Qonaq Kitabı
Vəhdətin şəmsi üzündür, laməkanı göstərir

 

Vəhdətin şəmsi üzündür, laməkanı göstərir,

Zi kəmali-nəqşi-qüdrət bu nişanı göstərir.

 

Sureyi-səb’ülməsanidir, camalın, ey günəş,

Surəta mə’ni mənə səb’ülməsani göstərir.

 

Zilli-sanidir saçın, inna ileyhür-raciun,

Qül kəfanın afitabı xoş məani göstərir.

 

Hüsnünə heyran olubdur mahü xurşidi-səma,

Mahü xurşidin camalı bu bəyanı göstərir.

 

Mə’dəni-lö’lö dişindir, cövhəri bilməz anı,

Cövhəri cövhər nə bilsin kim, dəhanı göstərir.

 

Vəl-qələmdən kafü nunun katibi şəqq eylədi,

Cə’bədən şəqqül-qəmər gör kim filanı göstərir.

 

Laməkanidir vücudun, qül təbarək, ya həbib,

Gəl məkanı gör, məkansız kün-fəkanı göstərir.

 

Eşq meydanında gəl, də’vi nədir, ey pirhünər,

Də’viyə mə’ni gərəkdir, tərcümanı göstərir.

 

Cənnətin mülkünə düşmüşdür Nəsimi la-yəzəl,

Dari-üqbada məgər ruhi-rəvanı göstərir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info