Qonaq Kitabı
Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir

 

Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir

Kim, anın afitabından iki aləm münəvvərdir.

 

Üzün xəttindən, ey huri, bəyani-küntü kənz eylər,

Təaləllah, zəhi dəftər, bu dəftər qanğı dəftərdir?

 

Rüxün xəttilə xalından çəri çəkmişdir, ey dilbər,

Zəhi şahzadəyi-ə’zəm ki, xoş uğurlu ləşkərdir.

 

Nə rə’na sidrədir, yarəb, boyun aləmdə, ey huri

Kim, anın qəddi-balası yedi iqlimə sərvərdir.

 

Yedi xəttin kitabından, səkiz cənnət əyan oldu,

Bu vəch ilə yəqin oldu ki, ol zati-mütəhhərdir.

 

Xəyalımdan deyil xali xəyalın xeyli bir saət,

Həmişə surətin nəqşi bərabərdə müsəvvərdir.

 

Ləbin camından ol can kim, Xızırtək irdi məqsuda,

Çıxa gəldi çü zülmətdən, bu gün adı Skəndərdir.

 

Bəbəktək bəslədim daim gözümdə xali-hindunu,

Bəbək şoylə əziz olmaz kim, ol xali-müdəvvərdir.

 

Nəsimi, Fəzlin-Allahın üzün nurunda çün gördü,

Təvafi-Kə’bə xətm oldu, səfavü həcci-əkbərdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info