yox, əfəndim, bu barədə heç bir şey söyləməməli... Fəqət qeyrilərinə baxıb da dərsi-ibrət almalı! Vaxt keçibsə də, ittifaq edib qabaqda gedən qonşuları elm və fənndə, sənətdə təqib etməli, yüyürüb onlara çatmalı! Yoxsa getdikcə qaranlıqda qalıb işlərimiz fəna, özümüz xar və zəlil olacağız. Başımız hər nədənsə vurulan toppuzlara əcəb davam edir.

İndi üzümüzü ruhanilərə, hatəmlərə, ədiblərə və hamı oxumuşlarımıza tutub deyiriz: Bakı müsəlman müəllimləri avqust ayında Bakıda Qafqazda müsəlman müəllimləri üçün syezd düzəltmək fikrindədirlər. Bunlar bir yerə yığılıb dərdləşəcəklər, bir-birilə qovuşacaqlar. Ümumi bir proqramma düzəldib, ittifaq ilə iş görəcəklər... haman məclisdə millətin ümumi qüsurlarını diqqətlə alıb, dərdimizə əlac arayacaqlar...

Bu gözəl fikirləri əncama gətirmək üçün camaat tərəfindən hümmət, həmiyyət və qeyrət lazımdır. Ruhanilər bu barədə vəz gərək etsinlər. Köhnə ata-baba məkləblərində təzə qayda ilə (üsuli-cədid ilə) dərs verməyə məktəbdarları vadar etsinlər. Hər şəhərdən, hər kənddən Bakı ictimainə heç olmasa bir məktəbdar göndərsinlər.

Zənginlərimiz pul ilə kömək gərəkdir etsinlər. Kasıb müəllimlərimiz çoxdur, ya Bakıya gəlməyə və yainki Bakıda syezdin axırınadək keçməyə qüvvələri kafi deyildir. Bu barədə kömək etməklə, laməhala, hər şəhərdən və hər uyezddən bir müəllim gəlsin, tainki syezdin fikir və qərarı Qafqazın hər tərəfində intişar tapsın...

- Mühərrirlərimiz və qeyri oxumuşlarımız bu barədə kəndi fikirlərini qəzetlərdə yazıb, sizin üçün lazım gələn məlumatı izah etsinlər...  Xülasə, hər kəsin qüvvəsi nəyə çatırsa, əlindən nə gəlirsə dərc etməsin gərək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info